Xəbərlər
Vətən qəhrəmanları dərin ehtiramla yad edilib
27 Sentyabr - Anım Günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatının və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbir iştirakçıları əvvəlcə şəhidlərin məzarlarını və “Şəhidlər” abidəsini ziyarət edib, məzarların önünə gül dəstələri qoyaraq şəhidlərin xatirəsinə ehtiramlarını ifadə edib, onların ruhuna dualar oxuyublar.
Sonra ehsan süfrəsi təşkil olunub.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev qeyd ediblər ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının milli həmrəyliyini və Azərbaycan Ordusunun qüdrətini bütün dünyaya nümayiş etdirib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub.
Vətən müharibəsi Azərbaycan xalqının dövlətinin və ordusunun ətrafında sıx birləşməsini nümayiş etdirən tarixi hadisə kimi yadda qalıb. Həmin dövrdə cəmiyyətin müxtəlif təbəqələrinin vahid amal ətrafında birləşməsi milli həmrəyliyin parlaq nümunəsi olub.
Çıxış edən şəhid ataları İsrail Əbilov və Nərbala Babaşov övlad itkisinin ağır dərd olduğunu, lakin şəhid ailələri üçün ən böyük təsəllinin övladlarının Vətən qarşısında şərəfli iz qoyması olduğunu bildiriblər. Şəhid valideynləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
