Xəbərlər
Bu gün Azərbaycanda elə genişmiqyaslı quruculuq işləri aparılır ki…
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Yeni Azərbaycan Partiyasının VIII qurultayındakı çıxışında “Bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi. O vaxt cəmiyyətimizin cəsarətli insanları, mütərəqqi insanlar, Azərbaycan dövlətinin taleyini düşünən insanlar Ulu Öndər Heydər Əliyevin ətrafında birləşmişdilər. 1992-ci ilin noyabrında Naxçıvanda keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis qurultayı faktiki olaraq qələbələrimizə yol açmışdır. Bu, bir ictimai sifariş idi” söyləyən cənab İlham Əliyev onu da vurğuladı ki, partiyamızın fəaliyyəti, qəbul edilmiş qərarlar və siyasi xətti təkcə ölkəmiz üçün yox, bölgə üçün böyük önəm daşıyır. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Müxalifət partiyası kimi yaransa da, 30 ildən çoxdur ki, partiyamız iqtidardadır. Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var.
Partiyanın VIII qurultayı yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirildi. İlk dəfədir ki, qurultay Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir. Cənab İlham Əliyevin vurğuladığı kimi, VII qurultayımız da o vaxt üçün yeni mühitdə keçirilmişdir. Çünki o şanlı Zəfərimizdən cəmi bir neçə ay keçmişdir və bütün dünya bizim Zəfərimizdən danışırdı. Azərbaycan özü təkbaşına həm işğala son qoymuşdur, eyni zamanda, bölgədə yeni reallıqlar yaratmışdır. O vaxtdan - İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir. Halbuki bu, asan başa gəlmədi. Bu illər ərzində çox ciddi müqavimətlə, Azərbaycana qarşı istiqamətlənmiş yalan, iftira ilə dolu kampaniyalarla üzləşmişdik. Bizə qarşı sanksiyaların tətbiq edilməsi məsələsini bəzi ölkələr ciddi müzakirə edirdi. Ancaq bizim qətiyyətimiz, dönməz fəaliyyətimiz, siyasi addımlarımız və ilk növbədə, Azərbaycan xalqının vahid mövqedə olması bütün bu bəd niyyətləri alt-üst etmişdir. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. 8 Noyabr bizim əbədi bayramımız olacaq. Eyni əhəmiyyəti 20 Sentyabr da daşıyır. Çünki məhz 2023-cü il sentyabrın 20-də Azərbaycan separatizmə son qoydu, işğala son qoydu, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi: “Bu iki hərbi Zəfər təkcə xalqımız üçün, dövlətimiz üçün deyil, bütün dünya üçün böyük önəm daşıyır. Çünki birinci növbədə yeni bir presedent yaranmışdır və biz bu qələbələri böyük güclərin müqaviməti fonunda əldə etmişik. Sirr deyil ki, 1992-ci ildə yaradılmış Minsk qrupunun əsas məqsədi münaqişəni dondurmaq idi, Azərbaycanın ərazi bütövlüyünün bərpasına kömək göstərmək yox. İkinci Qarabağ müharibəsi başlanan gündən 44 gün ərzində bizə qarşı böyük təzyiqlər göstərilmiş, hədə-qorxular səsləndirilmişdir - həm açıq müstəvidə, eyni zamanda, bağlı qapılar arxasında. Ancaq heç kim bizi yolumuzdan döndərə bilmədi”.
Azərbaycan xalqı yumruq kimi birləşərək öz haqqını tələb etdi və Azərbaycan iqtidarı da bu şərəfli missiyanı yerinə yetirdi. Azərbaycan ciddi bir geosiyasi dəyişikliklərə yol açdı. Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyənlər artıq “Qarabağ Azərbaycandır!” deyirlər.
Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası yeni reallıqlar yaradıb. Bu reallıqlar fonunda Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan beynəlxalq münasibətlər sistemində yerini və mövqeyini daha da möhkəmləndirir. 2003-cü ildən Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev son 23 ildə qarşıya qoyulan bütün vəzifələri uğurla yerinə yetirib. Torpaqlarımız azad edilib, Böyük Qayıdış Proqramı uğurla icra edilir. Bu gün Azərbaycanın sözünün imzası qədər dəyərli olduğunu böyük qürur hissi ilə qeyd edirik. Yeni reallıqlar yaradan Azərbaycanın nümunəsində dünya ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasətin uğurlarını görür. Azərbaycan bütün sahələrdə davamlı inkişafı ilə diqqətdədir. Hazırda yalnız Qarabağda və Şərqi Zəngəzurda deyil, bütün bölgələrimizdə böyük quruculuq işləri həyata keçirilir. Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı etdi ki, ideoloji işimiz, o cümlədən partiya fəalları tərəfindən elə aparılmalıdır ki, Azərbaycan reallıqları, ölkəmizdə gedən işlər, çox müsbət ab-hava daim ictimai müzakirədə olsun. Bu gün Azərbaycanda elə genişmiqyaslı quruculuq işləri aparılır ki, bilmirəm hansı ölkədə buna bənzər quruculuq işləri var. “Mən təkcə Qarabağı, Şərqi Zəngəzuru nəzərdə tutmuram, halbuki orada da misli görünməmiş inkişaf var, hər bir bölgədə. Ona görə ideoloji işin düzgün qurulması, şablonlardan əl çəkmək, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb. Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır” söyləyən cənab İlham Əliyev vurğuladı ki, üstünlüyümüz ondan ibarətdir ki, bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım deyil. Bəzi ölkələrdə bəzi rəhbərlər həm keçmişdə olan bəzi nailiyyətləri öz adlarına çıxarmaq, yaxud da ki, tarixi təhrif edərək öz rollarını şişirtmək istəyirlər, bizə bu lazım deyil: “Bizə lazımdır ki, həqiqətlər hər bir vətəndaşa çatsın - bu gün çox şaxələnmiş informasiya mənbələri olan bir zamanda, o cümlədən Azərbaycan dilində. Buna da fikir vermək lazımdır. Nə üçün hansısa ölkədə Azərbaycan dilində bir resurs yaradılır? Yəni bizə kömək etmək üçün? Yox, bizə qarşı təxribat etmək üçün. Xalqımızı çaşdırmaq üçün. Gənclərin beyinlərini zəhərləmək üçün. Budur. Görürsünüz ki, haradasa Azərbaycan dilində resurs yaranıb, bilin ki, məqsəd odur… Ona görə bu, fiziki təhlükəsizlik qədər önəmli sahədir və burada kim olmalıdır bu işin mərkəzində? Əlbəttə ki, Yeni Azərbaycan Partiyasının üzvləri”.
Dövlət başçısı İlham Əliyevin çıxışında diqqətə çatdırdığı hər bir istiqamət, səsləndirdiyi hər bir çağırış Azərbaycanın uğurlu gələcəyinə hədəflənib. Qalib Azərbaycanımızı daha möhtəşəm uğurlar gözləyir.
