YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır

“2015-ci ildə dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi nəticəsində neft ixrac edən ölkələr bəzi çətinliklərlə üzləşmişlər. Neftin qiymətinin düşməsi bu gün də davam edir. Biz 2016-cı ildə də bu prosesi müşahidə edirik. Son bir il ərzində neftin qiyməti 4 dəfə düşmüşdür. Yəni, bütün neft ixrac edən ölkələrin gəlirləri böyük dərəcədə azalmışdır. Təsəvvür edin, əgər hər hansı bir ailədə gəlirlər 4 dəfə aşağı düşürsə, əlbəttə ki, o ailədə ailə büdcəsinə yenidən baxılmalıdır. Təbii ki, Azərbaycanın gəlirlərinin böyük hissəsi neftlə bağlıdır. Biz uzun illərdir çalışırıq ki, neftdən asılılığı azaldaq. Buna müəyyən dərəcədə nail ola bilmişik. Ancaq hələ ki, buna tam nail ola bilməmişik. Belə olan halda neftin qiymətinin aşağı düşməsi bizim iqtisadi vəziyyətimizə mənfi təsir göstərir. Hər bir ölkə və hər bir ailə ayağını yorğanına görə uzatmalıdır. Deyə bilərəm ki, Azərbaycan bu vəziyyətdən çıxmaq üçün çox ciddi addımlar atır. Bizimlə eyni vəziyyətdə olan ölkələr arasında bu böhranlı vəziyyətdən Azərbaycan ən az itkilərlə çıxa bilmişdir”.  Bu fikirləri yanvarin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə səsləndirmişdir.

Prezident İlham Əliyev qeyd etmişdir ki, verilən tapşırıqlar mütləq yerinə yetirilməlidir. Belə olan halda Azərbaycan iqtisadiyyatı 2016-cı ildə də öz templərini saxlayacaq və bu çətin vəziyyətdən ölkəmiz şərəflə çıxacaqdır. Biz əvvəllər bundan da çətin vəziyyətlərlə üzləşmişik. Azərbaycan xalqı və Azərbaycan dövləti buna oxşar bütün belə məqamlarda güclü iradə nümayiş etdirmişdir. Biz müstəqil dövlət quruculuğu işində çox böyük uğurlara nail ola bilmişik. Bu gün Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən ölkədir. Son 10 il ərzində dünya miqyasında Azərbaycan qədər sürətlə inkişaf edən ölkə olmamışdır. Bu, həqiqətdir, reallıqdır və bunu bütün göstəricilər təsdiqləyir. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycanda əldə edilmiş uğurlar daim qeyd edilir.

“İlk növbədə, biz insanların sosial müdafiəsi məsələlərini daim diqqətdə saxlamalıyıq. Əslində bu, bizim siyasətimizin əsas istiqamətlərindən biri olmuşdur. Azərbaycanda çox genişmiqyaslı sosial siyasət aparılır. Dəfələrlə bəyan etmişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Son illər ölkədə aparılan işlərin əsas məqsədi Azərbaycan vətəndaşının rifah halını yüksəltmək, işsizliyi, yoxsulluğu aradan qaldırmaq idi” – deyə, Prezident İlham Əliyev qeyd etmişdir.

DİGƏR xəbərlər Arxiv