YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanı və ATƏT-i birləşdirən dəyərlər Avropada təhlükəsizliyin təmininə xidmət edir

Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova yanvarın 25-də qurumun sədrinin müavinləri Georgi Tseretelinin və Kent Harstedtin başçılıq etdiyi, ATƏT PA-nın baş katibi Roberto Montellanın daxil olduğu nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Bahar Muradova Azərbaycanı və ATƏT-i birləşdirən ümumi dəyərlərin Avropa regionunda təhlükəsizliyə və əməkdaşlığın təmin olunmasına xidmət etdiyini söyləyib. Bildirilib ki, Azərbaycanın ATƏT ilə uzun illər ərzində əməkdaşlığı bu dəyərlərin regionda, o cümlədən ölkəmizdə qorunması və inkişafı işinə töhfə verir. ATƏT və Azərbaycan arasındakı əməkdaşlığı yüksək qiymətləndirən Bahar Muradova gələcək ümumi hədəflərin olduğunu da diqqətə çatdırıb. Milli Məclis sədrinin müavini Azərbaycanın ümumi dəyərlərin qorunub saxlanması uğrunda daim mübarizə aparacağını vurğulayıb.

Söhbət zamanı Bahar Muradova diqqəti Azərbaycanda parlament seçkilərinin yüksək səviyyədə keçirilməsinə cəlb edib. O bildirib ki, səsvermənin gedişini izləyən beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası Parlament Assambleyası seçkilərin demokratik şəraitdə, beynəlxalq standartlara uyğun keçdiyini bəyan edib. Bildirib ki, ən əsası Azərbaycan seçiciləri bu seçkilərin nəticələrindən razıdırlar və artıq Azərbaycan parlamenti fəaliyyətdədir.

Milli Məclis sədrinin müavini qeyd edib ki, hazırda qlobal iqtisadi böhran, onun müxtəlif regionlara, o cümlədən ATƏT-ə ciddi təsirləri iqtisadi çətinliklər yaratmaqla bərabər, digər problemlərin, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini müəyyən mənada çətinləşdirir. Ona görə də bu çətinliklərin həllinə çalışmalıyıq.

Görüşdə ATƏT Parlament Assambleyası sədrinin müavini Georgi Tsereteli Azərbaycan nümayəndə heyətinin ATƏT PA-da kifayət qədər güclü səsi olduğunu deyib. O bildirib ki, bütün bunlar həm Azərbaycanın, həm də nümayəndə heyətinin fəaliyyətinin dəyərini olduqca artırır. G.Tsereteli ATƏT ilə Azərbaycan arasındakı əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini qeyd edib.

Parlament Assambleyası sədrinin müavini Dağlıq Qarabağ probleminin, ümumiyyətlə cəbhə xəttindəki gərginliklərin ATƏT-i narahat etdiyini söyləyib.

 

DİGƏR Xəbərlər Arxiv