Xəbərlər
Biz yaxşı dost və tərəfdaşıq
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Oktyabrın 11-də Kamboca Krallığının Baş naziri Hun Manet Azərbaycana rəsmi səfərə gəldi. Azərbaycanın Qlobal Cənub ölkələri ilə əlaqələrinin uğurlu inkişafı son günlər həm Kamboca Krallığının Baş naziri Hun Manetin, həm Laos Prezidenti Thonqlun Sisulitin ölkəmizə rəsmi səfərində, həm də Azərbaycanın oktyabrın 15-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə görüşünə ev sahibliyində özünün aydın ifadəsini tapır. Cənab İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə məhdud və geniş tərkibdə görüşlərində, mətbuata bəyanatlarında iki ölkənin 30 il bundan əvvəl qurulan diplomatik münasibətlərinin yeni mərhələyə daxil olması əsaslı çəkildə diqqətə çatdırıldı. Prezident İlham Əliyev bildirdi ki, ikitərəfli gündəliyimizin geniş məsələləri ilə bağlı yaxşı müzakirələr apardıq. Əminəm ki, tərəfdaşlığımızı gücləndirmək üçün böyük potensial mövcuddur. Bizim çox yaxşı siyasi münasibətlərimiz var və müxtəlif sahələrdə tərəfdaşlıq üzrə geniş yol xəritəsini hazırlamaq üçün bu münasibətlərdən, həmçinin Sizin Azərbaycana rəsmi səfərinizdən faydalanmalıyıq. Biz qarşılıqlı əlaqələrimizin bəzi vacib sahələrini artıq müzakirə etdik və əminəm ki, daha çox sahələr olacaq. Əlbəttə ki, dostluğumuzu nümayiş etdirən səfəriniz ikitərəfli təmasların bütün imkanlarını kəşf etmək üçün yaxşı fürsət yaradacaq. İstər ticarət, investisiyalar, birgə istehsal, enerji təhlükəsizliyi olsun, istərsə də bir çox digər sahələr.
Həmçinin bu məqam da qeyd edildi ki, Azərbaycan ilk dəfədir Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Zirvə görüşünə ev sahibliyi edir. Sədrliyimiz yekdilliklə dəstəklənmişdir. “Biz bunu üzv dövlətlərin suverenliyə və müstəqil mövqeyə əsaslanan siyasətimizə hörmətinin aydın təzahürü hesab edirik” söyləyən cənab İlham Əliyev vurğuladı ki, bu önəmli beynəlxalq tədbir regionumuzda, daha geniş Avrasiya regionunda təhlükəsizliyə töhfə verəcək. Düşünürəm ki, bütün ölkələrin buna ehtiyacı var.
Dövlətimizin başçısı mətbuata bəyanatında “Siz Azərbaycanda bir neçə gün keçirəcəksiniz və qarşıdakı günlərdə AQEM-in Zirvə görüşündə də iştirak edəcəksiniz. Sizin bu tədbirdə şəxsən iştirakınız bizim üçün böyük şərəfdir” söyləyərək onu da əlavə etdi ki, həmçinin 12 il bundan əvvəl atanız, keçmiş Baş nazir, hazırda isə Senatın sədri ilə burada, Azərbaycanda keçirdiyim görüşü xatırlayıram. Bu, siyasətimizin davamıdır. Biz yaxşı dost və tərəfdaşıq.
Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir, bir-birini dəstəkləyir. BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində çox yaxşı siyasi əlaqələr və fəal əməkdaşlıq var. Səfər çərçivəsində ikitərəfli müstəvidə təmasları intensivləşdirmək barədə də razılığa gəlindi.
Təbii ki, əlaqələrin inkişafında qarşılıqlı səfərlərin davamlılığı əhəmiyyətli rol oynayır. Hər bir səfər münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Yeni istiqamətlər müəyyənləşdirilir, müxtəlif sahələri əhatə edən sənədlər imzalanır. Kamboca Krallığının Baş naziri Hun Manet bu məqamı xüsusi vurğuladı ki, ölkələrimiz arasında kommersiya və ticarət əlaqələri, həmçinin digər sahələrdə münasibətlər hələlik məhdud səviyyədədir. Ölkələrimiz arasında münasibətlərin 30 ildən artıq tarixi var. Hun Senin 2014-cü ildə Azərbaycana səfəri baş tutmuşdu və həmin səfər indiyədək davam edən əməkdaşlığımızın yol xəritəsini müəyyənləşdirmişdir: “Əminəm ki, bugünkü səfərimdən etibarən biz birgə səylərimizlə, məsələn, ticarət əlaqələri kimi sahələrdə əməkdaşlığımızı inkişaf etdirə biləcəyik. Biz ticarət əlaqələrimizin inkişafı istiqamətində konkret tədbirləri müəyyənləşdirəcək və həyata keçirəcək birgə ticarət işçi qrupunun yaradılmasını nəzərdə tutan çərçivə sazişinin hazırlanması barədə razılığa gəldik. Həmçinin müdafiə, təhlükəsizlik və təhsil sahələrində əməkdaşlıq məsələləri üzərində iş aparmış və bu məsələləri müzakirə etmişik”.
Baş nazir Hun Manet bu əminliyi ifadə etdi ki, səfər ölkələrimiz arasında əməkdaşlığın gələcək inkişafı ilə bağlı daha geniş müzakirələr aparmaqla yanaşı, uğurlu nəticələrə geniş imkanlar yaradacaq.
