YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası hər zaman xalqın xidmətindədir

Araz Xudadanov

YAP Sabunçu rayon təşkilatının sədri

Yeni Azərbaycan Partiyasının hər bir qurultayı respublikamızın ictimai-siyasi həyatında böyük hadisə kimi yadda qalır. Bu da təsadüfi deyil. Çünki 34 il əvvəl Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP ilk gündən cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrildi. 1993-cü ildə Heydər Əliyevin xalqımızın istəyi və tələbi ilə hakimiyyətə tarixi qayıdışından sonra hakim siyasi partiya statusunu qazanan YAP daim ona göstərilən etimadı doğruldub, hər zaman siyasi proseslərin önündə gedib, öz fəaliyyəti ilə dövlətimizin inkişafına, yüksəlişinə layiqli töhfələr verib.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın müasir siyasi tarixində mühüm hadisələrdən biri kimi yadda qaldı. Qurultayda çıxış edən Prezident İlham Əliyev ölkənin son illərdə keçdiyi inkişaf yoluna nəzər salaraq əldə olunan tarixi nailiyyətləri diqqətə çatdırdı, qarşıda duran əsas vəzifələri müəyyənləşdirdi və Azərbaycanın yeni mərhələdəki strateji prioritetləri ilə bağlı mühüm mesajlar verdi. Prezident İlham Əliyevin hər bir çıxışı Azərbaycanın reallıqlarının təbliği, ölkəmizdə, regionda və dünyada baş verən hadisələr barədə dolğun məlumatların əldə edilməsi üçün zəngin mənbədir. Tarixi Zəfərə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasına gedən yoldan  geniş bəhs edən  dövlət başçısı bildirdi ki, Azərbaycan özü təkbaşına həm işğala son qoydu, eyni zamanda, bölgədə yeni reallıqlar yaratdı.

Çıxışda diqqət çəkən mühüm məqamlardan biri xalq-iqtidar birliyi və milli həmrəylik məsələsi oldu. Azərbaycanın ən mürəkkəb dövrlərdə vahid mövqe nümayiş etdirməsi ölkənin qarşıya qoyduğu məqsədlərə çatmasında mühüm amil kimi önə çəkildi. Prezident İlham Əliyevin fikirlərindən belə nəticəyə gəlmək mümkündür ki, dövlətin qarşısında duran böyük vəzifələrin həyata keçirilməsi üçün cəmiyyətin bütün təbəqələrinin milli maraqlar ətrafında birliyi mühüm əhəmiyyət daşıyır. Xüsusilə postmüharibə dövründə Azərbaycanın sabitliyinin, təhlükəsizliyinin və davamlı inkişafının qorunması bu baxımdan xüsusi önəm kəsb edir.

Qurultayda səsləndirilən mühüm mesajlardan biri işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə bağlı idi. Qarabağ və Şərqi Zəngəzurda yeni yaşayış məntəqələri, yollar, məktəblər, xəstəxanalar və digər sosial obyektlər inşa edilir. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin olunur. Bu proses yalnız dağıdılmış ərazilərin yenidən qurulması deyil, həm də həmin regionların Azərbaycanın iqtisadi, sosial və mədəni həyatına tam inteqrasiyasını nəzərdə tutur. “Böyük Qayıdış” proqramının həyata keçirilməsi Azərbaycanın qarşısında duran ən mühüm sosial layihələrdən biri olaraq qalır.

Prezidentin çıxışında iqtisadi inkişaf məsələləri də xüsusi yer tutdu. Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nailiyyətlər ölkənin müstəqil siyasət həyata keçirməsinə imkan verən əsas amillərdən biri kimi qiymətləndirilə bilər. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, sahibkarlığın dəstəklənməsi, investisiya imkanlarının genişləndirilməsi və yeni iş yerlərinin yaradılması qarşıdakı dövr üçün də mühüm prioritetlər sırasındadır. Dövlət başçısının mesajlarından biri də ondan ibarətdir ki, hərbi-siyasi uğurlar iqtisadi güclə tamamlanmalıdır. Güclü iqtisadiyyat Azərbaycanın müstəqil siyasətinin davam etdirilməsi və dövlətin müdafiə qabiliyyətinin yüksək səviyyədə saxlanılması üçün möhkəm baza yaradır.

Qurultayın əsas mesajlarından biri də Yeni Azərbaycan Partiyasının qarşıdakı mərhələdə üzərinə düşən vəzifələrlə bağlı idi. YAP Azərbaycanın siyasi həyatında aparıcı siyasi təşkilat kimi ölkənin inkişaf strategiyasının həyata keçirilməsində fəal rol oynamağa davam etməlidir. Partiyanın qarşısında yalnız siyasi fəaliyyət deyil, həm də cəmiyyətlə daha sıx əlaqələrin qurulması, gənclərin ictimai-siyasi proseslərə cəlb edilməsi və dövlətçilik dəyərlərinin təbliği kimi mühüm vəzifələr dayanır. Partiyamıza yeni qələbələr arzulayan Prezident İlham Əliyev vəzifələrin  daha da çox olduğunu, bu gün  yalnız strateji əhəmiyyət daşıyan istiqamətlərin diqqətə çatdırıldığını önə çəkərək bu əminliyini ifadə etdi ki, Yeni Azərbaycan Partiyasının fəalları, bütün üzvləri bu tarixi vəzifələrin icrasında fəal iştirak edəcəklər.

VII Qurultaydan sonrakı dövrün təhlili partiyanın hər bir məqsədə nail olmaq üçün böyük səylər göstərdiyini, populizmdən uzaq olduğunu, daim Azərbaycanın bu günü və gələcəyi, xalqımızın yüksək rifah şəraitində yaşaması üçün çalışdığını təsdiqlədi. Tarixi Zəfərimizdən sonra keçirilən VII Qurultayda qəbul edilən qərarların davamı olaraq VIII Qurultayın da qarşıya qoyduğu vəzifələrin uğurlu icrası ilə davamlı uğurlarımız təmin ediləcək, YAP hər zaman olduğu kimi  bundan sonra da ölkəmizdə gedən proseslərin mərkəzində olacaq. Yeni Azərbaycan Partiyasının üzvləri Ulu Öndər Heydər Əliyevin  yaradıcısı olduğu, Prezident İlham Əliyevin rəhbərlik etdiyi ölkənin  bu aparıcı siyasi təşkilatının təsis olunduğu 1992-ci ildən başlanğıcını götürən zəfərlərimizdən üzərimizə düşən məsuliyyəti  yüksək səviyyədə yerinə yetirmək amalı ilə daha xoşbəxt gələcəyimizə doğru inamla addımlayırlar.