Xəbərlər
Seymur Orucov: Yeni Azərbaycan Partiyası Gənclər Birliyi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıb
«2015-ci ildə Yeni Azərbaycan Partiyası Gənclər Birliyi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıb. Təşkilatımız fəaliyyətini partiya rəhbərliyinin tövsiyə və tapşırıqlarına uyğun quraraq, bir sıra uğurlu layihələrin təşkilatçısı olmuşdur». Bu fikirləri yap.org.az saytına YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.
S.Orucov bildirib ki, daim Ulu öndər Heydər Əliyev ideyalarına bağlılığı, cənab Prezident, partiyamızın Sədri İlham Əliyevin praqmatik siyasi xəttinə dəstəyi ilə seçilən partiyamızın Gənclər Birliyi ötən il də ənənəsinə sadiq qalmışdır.
«Fəaliyyətini Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ictimai-siyasi fəaliyyəti ilə bağlayan ölkə gəncliyi bu istiqamətdə qətiyyətli yollar keçərək, bu günkü günümüzdə öz mövqeyi ilə seçilir. Əvvəlki illərdə olduğu kimi 2015-ci ildə də Yeni Azərbaycan Partiyası Gənclər Birliyi əsas fəaliyyətini Azərbaycan dövlətinin inkişafına dəstək, gənclərin sosial ictimai cəhətdən hazırlığı, ölkə həqiqətlərinin dünyada təbliği, maarifləndirmə işinə həsr edərək bu istiqamətdə onlarla layihə həyata keçirmişdir. Partiyanın Gənclər Birliyinin həyata keçirdiyi layihələr həm əhatə dairəsinə, həm də keyfiyyətinə görə fərqlənmiş nəticə etibarı ilə il ərzində partiyaya qoşulan istedadlı gənclərin sayı artmışdır»- deyə, S.Orucov qeyd edib.