Xəbərlər
ATƏT-in yeni sədri: Münaqişə bölgələrində gərginliyin azaldılması əsas məqsədlər sırasındadır
Yanvarın 14-də Vyanada ATƏT-in Daimi Şurasının xüsusi iclasında təşkilatın fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayerin inauqurasiya mərasimi keçirilib. Tədbirdə F.V.Ştaynmayer ölkəsinin sədrlik dövrü üçün prioritet istiqamətləri barədə çıxış edib.
O, ATƏT-ə sədrlik edəcəyi dövrdə ölkəsi üçün prioritet təşkil edən məsələlər sırasında təhlükəsizlik və sabitliyin təşviqini xüsusilə ön plana çəkib, böhranlar və çağırışlarla zəngin hazırkı dövrdə bütün sferalarda dialoqun inkişafı, etimadın bərpası və təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayıb.
ATƏT məkanındakı münaqişələrin etimad və təhlükəsizliyə ciddi zərbə vurduğunu qeyd edən xarici işlər naziri ölkəsinin sədrliyi dövründə dialoqun inkişafı, etimadın bərpası və təhlükəsizliyin təmin edilməsinin əsas prioritetlər olacağını elan edib.
Sədr ATƏT məkanındakı münaqişələrin həlli barədə danışarkən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O deyib ki, Almaniya bir tərəfdən ATƏT-in sədri, digər tərəfdən Minsk qrupunun üzvü kimi münaqişənin nizamlanması üçün razılaşmanın əldə edilməsində həmsədrlərin fəaliyyətini dəstəkləyəcək. Sözsüz ki, bütün cəhdlər intensivləşdirilməlidir. Biz qoşunların təmas xəttindəki və Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətdən narahatıq. Deeskalasiya ən təxirəsalınmaz hədəf olmalıdır. Buna görə də həmsədrlərin atəşkəsin pozulmasının araşdırılmasına dair mexanizmin hazırlanması təşəbbüsünü dəstəkləyirik.
Sədr münaqişə bölgələrində gərginliyin azaldılmasının və eləcə də ATƏT-in sahə missiyalarının fəaliyyətinin genişləndirilməsinin əsas məqsədlər sırasında olduğunu qeyd edib.