YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Maliyyə naziri: 2016-cı ilin dövlət büdcəsində neftin qiyməti 25 dollar səviyyəsində götürülə bilər

2016-cı ilin dövlət büdcəsinə dəyişikliklər zamanı neftin qiyməti bir barrel üzrə 25 ABŞ dolları səviyyəsində götürülə bilər.

Bu barədə maliyyə naziri Samir Şərifov bildirib.

"2016-cı ilin dövlət büdcəsi və icmal büdcənin gəlirləri hesablanan zaman neftin qiyməti bir barrelə görə 50 dollar səviyyəsində götürülüb. Hazırda isə biz 2016-cı ilin dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı əsas kimi bir barrel üzrə 25 ABŞ dolları səviyyəsini götürmək istəyirik", - deyə maliyyə naziri qeyd edib.

Ötən ilin dekabrında manatın növbəti ucuzlaşması dövlət büdcəsi xərclərində də bir sıra dəyişikliklərin edilməsini zəruri edib: Söhbət, ilk növbədə, bizim xarici valyutada ifadə olunan xərclərdən gedir. Yəni biz xarici borclara xidmət edilməsi ilə bağlı xərcləri, xaricdəki diplomatik nümayəndəliklərimizin xərcləri, beynəlxalq təşkilatlara olan üzvlük haqlarımız və xarici valyutada ifadə olunmuş buna bənzər öhdəliklərimizi yeni reallığa uyğun olaraq manat-dollar məzənnəsi nəzərə alınmaqla dövlət büdcəsində əks etdirməliyik. Bizim manat ifadəsində dövlət büdcəsində təsdiq etdiyimiz səviyyələr bunun üçün kifayət deyil. Məhz buna görə biz büdcədə əlavə xərclər nəzərdə tutmalıyıq. Bunun üçün müvafiq maliyyə təminatı yaratmalıyıq.

Digər tərəfdən manatın devalvasiyası ilə əlaqədar müəyyən inflyasiya təzyiqləri, bəzi qiymətlərin artması və s. mövcuddur Bunların əhalinin ən həssas qruplarına mənfi təsirinin yumşaldılması məqsədilə dövlət tərəfindən müəyyən tədbirlər görülür.

Nazir bildirib ki, dövlət başçısı tərəfindən artıq bir sıra sərəncamlar imzalanıb. Bunların bir hissəsi təqaüdçülərin sosial müdafiəsinin gücləndirilməsinə, digərləri isə əmək haqlarının artımına yönəlib. Bir sıra yeni sərəncamların da imzalanması gözlənilir. Bunlar da, əsasən sosial sahəyə yönələcək. Burada işsizlik müavinətlərinin artırılması, ünvanlı sosial yardıma əlavə vəsaitin dövlət büdcəsindən ayrılması, müəyyən müvafiq sosial müavinətlərin artırılması, tələbələrin təqaüdlərinin artırılması nəzərdə tutulub. Bütün bu artımların edilməsi üçün də dövlət büdcəsində vəsait olmalıdır. Çünki təsdiq olunmuş büdcədə bu vəsait mövcud deyildi. Bu artımların maliyyə təminatının yaradılmasına da yenidən baxılacaq və bu, dövlət büdcəsində öz əksini tapmalıdır. Dövlət büdcəsində bu məqsədlərə 1 milyard manatdan çox vəsaitin ayrılması nəzərdə tutulur.

Maliyyə naziri deyib: "Dövlət büdcəsinə yenidən baxılmasının digər səbəbi, nəzərdə tutulan bəzi gəlir mənbələrindən daha az gəlir əldə ediləcəyi ilə bağlıdır. Azərbaycanda fəaliyyət göstərən beynəlxalq neft konsorsiumları dövlət büdcəsinə mənfəət vergisi ödəyirlər. Bu vergi onların əsas fəaliyyət sahəsi olan neft-qaz sektorundan asılıdır. Bu sahədə də vəziyyət artıq məlumdur. Bununla əlaqədar müxtəlif proqnozlar var ki, qiymət bir qədər də aşağı ola bilər. Amma ilin ikinci yarısında qiymətin artması ilə bağlı proqnozlar da var. Bununla əlaqədar bizim neft sektorundan gəlirlərimiz şübhəsiz ki azalacaq. Bu gəlirlərin bir qismi xarici valyutada olduğuna görə, bunun bir hissəsi yumşalır. Ona görə ki, xarici valyutanın məzənnəsi artıb. Manat ifadəsində biz daha çox manat əldə edəcəyik. Buna baxmayaraq, biz beynəlxalq konsorsiumlardan və SOCAR-dan 200 milyon manat az vəsaitin daxil olmasını proqnozlaşdırırıq.

Nazir, eyni zamanda, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi xətti ilə toplanan daxilolmalara da yenidən baxıldığını bildirib. Diqqətə çatdırılıb ki, bu yenidənbaxma, ilk növbədə, manatın məzənnəsini dəyişməsi ilə bağlıdır. Çünki bəzi mallar ölkəyə xarici valyutada idxal edilir. Bunların manatda ifadəsi daha yüksək olduğuna görə daha çox gəlir əldə oluna bilər. Eyni zamanda, hesab edirik ki, manatın devalvasiyası Vergilər Nazirliyi xətti ilə daxilolmalarda müəyyən inflyasiya yaradacaq. İqtisadiyyat Nazirliyinin yenilənmiş sosial-iqtisadi proqnozunda inflyasiya 10-12 faiz səviyyəsində götürülüb. Ona görə bunu da nəzərə almaqla hesab edirik ki, vergilər sahəsində də inflyasiya hesabına oxşar əlavə gəlirlər əldə oluna bilər.