YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Anım Günü – milli yaddaşımızın və dövlətçilik iradəmizin təcəssümü

Mehriban Vəliyeva

Milli Məclisin deputatı

27 Sentyabr – Anım Günü Azərbaycan xalqının milli yaddaşında xüsusi yer tutan, şəhidlərimizin əziz xatirəsinin dərin ehtiramla yad edildiyi müqəddəs gündür. Bu tarix, eyni zamanda, Azərbaycan xalqının uzun illər ərzində pozulmuş hüquqlarının bərpası, ərazi bütövlüyümüzün təmin olunması və tarixi ədalətin bərqərar edilməsi yolunda keçdiyi mürəkkəb və şərəfli mübarizə yolunun başlanğıcını simvolizə edir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixinin ən mühüm hərbi-siyasi hadisələrindən biri kimi xalqımızın milli iradəsinin, dövlətimizin gücünün və Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətinin nümayişinə çevrildi. 44 gün davam edən müharibə nəticəsində ərazilərimizin işğaldan azad olunması ilə yanaşı, beynəlxalq hüququn fundamental prinsiplərinin – dövlətlərin ərazi bütövlüyü və suverenliyinin bərpası istiqamətində mühüm nəticə əldə edildi.

Lakin bu Zəfərin arxasında yalnız 44 günlük hərbi əməliyyatlar deyil, onilliklər ərzində davam edən mürəkkəb tarixi və siyasi proses dayanırdı. Azərbaycan torpaqlarının işğalı ilə nəticələnmiş Birinci Qarabağ müharibəsi, yüz minlərlə soydaşımızın doğma yurdlarından didərgin salınması, yaşayış məntəqələrinin dağıdılması və dinc əhaliyə qarşı törədilən ağır cinayətlər xalqımızın yaddaşında dərin iz buraxıb. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ərazilərimizin mühüm hissəsi uzun illər işğal altında saxlanıldı. Beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmiş sənədlər də Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyirdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması tələb edilirdi. Lakin uzun illər ərzində bu qətnamələrin icrasının təmin olunmaması münaqişənin həllini uzatdı və regionda davamlı sülhün formalaşmasına imkan vermədi. Azərbaycan isə bütün bu dövr ərzində münaqişənin sülh və danışıqlar yolu ilə həllinə sadiq qaldı. ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqların uzun illər davam etməsinə baxmayaraq, real nəticə əldə olunmadı. Nəticədə işğal faktı aradan qaldırılmadı, yüz minlərlə məcburi köçkünün öz doğma yurdlarına qayıtmaq hüququ təmin edilmədi. Azərbaycan xalqının səbir və dözümü də sonsuz deyildi. 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən hadisələr Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərdi. Ermənistanın hərbi-siyasi rəhbərliyinin təxribatçı addımları və yeni ərazilərin işğalı ilə bağlı səsləndirdiyi iddialar isə vəziyyəti daha da gərginləşdirirdi. Belə bir şəraitdə 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərinə və yaşayış məntəqələrinə genişmiqyaslı hücumu yeni müharibənin başlanmasına səbəb oldu. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatına başladı. 44 gün ərzində Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri və çoxsaylı yaşayış məntəqələri, Hadrut qəsəbəsi, strateji yüksəkliklər, ən əsası isə Şuşa şəhəri azad edildi. Şuşanın azad olunması Vətən müharibəsinin hərbi-siyasi baxımdan həlledici məqamlarından biri oldu. Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi uğurlar siyasi müstəvidə də nəticəsini verdi. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat əsasında Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edildi. 2022-ci ilin avqustunda isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. Beləliklə, 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün böyük hissəsinin hərbi yolla bərpasını təmin etməklə yanaşı, sonrakı mərhələdə ölkəmizin suverenliyinin tam bərpasına aparan yeni siyasi reallıqlar yaratdı. Bu Zəfərin əsasını isə ilk növbədə Azərbaycan əsgərinin və zabitinin qəhrəmanlığı təşkil edirdi. Vətən müharibəsində Azərbaycan Ordusunun şəxsi heyəti misilsiz şücaət, peşəkarlıq və fədakarlıq nümayiş etdirdi. Döyüş meydanında canından keçən şəhidlərimiz, yaralanaraq sağlamlığını itirən qazilərimiz və arxa cəbhədə ordumuza mənəvi və maddi dəstək göstərən milyonlarla vətəndaşımız bu Zəfərin ayrılmaz parçasıdır.

Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.” Bu fikirlər Anım Gününün mahiyyətini də dəqiq ifadə edir. Çünki Anım Günü yalnız keçmişi xatırlamaq deyil. Bu gün həm də şəhidlərimizin qarşısında dövlət və cəmiyyət olaraq daşıdığımız mənəvi məsuliyyətin ifadəsidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması məhz bu məqsədə xidmət edir. Hər il saat 12:00-da ölkə ərazisində bir dəqiqəlik sükutla şəhidlərimizin yad edilməsi onların əziz xatirəsinin dövlət səviyyəsində əbədiləşdirilməsinin ifadəsidir. Anım Gününün mühüm xüsusiyyətlərindən biri də onun Birinci və İkinci Qarabağ müharibələrində həyatını itirmiş bütün şəhidlərimizi əhatə edən ümummilli yaddaş gününə çevrilməsidir. Çünki bugünkü Zəfər bir gündə yaranmayıb. Bu Zəfərin təməlində Birinci Qarabağ müharibəsində, sonrakı dövrdə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən döyüşlərdə və Vətən müharibəsində canlarını fəda edən şəhidlərimizin qanı dayanır. Azərbaycan dövləti şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə yanaşı, şəhid ailələrinin və qazilərin sosial müdafiəsini də dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Şəhid ailələrinin sosial təminatı, qazilərin müalicəsi, reabilitasiyası, müasir protezlərlə təminatı və onların cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlər dövlətin öz qəhrəmanlarına münasibətinin mühüm göstəricisidir.

“YAŞAT” Fondu da bu istiqamətdə həyata keçirilən mühüm təşəbbüslərdən biridir. Fondun fəaliyyəti şəhid ailələrinə və müharibə nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə dəstək mexanizmlərinin gücləndirilməsinə xidmət edir. Şəhidlərimizin xatirəsinin yaşadılması yalnız sosial və mənəvi tədbirlərlə məhdudlaşmır. Bakıda yaradılan Hərbi Qənimətlər Parkı, Zəfər Parkı və Zəfər Muzeyi Vətən müharibəsinin tarixinin gələcək nəsillərə çatdırılması baxımından mühüm yaddaş məkanlarıdır. Bu məkanlar Azərbaycanın keçdiyi yolu, müharibənin reallıqlarını, xalqımızın həmrəyliyini və Ordumuzun Zəfərini gələcək nəsillərə çatdıran tarixi yaddaş institutları kimi xüsusi əhəmiyyət daşıyır. Xüsusilə Zəfər Muzeyində Vətən müharibəsinin tarixi ilə yanaşı, Azərbaycanın dövlət suverenliyinin bərpasına aparan prosesin də təqdim edilməsi mühüm məqamdır. Çünki 2020-ci ilin Zəfəri ilə 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağda dövlət suverenliyini tam bərpa etməsi bir-birindən ayrı hadisələr deyil, eyni tarixi prosesin ardıcıl mərhələləridir. 27 sentyabr 2020-ci ildən başlayan yol Azərbaycan dövlətinin ərazi bütövlüyünün bərpası ilə nəticələndi, 2023-cü ilin sentyabrında isə dövlət suverenliyimizin bütün ərazilərimizdə tam təmin olunması ilə yeni mərhələyə qədəm qoydu. Bu baxımdan 27 Sentyabr – Anım Günü həm də Azərbaycan xalqının milli yaddaşı ilə dövlətçilik iradəsinin qovuşduğu tarixdir. Şəhidlərimizin qarşısında baş əymək, onların xatirəsini yaşatmaq, qəhrəmanlıqlarını gələcək nəsillərə çatdırmaq bizim mənəvi borcumuzdur. Lakin şəhidlərimizin və qazilərimizin bizə qoyduğu ən böyük miras yalnız Zəfər deyil. Bu miras müstəqil dövlətçilik, milli birlik, ərazi bütövlüyü, suverenlik və Vətənə sədaqət dəyərləridir. Bu gün Azərbaycan qalib dövlət kimi Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirir, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur. Azad edilmiş ərazilərdə şəhərlər, kəndlər, məktəblər, xəstəxanalar, yollar və digər infrastruktur obyektləri inşa edilir. Beləliklə, şəhidlərimizin uğrunda canlarını fəda etdikləri torpaqlarda həyat yenidən qurulur. Anım Gününün ən mühüm mesajlarından biri də məhz budur: şəhidlərimizin xatirəsi yalnız tarixdə deyil, qurulan hər yeni şəhərdə, açılan hər məktəbdə, doğma torpaqlarına qayıdan hər ailədə və gələcəyə inamla yaşayan Azərbaycan vətəndaşının həyatında yaşadılır. Bu gün biz bütün şəhidlərimizin – Birinci və İkinci Qarabağ müharibələrində, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə həyatını itirmiş qəhrəmanlarımızın qarşısında baş əyirik.

Onların fədakarlığı Azərbaycan dövlətinin tarixində əbədi yaşayacaq.