Xəbərlər
İsa Həbibbəyli: «Elm haqqında» qanun layihəsinin təkmilləşdirilmiş variantının hazırlanması başa çatmaq üzrədir
«“Elm haqqında” qanun layihəsinin üzərində 7 ilə yaxın müddət ərzində işlənilib və layihə Milli Məclisdə birinci oxunuşda qəbul edilib. Hazırda bu layihənin müasir dövrün tələbləri baxımından təkmilləşdirilməsi zəruridir». Bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.
İ.Həbibbəyli bildirib ki, komitə iki aya yaxın müddət ərzində müvafiq dövlət qurumlarının mütəxəssisləri ilə məsləhətləşməklə layihə üzərində yenidən işləyib. Onun sözlərinə görə, “Elm haqqında” qanun layihəsinin yeni hazırlanan variantında elmi fəaliyyətlə məşğul olmaq üçün qoyulan məhdudiyyətlər götürülür. “Elm haqqında” qanun layihəsinin bundan əvvəlki variantında elmi fəaliyyətin məhdudlaşdırılması ilə bağlı ayrıca bölmənin olduğunu deyən komitə sədri qeyd edib ki, həmin layihəyə görə elmi fəaliyyətin bəzi növlərinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada məhdudiyyətlər qoyula bilərdi.
«Amma bu gün elmi fəaliyyətin məhdudlaşdırılmasına ehtiyac yoxdur. Həmin bölmə layihədən birdəfəlik çıxarıldı. Çünki elm yaradıçılıq işidir, daha çox müstəqil düşüncə tələb edir. Qanun layihəsinin təkmilləşdirilmiş variantının hazırlanması artıq başa çatmaq üzrədir. Yanvarın sonunadək “Elm haqqında” qanun layihəsinin yeni variantı komitədə müzakirə ediləcək və layihənin ikinci oxunuşda qəbulu məqsədilə Milli Məclisin yaz sessiyasının gündəliyinə daxil edilməsi üçün təqdim ediləcək»- deyə, komitə sədri vurğulayıb.