Xəbərlər
Azərbaycan xalqı işğalla heç zaman barışmamışdır
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
30 il Ermənistan işğalçı siyasətini davam etdirmiş, ərazilərimizdə təxribatlar törətmiş, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açmış, onların rahat yaşamasına imkan verməmişdir. Azərbaycan xalqı işğalla heç zaman barışmamışdır. 2016-cı il Aprel döyüşləri, 2018-ci il Günnüt əməliyyatı və 2020-ci il Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını nümayiş etdirmişdir. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmamış, Azərbaycana qarşı diversiyaları davam etdirmiş, erməni siyasətçiləri xalqımıza qarşı təxribatçı bəyanatlar vermişlər. 2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksək, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. Hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.
Azərbaycan dünya hərb tarixində çox az rast gəlinən bu mühüm məqamda - müharibədən sonra dərhal bərpa-quruculuq işlərinin aparılmasında da öz təcrübəsini nümayiş etdirir. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından dərhal sonra dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə ilk səfəri məhz həmin il noyabr ayının 16-da Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə oldu. Ölkə Prezidenti bərpa-quruculuq işləri çərçivəsində ilk olaraq infrastrukturun yenilənməsini, yolların çəkilişini qarşıya mühüm vəzifə kimi qoydu. Həmin səfər çərçivəsində dövlət başçısı İlham Əliyevin Zəfər yolu kimi dəyərləndirdiyi Füzuli-Şuşa yolunun tikintisi ilə bağlı göstəriş verildi. Zəfər yolu qısa zamanda istifadəyə verildi. Bu yolun böyük rəmzi mənası vardır. Zəfər yolu Vətən oğullarını Şuşanı işğaldan azad etməyə apardı. Tarixi Zəfərimizdən ötən altı ildə bu torpaqlarda görülən işlərə diqqət yetirsək miqyasının nə qədər geniş olduğunu böyük inamla qeyd edə bilərik. Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanları istifadəyə verildi. Qarabağ və Şərqi Zəngəzur hava qapısını dünyaya açdı. Prezident İlham Əliyevin Fərmanına əsasən iqtisadi rayonların yeni bölgüsünün aparılması, onların sayının 14-ə çatdırılması da işğaldan azad edilmiş ərazilərimizin malik olduqları potensialdan səmərəli istifadəni təmin etmək üçün yeni hədəflərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. 2030-cu ilədək Milli Prioritetlər müəyyənləşdirilib. Böyük Qayıdış Proqramından irəli gələn vəzifələr uğurla icra edilir. Qarabağımız, Şərqi Zəngəzurumuz cənnətə çevrilir.
Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə tarixi Zəfərimizə gedən yolun başlanğıcı olan 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd edilir. Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
