Xəbərlər
17 oktyabr Azərbaycanın tarixində əbədi qalacaq
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
17 oktyabr Füzuli Şəhəri Günüdür. 30 ilə yaxın davam edən işğal dövründə tamamilə dağıdılan Füzuli şəhəri hazırda Azərbaycanın ən sürətlə dirçələn və müasirləşən mərkəzlərindən birinə çevrilib. 44 günlük İkinci Qarabağ müharibəsinin hər günü tariximizə zəfər günləri kimi yazıldı. Elə bir gün olmadı ki, dövlətimizin başçısı İlham Əliyev hansısa şəhərin, kəndin və qəsəbənin işğaldan azad edilməsi müjdəsini verməsin. Hər gün irəli gedən Azərbaycan Ordusu qazandığı qələbələrdən daha da ruhlandı. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 17 oktyabr 2020-ci il tarixdə xalqa müraciətində bu müjdəni verdi: “Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir. Son günlər ərzində mən xalqıma xəbər verərək, yeni azad edilmiş kəndlərin adlarını açıqlamışdım. Bu gün də böyük məmnunluq hissi ilə, böyük sevinc hissi ilə azad edilmiş növbəti yaşayış məntəqələrinin adlarını əziz xalqıma çatdırmaq istəyirəm. Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!”
Cənab İlham Əliyev həmin müraciətində bu çağırışı da etmişdir ki, bu gün tarixi bir gündür. On yeddi oktyabr nəinki füzulililərin xatirəsində Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. Bu gün biz hamımız, bütün Azərbaycan xalqı xalqımızın, dövlətimizin ən parlaq səhifəsini yazırıq, birlikdə yazırıq. Biz bu gün həmrəylik, qarşılıqlı dəstək, birlik göstərək bu şanlı tarixi yazırıq. Biz xoşbəxtik ki, bu anları yaşayırıq. Ancaq bu anları səbirsizliklə gözləyən, həyatdan gedən on minlərlə bizim qaçqın, köçkünümüz əfsuslar olsun ki, bu günləri görməyib. Ancaq bu gün əminəm ki, onların ruhu şaddır. Çünki onların doğma dədə-baba torpaqları işğalçılardan azad edilib.
Azad Füzuli müasir tələblərə uyğun olaraq yenidən qurulur. Cəmi 8 ay ərzində tikilən Füzuli Beynəlxalq Hava Limanı, Qarabağın mühüm yollarından olan Zəfər Yolu və yeni çəkilən digər yollar şəhəri regionun əsas nəqliyyat qovşağına çevirir. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il 18 martda “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib. Prezident İlham Əliyevin xüsusi diqqəti nəticəsində rayonda “Füzuli” yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, həmçinin Köndələnçay su anbarları kompleksi istifadəyə verilib. Cənab İlham Əliyevin tarixi Zəfərimizdən dərhal sonra 16 noyabr 2020-ci il tarixində Füzuli rayonuna ilk səfəri ilə başlanan bərpa-quruculuq işlərinin miqyası genişdir. Bu günədək rayona 25 səfər edən dövlətimizin başçısı İlham Əliyev hər səfərində yeni sosial obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak etmiş, görülən işlərlə yaxından tanış olub.
2023-cü il avqustun 18-dən etibarən Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlanmışdır və bu proses artan templə davam edir. İlkin mərhələdə 144 ailə köçürülüb. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində çətin şəraitdə yaşayan ailələrdir. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı 2024-cü il yanvarın 24-də Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salınıb. 2026-cı il oktyabrın 1-dək Füzuliyə 827 ailə, 3153 nəfər köçürülüb. Təbii ki, bu, son deyil. Keçmiş məcburi köçkünlərin dogma yurd-yuvalarına qayıdışı mərhələli şəkildə həyata keçirilir. Dövlətimizin başçısı İlham Əliyevin Füzuli şəhərinin və kəndlərin işğaldan azad edilməsi müjdəsini özündə ehtiva edən 17 oktyabr 2020-ci il müraciətində əminliklə söylədiyi “Biz Füzuliyə qayıdacağıq, biz bütün kəndləri yenidən quracağıq, abadlaşdıracağıq. O kəndlərə həyat qayıdacaq. Necə ki, vaxtilə Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli rayonunun 22 kəndini işğaldan azad edib, o cümlədən Horadiz qəsəbəsini. İndi baxın, görün necə gözəl məkandır. Horadiz qəsəbəsi çox abad, müasir şəhərə çevrilibdir. İşğaldan azad edilmiş kəndlərdə füzulililər yaşayır. Deyə bilərəm ki, bu günə qədər işğaldan azad edilmiş kəndlərdə Füzuli əhalisinin təqribən yarısı məskunlaşıbdır. Ancaq bu gün artıq füzulililərin yaşadıqları kəndlər azad edilib və oraya həyat qayıdacaq, onlar qayıdacaqlar, onlar orada yaşayacaqlar, öz əcdadlarının qəbirlərini ziyarət edəcəklər. Orada bərpa olunacaq məscidlərdə azan səsi eşidiləcək” fikirləri artıq reallıqdır.
