Xəbərlər
Ekspert: ABŞ Azərbaycanı regionun qabaqcıl ölkəsi kimi nüvə sammitinə dəvət edib
Prezident İlham Əliyevin Vaşinqtona IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edilməsi ABŞ-ın Qafqazda müstəqil siyasət yürüdən qabaqcıl ölkə kimi Azərbaycana münasibətinin təzahürüdür. Bunu Trend-ə "Baku Network" ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov deyib.
Onun sözlərinə görə, Azərbaycan-ABŞ münasibətləri məsələsi Helsinki qrupu tərəfindən baxılması üçün ABŞ Konqresinə verilən antiazərbaycan qətnaməsi ilə bağlı aktual oldu, lakin zaman göstərdi ki, münasibətlər əhəmiyyətli dəyişikliyə uğramayıb: "Yadda saxlamaq lazımdır ki, ABŞ tərəfindən mənfi təzahürlərlə yanaşı, Dağlıq Qarabağ məsələsi daxil olmaqla bir çox müsbət işarələr də olub".
Ekspert əlavə edib ki, iki ölkənin münasibətləri qarşılıqlı fəaliyyətin müxtəlif sahələrini - hökumətdən enerjiyədək - əhatə edir: "Azərbaycan 2001-ci ilin sentyabrında ABŞ-da qorxunc terror aktına görə başsağlığı vermiş və onu qınamış ilk ölkə olub. Həmin dövrdən bəri iki ölkənin münasibətləri uzunmüddətli sınaqdan keçib və bu müddət ərzində Azərbaycan özünü ABŞ-ın etibarlı tərəfdaşı kimi göstərib. Bununla belə, Ermənistanın diaspor təşkilatları iki ölkənin münasibətlərini korlamağa çalışıb, lakin Bakı və Vaşinqton həmişə bu münasibətlərə dəyər verərək həm iqtisadiyyat, həm də siyasət sahələrində qarşılıqlı maraqları nəzərə almağa çalışıblar".
E.Ələsgərov bildirib ki, Azərbaycanın Vaşinqtonda sammitə dəvət edilməsi iki ölkə münasibətlərinin inkişafında növbəti mərhələ oldu.