Xəbərlər
Yeni inkişaf mərhələsinin əsas istiqamətləri
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Cəmiyyət həyatının bütün sahələrində inkişafın təmin edilməsi yeni yanaşmaların tətbiqini, zamanın tələbinə uyğun islahatların həyata keçirilməsini tələb edir. Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modeli də özündə bu reallıqları ehtiva edir. Siyasi, sosial-iqtisadi, mədəni-humanitar nailiyyətlərimizin hər biri məhz ardıcıl və sistemli islahatların nəticəsində mümkün olub. Son illərdə həyata keçirilən islahatlar idarəetmədə keyfiyyətin və səmərəliliyin daha da artırılmasına, vətəndaş məmnunluğunun artırılmasına xidmət edir. Dövlətimizin başçısı İlham Əliyev oktyabrın 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII qurultayında Azərbaycanın keçdiyi inkişaf yolunun təhlili əsasında qazanılan uğurlara söykənərək qarşıda dayanan vəzifələrdən geniş bəhs etdi. Vurğuladı ki, bu gün Azərbaycanda elə genişmiqyaslı quruculuq işləri aparılır ki, bilmirəm hansı ölkədə buna bənzər quruculuq işləri var. Mən təkcə Qarabağı, Şərqi Zəngəzuru nəzərdə tutmuram, halbuki orada da misli görünməmiş inkişaf var, hər bir bölgədə. Ona görə ideoloji işin düzgün qurulması, şablonlardan, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb. Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır. Bizim üstünlüyümüz ondan ibarətdir ki, bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım deyil. Bəzi ölkələrdə bəzi rəhbərlər həm keçmişdə olan bəzi nailiyyətləri öz adlarına çıxarmaq istəyirlər, yaxud da ki, tarixi təhrif edərək öz rollarını şişirtmək istəyirlər, bizə bu lazım deyil. Bizə lazımdır ki, həqiqətlər hər bir vətəndaşa çatsın.
Dövlətimizin başçısı İlham Əliyevin hər bir çıxışında diqqət göstərilən məsələlərdən biri iqtisadi tərəqqi və həyata keçirilən güclü sosial siyasətdir. Cənab İlham Əliyev YAP-ın VIII qurultayında qeyd etdi ki, artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq. Biz bu siyasəti müntəzəm aparırıq ki, Azərbaycan xalqının rifahı ildən-ilə yaxşılaşsın. Amma təbii ki, bunun üçün iqtisadi inkişaf lazımdır: “Düzdür, ümumi daxili məhsulun artımı o qədər də böyük rəqəmlərlə ölçülmür, amma bizim ümumi iqtisadi potensialımız kifayət qədər güclüdür. Azərbaycanda cəmi iki dəfə Beynəlxalq İnvestisiya Forumu keçirilib - bu il və keçən il sentyabr aylarında. Hər iki forumda imzalanmış investisiya kontraktlarının ümumi həcmi 20 milyard dollardan çoxdur. Yəni investisiya olmadan heç bir iqtisadiyyat inkişaf edə bilməz. Burada təkcə dövlət investisiyaları kifayət etməyəcək. Bizə xaricdən investisiyalar lazımdır - həm neft-qaz sektoruna, həm qeyri-neft-qaz sektoruna. Ona görə bu, faktiki olaraq, Azərbaycanın iqtisadiyyatına olan inamdır”.
Diqqəti sentyabr ayında keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna yönəldən Prezident İlham Əliyev bildirdi ki, tədbirdə dünyanın aparıcı investisiya qurumları iştirak edib. Onların idarəçiliyində olan vəsait 30 trilyon dollardan çoxdur. Yəni təsəvvür etmək çətin deyil ki, hansı səviyyəli, - özü də bu şirkətlərin, bu investisiya fondlarının rəhbər şəxsləri gəlmişdilər, - insanlar Azərbaycanla əməkdaşlıq edirlər və bundan sonra da əməkdaşlıq etmək istəyirlər. Biz uzun illər xarici borcumuzu azalda-azalda gedirdik: “Vaxtilə mən qarşıya məsələ qoymuşdum ki, ümumi daxili məhsulun 10 faizinə bərabər olsun. Bu gün xarici borcumuz ümumi daxili məhsulumuzun 5,6 faizini təşkil edir. Bu da dünya miqyasında ən aşağı göstəricilərdən biridir. Onu deyə bilərəm ki, inkişaf etmiş bütün ölkələrdə bu ya 100, ya 110, ya da 120 faizdir. Mən də investisiya forumunda çıxış edərkən bildirdim ki, biz istəsək 24 saat ərzində borcumuzu sıfırlaya bilərik. Bu nə deməkdir? O deməkdir ki, gələcək nəsillərə biz borc qoymayacağıq. İqtisadi inkişafımızın daha da sürətlə getməsi üçün biz investisiya layihələrini daha da fəal icra edəcəyik. Ona görə iqtisadi sabitlik və maliyyə sabitliyi bu gün bizim çox ciddi uğur amilimizdir”.
Çıxışın digər mühüm istiqaməti təhlükəsizlik məsələsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Bu, indiki dünyada böyük sərvət sayıla bilər. Çünki bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var. Bu, bizim reallıqlarımızdır: “Ona görə təhlükəsizlik tədbirləri daim gündəlikdə olmalıdır. Ölkə daxilində hər hansı risklər mövcud deyil - nə fiziki risklər, nə ideoloji risklər, nə hansısa başqa. Bütün risklər hüdudlarımızın kənarında formalaşır. Azərbaycan gücləndikcə, daha fəal və açıq müstəqil siyasət apardıqca, bizə tuşlanan hər bir oxa 10 ox geriyə buraxdıqca, bizə qarşı təzyiqlər daha da çoxalacaq. Bax, biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq. Bir zərbəyə bəlkə 2, 5, 10 zərbə qaytarırıq ki, hərə otursun yerində, bizim işlərimizə qarışmasın, bizim həyat tərzimizə burnunu soxmasın və bizə yol göstərməsin. Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın. Bu gün Azərbaycan reallıqları belədir ki, biz bir çox ölkələr üçün örnək olmuşuq. Ona görə risklərlə bağlı, - həm fiziki, həm ideoloji risklərlə bağlı, - ciddi tədbirlər görülür və görüləcək”.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirilən çağırışlar Azərbaycanın yeni inkişaf mərhələsinin əsas istiqamətlərini müəyyənləşdirən yanaşmaları əks etdirir.
