Xəbərlər
Ortaq mənəvi dəyərlərdən sülh və həmrəyliyə — Bakının mühüm mesajı
Vüsalə Əliyeva
YAP Sədərək rayon təşkilatının sədri
Azərbaycanın paytaxtı Bakı son illərdə mühüm beynəlxalq, dini, elmi və mədəni tədbirlərin keçirildiyi nüfuzlu mərkəzlərdən birinə çevrilib. Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə Rəhbərləri Şurasının 7-ci toplantısının və böyük Azərbaycan mütəfəkkiri, şair və sufi filosof Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Eyni vaxtda təşkil olunan bu iki mötəbər tədbir Türk dünyasının mənəvi birliyini, İslam aləmi ilə qarşılıqlı əlaqələri, zəngin tarixi-mədəni irsin qorunmasını və müasir dövrdə sülhə, dialoqa ehtiyacı ön plana çıxardı.
Sentyabrın 15-də Prezident İlham Əliyevin tədbir iştirakçılarını qəbul etməsi bu görüşlərin siyasi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirdi. Dövlət başçısı TDT Müsəlman Dini İdarə Rəhbərləri Şurasının 7-ci toplantısının Bakıda keçirilməsini mühüm beynəlxalq hadisə kimi dəyərləndirərək, eyni zamanda Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev qeyd etdi: “Bizim bir ailəmiz var, o da Türk dünyasıdır.” Bu fikir türk xalqlarını birləşdirən tarixi, mədəni və mənəvi bağların mahiyyətini ifadə etməklə yanaşı, bu birliyin müasir dövrdə əməkdaşlıq və qarşılıqlı dəstək platformasında daha da möhkəmləndiyini göstərir.
TDT-nin Müsəlman Dini İdarə Rəhbərləri Şurasının toplantısı dini liderlər arasında fikir mübadiləsi və əməkdaşlıq üçün mühüm platformadır. Müasir dünyada dini radikalizm, islamofobiya, ksenofobiya və dindən siyasi məqsədlərlə sui-istifadə kimi problemlərin mövcud olduğu bir vaxtda dini liderlərin dialoqu xüsusi əhəmiyyət kəsb edir. Belə görüşlər müxtəlif cəmiyyətlər arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə, tolerantlıq və həmrəylik dəyərlərinin təşviqinə xidmət edir. Bakı toplantısında da dini sahədə əməkdaşlığın genişləndirilməsi, gənclərin maarifləndirilməsi və mənəvi dəyərlərin qorunması kimi məsələlər diqqət mərkəzində olub.
Bu toplantının Bakıda keçirilməsi Azərbaycanın Türk dünyası ilə yanaşı, İslam coğrafiyası ilə əlaqələrinin də mühüm göstəricisidir. Tədbirlərdə müxtəlif ölkələrdən dini rəhbərlərin, alimlərin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı müzakirələrin əhatəsini daha da genişləndirib. Prezident İlham Əliyevin görüş zamanı müxtəlif ölkələrdən gələn dini liderləri salamlaması və onlara sülh, xoşbəxtlik və rifah arzularını çatdırması Bakının əsas mesajının qarşılıqlı hörmət və əməkdaşlıq olduğunu göstərir.
Bakıda keçirilən digər mühüm tədbir — Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans isə Azərbaycanın zəngin mənəvi-intellektual irsinin dünyaya təqdim edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. XV əsrdə yaşamış Seyid Yəhya Bakuvi Azərbaycan fəlsəfi və təsəvvüf düşüncəsinin görkəmli nümayəndələrindən biri kimi tanınır. Onun irsi yalnız Azərbaycan üçün deyil, bütövlükdə İslam dünyasının elmi, fəlsəfi və mənəvi tarixinin öyrənilməsi baxımından dəyərlidir. Konfransda 40-a yaxın ölkədən və 18 beynəlxalq təşkilatdan 200-ə yaxın din xadiminin, alimlərin və digər nümayəndələrin iştirakı tədbirin beynəlxalq miqyasını nümayiş etdirib.
