Xəbərlər
"27 Sentyabr - Anım Günü xalqımız üçün müqəddəs və qürurverici tarixdir"
Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatı tərəfindən 27 Sentyabr - Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Tədbirlərdə Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda canlarından keçmiş şəhidlərin və Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
27 Sentyabr - Anım Gününə həsr olunmuş xüsusi videoçarx nümayiş etdirilib.
YAP Xaçmaz rayon təşkilatının qərargahında partiya fəallarının və gənclərin iştirakı ilə keçirilən görüşdə YAP Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev 27 Sentyabr - Anım Gününün xalqımız üçün müqəddəs və qürurverici tarix olduğunu bildirib.
E.Tağıyev qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və qətiyyətli siyasi iradəsi, xalqımızın və Ordumuzun sarsılmaz birliyi və gücü nəticəsində Vətən müharibəsində tarixi Zəfər qazanılıb, uzun illər davam edən torpaq həsrətinə son qoyulub.
Rayon Heydər Əliyev Mərkəzində və Hülövlü ərazi partiya təşkilatında keçirilən tədbirlərdə YAP Xaçmaz rayon təşkilatının əməkdaşı Fazil Rəhmətov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Əskərova, şəhid anası Nərgiz Veysova, şəhid atası Rafiq Sərdarlı və digərləri çıxış ediblər. Vətən müharibəsində əldə olunan tarixi Qələbənin əhəmiyyətindən danışılıb, şəhidlərin xatirəsinin daim uca tutulmasının və onların qəhrəmanlıq salnaməsinin gənc nəslə çatdırılmasının vacibliyi vurğulanıb.
