YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq hüquqa sadiqlik Azərbaycan və Kambocanı birləşdirən əsas amillərdəndir

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfər etdi. Səfər çərçivəsində müzakirə edilən məsələlər, imzalanan sənədlər, mətbuata bəyanatlarda səsləndirilən fikirlər 30 ildən artıq diplomatik əlaqələrə malik olan Azərbaycan-Kamboca münasibətlərinin gələcək inkişafının aydın mənzərəsini təqdim etdi. Həmçinin səfər çərçivəsində Azərbaycan-Kamboca Biznes Forumu keçirildi. Bu forum hər iki ölkənin iqtisadi, investisiya imkanlarının təhlilinə geniş imkanlar yaratdı. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın və Kambocanın çoxsaylı şirkətlərinin iştirakı ilə keçirilən biznes forumu bir-birimizi, mövcud imkanları, iqtisadi və investisiya prioritetlərimizi daha yaxından tanımağa, sıx iqtisadi əməkdaşlığın qurulması yollarını müəyyənləşdirməyə kömək edəcək.

Prezident İlham Əliyev Kambocanın Baş naziri Hun Manet ilə keçirdiyi geniş tərkibdə görüşdə, həmçinin mətbuata bəyanatlarında ayrı-ayrı sahələrdə qurulan əlaqələrdən, həmçinin onların fonunda  gələcək üçün müəyyənləşdirilən yeni istiqamətlərdən geniş bəhs etdilər. Ölkələr arasında əlaqələrin möhkəmlənməsində iqtisadi amil mühüm rol oynayır. Cənab İlham Əliyev bu çağırışı etdi ki, əlbəttə, ticarət və sərmayə qoyuluşu sahələrində hansı işləri görə biləcəyimizi də müəyyənləşdirməliyik. Biz bu imkanları geniş müzakirə etdik, ticarət və investisiya əməkdaşlığımızın praktiki aspektləri ilə məşğul olacaq birgə işçi qrupu yaratdıq. Beləliklə, imkanlar çoxdur. Yeganə maneə məsafə ola bilər. Lakin müasir dünyada bu, böyük problem deyil. Digər məsələ məlumat çatışmazlığıdır və biz bu boşluğu aradan qaldırmalıyıq: “Ölkələrimiz arasında ticarət dövriyyəsi hələlik çox aşağı səviyyədədir. Lakin bir daha əminliyimi ifadə edirəm ki, Baş nazirin rəsmi səfərindən sonra həmin sahədə böyük canlanmanın şahidi olacağıq. Biz, həmçinin sənayenin müxtəlif sahələrində birgə istehsal müəssisələrinin yaradılması imkanlarını, turizm və təhsil sahələrində əməkdaşlıq məsələlərini müzakirə etdik”.

İki ölkə arasında münasibətlərin hüquqi bazasını möhkəmləndirmək üçün ticarət və iqtisadi əməkdaşlığa dair çərçivə sazişi, ikiqat vergitutmanın aradan qaldırılması haqqında saziş və diplomatik təhsil sahəsində əməkdaşlıq memorandumu imzalandı. Kambocanın Baş naziri bildirdi ki, biz ikitərəfli əməkdaşlığımızı inkişaf etdirmək üçün birgə fəaliyyət göstərə biləcəyimiz geniş məsələlər ətrafında fikir mübadiləsi apardıq. Bundan əlavə, ticarət, təhsil və digər perspektivli sahələrdə gələcək əməkdaşlığımız üçün zəmin yaradan üç saziş imzaladıq. Ölkələrimiz arasında kommersiya və ticarət əlaqələri, həmçinin digər sahələrdə münasibətlər hələlik məhdud səviyyədədir: “Əminəm ki, bugünkü səfərimdən etibarən biz birgə səylərimizlə, məsələn, ticarət əlaqələri kimi sahələrdə əməkdaşlığımızı inkişaf etdirə biləcəyik. Biz ticarət əlaqələrimizin inkişafı istiqamətində konkret tədbirləri müəyyənləşdirəcək və həyata keçirəcək birgə ticarət işçi qrupunun yaradılmasını nəzərdə tutan çərçivə sazişinin hazırlanması barədə razılığa gəldik. Həmçinin müdafiə, təhlükəsizlik və təhsil sahələrində əməkdaşlıq məsələləri üzərində iş aparmış və bu məsələləri müzakirə etmişik”.

Diqqətdə olan əsas istiqamətlərdən biri sülh və təhlükəsizlik oldu. Cənab İlham Əliyev “Hər iki ölkə sülhü və təhlükəsizliyi inkişafın əsas şərti hesab edir” söyləyərək onu da əlavə etdi ki, sülh və təhlükəsizlik beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır. Azərbaycan 30 illik işğaldan sonra öz ərazi bütövlüyünü və suverenliyini güc yolu ilə bərpa etmişdir. İndi Azərbaycan torpaqlarının hər qarışı Azərbaycan dövlətinin və xalqının nəzarəti altındadır. Hazırda erməni işğalçı qüvvələrindən təmizlənmiş ərazilərdə genişmiqyaslı bərpa işləri aparılır və Böyük Qayıdış Proqramı həyata keçirilir. Artıq həmin ərazilərdə 100 minə yaxın insan yaşayır və çalışır. Bu proses davam edir. Beləliklə, biz keçmişdə də, hazırda da müəyyən mənada oxşar çağırışlarla üzləşmişik. Bununla yanaşı, beynəlxalq hüquqa və beynəlxalq təşkilatların qərarlarına qəti sadiqlik də bizi birləşdirən amillərdəndir.

DİGƏR Xəbərlər Arxiv