YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasından Milli Məclisə seçilmiş qadın deputatlarla görüş keçirilib

Dekabrın 28-də Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının təşəbbüsü ilə partiyanın Xətai rayon təşkilatında beşinci çağırış Milli Məclisə YAP-dan seçilmiş qadın deputatlarla görüş keçirilib.

Görüşdə YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva çıxış edərək Yeni Azərbaycan Partiyasının cəmiyyətin siyasi avanqardı, ölkənin və regionun ən nüfuzlu siyasi qüvvəsi olduğunu deyib. Bildirib ki, partiya çox geniş potensiala malikdir, əldə edilən uğurlarda qadınlarımızın da özünəməxsus payı var. Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında qadınların rolu durmadan artır. Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar çalışmasınlar. Azərbaycan qadınları tükənməz enerji və məhəbbətlə ailələrində ömürlərinin şərəfli günlərini yaşamaqla bərabər, cəmiyyətdəki aktual problemlərin həllində də iştirakçı olurlar.

Qadınların üzləşdikləri problemlərdən söhbət açan YAP Qadınlar Şurasının sədri erkən nikahların onların gələcəyinə maneələr yaratdığını deyib. O, Milli Məclisin xanım deputatlarının orta məktəblərdə gənc qızlarla fəal iş aparmalarının zəruriliyini vurğulayıb.

Görüşdə YAP İdarə Heyətinin üzvü, Milli Məclis sədrinin müavini Bahar Muradova 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib. Bahar Muradova noyabrın 1-də keçirilmiş parlament seçkilərində Yeni Azərbaycan Partiyasının qazandığı parlaq qələbəyə diqqəti cəlb edib. Qeyd edib ki, Milli Məclisə seçilən qadın deputatlardan çoxunu Yeni Azərbaycan Partiyasının üzvləri təşkil edir. Bu, böyük nailiyyət olmaqla yanaşı, həm də böyük məsuliyyətdir.

Diqqətə çatdırılıb ki, YAP qadınları ölkənin həm ictimai, həm mədəni, həm də siyasi həyatında yaxından iştirak edirlər. Onlar Azərbaycanı beynəlxalq təşkilatlarda da layiqincə təmsil edirlər. Onların həm partiya işində əldə etdikləri təcrübə, həm də qazandıqları nailiyyətlər örnəkdir. Azərbaycan qadınlarının uğurlar əldə etməsinin əsas səbəbi ulu öndər Heydər Əliyevin qadınların öz imkanlarını ictimai-siyasi sahədə həyata keçirmələri üçün yaratdığı şəraitdir. Ulu Öndərin bu siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

“Elə etməliyik ki, bizim fəaliyyətimiz Milli Məclisin fəaliyyətinə öz töhfəsini versin”, - deyən Bahar Muradova bildirib ki, qadın deputatlarımız dünyadakı tendensiyaları və bu tendensiyalardan irəli gələn nəticələri hesablamağı bacarmalıdırlar. Onlar səlahiyyətlərini dəqiq bilməlidirlər. Yeni seçilən qadın deputatlarımız deputat təcrübəsi olan xanımlarımızdan çox şey öyrənməlidirlər. Onlar əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməlidirlər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hicran Hüseynova çıxış edərək bildirib ki, bir ailənin problemi sonradan bir qəsəbənin, bölgənin probleminə çevrilir. Ona görə də belə problemlərlə üzləşməmək üçün vaxtında tədbirlər görülməlidir. Qadın deputatlarımız həmrəy olmalı, cəmiyyətimiz üçün gərəkli məsələlərə diqqət ayırmalıdırlar. Qadınların çiyinlərinə çox böyük zəhmət, məsuliyyət düşür. Ailədə uşaqların tərbiyə məsələsi çox önəmlidir. Necə olur ki, bir bölgədə erkən nikahların sayı artır, qızların təhsildən yayınma halları artır, digər bölgələrdə belə hallar demək olar yoxdur, amma oğlan uşaqları müəyyən lazımsız təsirlərin altında daha problemli bir formada böyüyürlər? Bütün bunların qarşısını almaq üçün vaxtında iş görməsək, xüsusilə maarifləndirmə işləri gücləndirilməsə, böyük problemlərlə rastlaşarıq. Bu problemlər ondan ibarətdir ki, bir ailədə ailə üzvləri bir-birilərini eşitmirlər, gənc nəsil ataya, anaya iradlar tutur. Belə hallarda ictimai birlik bizə kömək edə bilər.

Komitə sədri bu gün Azərbaycan qadınlarının hərtərəfli inkişafı üçün ölkəmizdə əlverişli şəraitin mövcud olduğunu vurğulayıb. O, Milli Məclisin ölkəmizin inkişafı naminə vacib qanunlar qəbul etdiyini və onların hazırlanmasında qadın deputatların da fəal iştirak etdiklərini bildirib. Qadın deputatların öz fəaliyyətləri ilə ölkəmizin inkişafına töhfə verəcəklərinə əminliyini bildirib.

Görüşdə Milli Məclisə yeni seçilmiş qadın deputatlar çıxış edərək üzərlərinə düşən işi məsuliyyətlə yerinə yetirəcəklərini bildiriblər. Vurğulanıb ki, qadınlar cəmiyyət həyatının bütün sahələrində fəal iştirak etməklə öz bilik və bacarıqlarını ölkəmizin daha da çiçəklənməsinə sərf edirlər.