Prezident İlham Əliyevin konfrans iştirakçıları ilə görüşündə Seyid Yəhya Bakuvinin irsinə verdiyi yüksək qiymət təsadüfi deyil. Dövlət başçısı Azərbaycanın dünya mədəniyyətinə bəxş etdiyi böyük şəxsiyyətlər sırasında Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Seyid Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Məhəmməd Füzulinin adlarını çəkərək onların yaratdığı zəngin irsin Azərbaycan xalqı ilə yanaşı, bütün İslam dünyası üçün böyük dəyər daşıdığını bildirdi.
Seyid Yəhya Bakuvinin irsinin məhz bu gün beynəlxalq səviyyədə müzakirəyə çıxarılması mühüm mesaj verir: tarix yalnız keçmişi xatırlamaq deyil, keçmişin mənəvi dəyərlərindən bu gün və gələcək üçün istifadə etməkdir. Onun irsində mənəvi kamillik, insanpərvərlik, elm və düşüncə kimi dəyərlər xüsusi yer tutur. Bu dəyərlərin müasir dünyada təbliği dini ayrı-seçkiliyin və radikal düşüncələrin qarşısının alınmasına, insanlar və cəmiyyətlər arasında dialoqun güclənməsinə töhfə verə bilər.
Bu iki tədbirin eyni vaxtda Bakıda keçirilməsi də özlüyündə rəmzi məna daşıyır. Bir tərəfdə Türk dünyasının dini rəhbərləri əməkdaşlıq və həmrəylik məsələlərini müzakirə edir, digər tərəfdə isə Azərbaycanın böyük mütəfəkkirinin irsi beynəlxalq elmi-mənəvi müstəvidə araşdırılır. Beləliklə, tarixi irs ilə müasir əməkdaşlıq, mənəviyyat ilə dialoq, ortaq dəyərlər ilə sülh ideyası vahid məzmun ətrafında birləşir.
Azərbaycanın bu tədbirlərə ev sahibliyi etməsi ölkəmizin Türk dünyası ilə İslam aləmi arasında mühüm əlaqələndirici məkan kimi rolunu da nümayiş etdirir. Bakıdan verilən əsas mesaj isə aydındır: ortaq tarix və mənəvi dəyərlər xalqları ayıran deyil, onları birləşdirən güclü körpüdür. Bu körpünün üzərində qurulan dialoq qarşılıqlı etimadı möhkəmləndirir, əməkdaşlıq imkanlarını genişləndirir və sülh mədəniyyətinin inkişafına şərait yaradır.
Xüsusilə Azərbaycan-Ermənistan münasibətlərində yeni sülh gündəliyinin formalaşdığı bir dövrdə dini və ictimai liderlərin dialoq, qarşılıqlı hörmət və əməkdaşlıq çağırışları əlavə məna kəsb edir. Sülh yalnız siyasi sənədlərlə deyil, həm də cəmiyyətlər arasında etimadın, qarşılıqlı anlaşmanın və humanist dəyərlərin möhkəmləndirilməsi ilə davamlı xarakter qazana bilər. Bu baxımdan Bakıda keçirilən toplantı və konfransın mənəvi-dini müstəvidə dialoqu təşviq etməsi xüsusi əhəmiyyət daşıyır.
Beləliklə, Bakıdakı bu iki mühüm tədbir Azərbaycanın zəngin tarixi-mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması ilə yanaşı, Türk dünyasının və İslam aləminin ortaq mənəvi dəyərlər ətrafında daha sıx əməkdaşlığı üçün mühüm platforma yaratdı. Seyid Yəhya Bakuvinin əsrlər əvvəl yaratdığı mənəvi irsin bu gün müxtəlif ölkələrdən gəlmiş alim və dini liderlər tərəfindən müzakirə edilməsi göstərir ki, həqiqi mənəvi sərvət zamanın sərhədlərini aşır. Bakıdan dünyaya yayılan bu mesajın əsasında isə elm, mənəviyyat, qarşılıqlı hörmət, həmrəylik və sülh dayanır.
