YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“İRS-Naslediye” jurnalının xüsusi buraxılışı Qarabağa həsr olunub

Moskvada “İRS-Naslediye” jurnalının 11-ci xüsusi buraxılışı işıq üzü görüb. Qarabağa həsr olunan bu nömrədə Azıx mağarası, Şuşada görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsi, Qarabağ xalçaları haqqında məqalələr təqdim olunub. Ermənilərin Azərbaycan torpaqlarına iddiaları və ötən əsrin əvvəllərində erməni terrorizmi haqqında materiallar, heç şübhəsiz, oxucuların diqqətini cəlb edəcək. Nömrə 1980-ci illərin sonu – 1990-cı illərin əvvəllərində Qarabağ müharibəsində döyüşən Vətən övladlarının nadir fotoşəkilləri ilə tamamlanır.

Jurnalın baş redaktoru Musa Mərcanlının “Arxeoloji saxtalaşdırmalar?” sərlövhəli məqaləsində Qarabağda Azərbaycan mədəni irsinin erməni işğalçıları tərəfindən məhv edilməsindən söz açılır. Məqalədə deyilir: “Zəbt edilmiş ərazilərdə maddi mədəniyyət nümunələrinin dağıdılması və saxtalaşdırılması ilə kifayətlənməyən işğalçılar burada “arxeoloji qazıntılara” başlayıblar. Hərçənd bütün bu abidələr hələ müharibədən əvvəl Azərbaycan və sovet alimləri tərəfindən öyrənilib. Nəticədə çoxsaylı elmi əsərlər yazılıb və yerli, habelə xarici nəşrlərdə dərc edilib. Buradan belə nəticə hasil olur ki, indiki “qazıntıların” məqsədi elmdən uzaqdır: söhbət ermənilərin bu diyara XIX əsrin əvvəllərində köçürülməsi barədə hamıya məlum olan faktın izini itirmək, əvəzində ermənilərin, guya, bu torpaqlarda lap qədimlərdən yaşaması barədə saxta tezisi “sübut edən” materiallar “tapmaqdır”. Müəllif vurğulayır ki, hələ 2000-ci ildən başlayaraq beynəlxalq ekspedisiya bəhanəsi ilə Azıx və Tağlar mağaraları, Qaraköpəktəpə və Uzundərə kurqanları, Şahbulaq sahəsi kimi məşhur abidələrdə irimiqyaslı “qazıntılar” aparırlar. “Qazıntı işlərində” başqa ölkələrdə yaşayan erməni mənşəli alimlər iştirak edirlər.

Jurnal erməni terrorizmi barəsində silsilə məqalələr dərc etməkdə davam edir. Bu nömrədə tarix elmləri namizədi Oleq Kuznetsovun “Birinci terror müharibəsi: Rusiyadan baxış (millətlərarası erməni terrorizmi və 1988-1994-cü illər Dağlıq Qarabağ münaqişəsi)” sərlövhəli növbəti araşdırması da çap olunub.