Xəbərlər
Bakı-Daşkənd xətti: ticarət və investisiya əlaqələri yeni imkanlar yaradır
Füzuli Abdullayev
YAP Ağsu rayon təşkilatının sədri
Azərbaycan və Özbəkistan arasında münasibətlər əsrlərin sınağından keçmiş ortaq tarixə, zəngin mədəni irsə, milli-mənəvi dəyərlərə və xalqlarımız arasında formalaşmış dərin qarşılıqlı rəğbətə əsaslanır. Bu möhkəm təməl müasir dövrdə iki dövlət arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın sürətli inkişafına mühüm zəmin yaradıb. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü yüksək səviyyəsini və gələcək inkişaf perspektivlərini hərtərəfli əks etdirir.
Azərbaycan və Özbəkistanı birləşdirən münasibətlər yalnız diplomatik əlaqələrin məcmusu deyil. Bu münasibətlər, ilk növbədə, iki qardaş xalqın bir-birinə olan səmimi münasibətindən, qarşılıqlı hörmətindən və ortaq mənəvi dəyərlərindən qaynaqlanır. Tarix boyu Azərbaycan və özbək xalqları arasında ədəbi, mədəni və elmi əlaqələr mövcud olub. Böyük İpək Yolunun yaratdığı qarşılıqlı təmaslar, türk dünyasının ortaq irsi və zəngin mədəni ənənələr xalqlarımız arasında sıx bağların formalaşmasına xidmət edib. Məhz bu tarixi və mənəvi yaxınlıq müstəqillik illərində Azərbaycan–Özbəkistan dövlətlərarası münasibətlərinin möhkəm təməlini təşkil edib. Diplomatik münasibətlərin qurulmasından sonra qarşılıqlı əlaqələr ardıcıl şəkildə inkişaf edib, yüksək səviyyəli siyasi dialoq formalaşıb. Son illərdə isə bu münasibətlər yeni keyfiyyət mərhələsinə daxil olub.
Azərbaycan və Özbəkistan arasında əlaqələrin müttəfiqlik səviyyəsinə yüksəlməsi iki ölkənin münasibətlərində tarixi mərhələdir. Bu, qarşılıqlı etimadın, siyasi iradənin və strateji maraqların yüksək səviyyədə uzlaşmasının göstəricisidir. Dövlət başçıları arasında mövcud olan səmimi dostluq münasibətləri ikitərəfli əlaqələrin inkişafına mühüm impuls verir. Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında müntəzəm görüşlər və qarşılıqlı səfərlər iki ölkənin əməkdaşlığının yeni istiqamətlərini müəyyənləşdirir və mövcud layihələrin həyata keçirilməsinə əlavə stimul yaradır.
Azərbaycan və Özbəkistanın yaxınlaşması yalnız ikitərəfli münasibətlər baxımından deyil, Türk dünyasının ümumi inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Türk Dövlətləri Təşkilatının fəal üzvlərindən biri kimi türk dövlətləri arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verir. Özbəkistanın da Türk dünyasının inteqrasiya proseslərində fəal iştirak etməsi bu əməkdaşlığın coğrafiyasını və potensialını daha da genişləndirir.
Azərbaycan–Özbəkistan münasibətlərinin uğurunu şərtləndirən əsas amillərdən biri də qarşılıqlı etimaddır. Etimad olmadan uzunmüddətli və dayanıqlı tərəfdaşlıq qurmaq mümkün deyil. Azərbaycan və Özbəkistan arasında isə bu etimad həm dövlət rəhbərləri, həm hökumətlər, həm biznes dairələri, həm də xalqlar səviyyəsində formalaşıb.
Bu gün Azərbaycan və Özbəkistan bir-birini yalnız qardaş dövlət kimi deyil, həm də etibarlı müttəfiq və strateji tərəfdaş kimi qəbul edir. Qarşılıqlı səfərlər, intensiv siyasi dialoq, artan ticarət və investisiya əlaqələri, nəqliyyat və enerji layihələri, humanitar əməkdaşlıq və Türk dünyasının birliyinə yönəlmiş təşəbbüslər bu münasibətlərin çoxşaxəli xarakterini təsdiqləyir.
Azərbaycan və Özbəkistan arasında formalaşmış müttəfiqlik münasibətləri iki ölkənin milli maraqlarına xidmət etməklə yanaşı, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin güclənməsinə, regional sabitlik və iqtisadi əməkdaşlığın inkişafına da mühüm töhfə verir. Ən əsası isə bu münasibətlərin təməlində xalqlarımızın bir-birinə olan səmimi rəğbəti, qardaşlığı və qarşılıqlı hörməti dayanır. Məhz bu möhkəm mənəvi təməl Azərbaycan–Özbəkistan münasibətlərinin gələcəkdə də yüksələn xətlə inkişaf edəcəyinə, yeni uğurlarla zənginləşəcəyinə və sarsılmaz müttəfiqliyin daha da möhkəmlənəcəyinə əminlik yaradır.
