Xəbərlər
Prezident İlham Əliyev: Azərbaycan bu gün dünya miqyasında böyük hörmətə malik olan ölkədir
Azərbaycan 2015-ci ildə də bütün istiqamətlər üzrə uğurlu inkişaf dinamikasını saxlaya bilmişdir. Bizim beynəlxalq nüfuzumuz böyük dərəcədə artmışdır.
Bu fikri Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda bildirib.
“Keçən il mən 20 xarici səfər etmişəm - rəsmi və işgüzar səfər. Azərbaycana 15-dən çox xarici dövlət və hökumət başçısı səfər etmişdir. Bu, özlüyündə bir göstəricidir. Bu onu göstərir ki, Azərbaycan beynəlxalq aləmdə çox fəal rol oynayır və Azərbaycana dünyada çox böyük rəğbət var. Bunu mən hər dəfə xarici səfərlərdə olarkən görürəm. Bu dəfə Davos Forumunda iştirak edərkən bir daha gördüm ki, ölkəmizin siyasətinə, mövqeyinə, prinsipiallığına, əldə edilmiş uğurlarımıza çox böyük rəğbət, hörmət var. Azərbaycan bu gün dünya miqyasında böyük hörmətə malik olan ölkədir”, - deyə dövlətimizin başçısı diqqətə çatdırıb.
Beynəlxalq təşkilatlarla əməkdaşlığımızın uğurla davam etdirildiyini söyləyən Prezident İlham Əliyev vurğulayıb ki, üzv olduğumuz təşkilatlar çərçivəsində fəaliyyətimizi gücləndiririk. Bütün başqa təşkilatlarla da münasibətlərimizi qarşılıqlı hörmət əsasında qurmuşuq və bu münasibətləri dərinləşdirmək istəyirik. Azərbaycan Prezidenti 2016-cı ildə beynəlxalq təşkilatlarda fəaliyyətimizin daha da sürətlə aparılacağını bildirib.