Xəbərlər
Dövlət Suverenliyi Günü Kürdəmirdə də qeyd olunub
Kürdəmir Rayon İcra Hakimiyyətində 20 Sentyabr - Dövlət Suverenliyi Gününə həsr olunmuş dəyirmi masa keçirilib
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra Dövlət Suverenliyi Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli, YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov və digərləri bildiriblər ki, dövlət suverenliyi yalnız dövlət sərhədlərinin mövcudluğu ilə məhdudlaşmır. Suverenlik xalqın öz taleyini müəyyən etmək, öz ərazisində ali hakimiyyəti həyata keçirmək və gələcəyini müstəqil şəkildə qurmaq hüququnu ifadə edir.
Qeyd olunub ki, Azərbaycan bu hüququn tam bərpası istiqamətində uzun və mürəkkəb mübarizə yolu keçib. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın əraziləri uzun illər işğal altında qalıb, yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin düşüb, şəhər və kəndlər dağıdılıb, tarixi və dini abidələrə ciddi ziyan vurulub.
Bildirilib ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm dönüş nöqtəsi olub. 44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu işğal altında olan ərazilərin böyük hissəsini azad edib və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırılıb.
Çıxışlarda 2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirlərinin ölkəmizin suverenliyinin tam bərpası baxımından tarixi əhəmiyyət daşıdığı qeyd olunub. Təxminən 23 saat davam edən tədbirlər nəticəsində Azərbaycan Ordusu qarşıya qoyulmuş vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib.
Beləliklə, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyi tam bərpa olunub.
Sonda tədbir iştirakçıları mövzu ətrafında fikir mübadiləsi aparıb.
