YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Özbəkistan əməkdaşlığı: regional inteqrasiyanın yeni vektoru

Meydanəli Yolçiyev

​​​​​​​​YAP Daşkəsən rayon təşkilatının sədri

Azərbaycan və Özbəkistan münasibətləri son illərdə sürətlə inkişaf edərək strateji məzmun qazanıb. Ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlər üzərində formalaşan qardaşlıq münasibətləri bu gün siyasi müttəfiqlik, iqtisadi tərəfdaşlıq, nəqliyyat-logistika əməkdaşlığı, enerji, təhsil, mədəniyyət və digər sahələrdə konkret layihələrlə möhkəmlənir.

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi də məhz bu reallığı nümayiş etdirir. İki ölkə münasibətlərinin bugünkü səviyyəsi bir neçə mühüm amilin – siyasi iradənin, liderlər arasında qarşılıqlı etimadın, iqtisadi maraqların və iki ölkənin regiondakı strateji mövqelərinin uzlaşmasının nəticəsidir.

Azərbaycan–Özbəkistan əlaqələrinin inkişafında siyasi dialoqun xüsusi çəkisi var. Son beş ildə ən yüksək səviyyədə 15 qarşılıqlı səfərin həyata keçirilməsi iki ölkə rəhbərliyinin münasibətlərə verdiyi önəmin göstəricisidir. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında formalaşmış səmimi dostluq və qarşılıqlı etimad dövlətlərarası əlaqələrin inkişafına mühüm impuls verir. 2024-cü ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana səfəri, 2025-ci ilin iyulunda Prezident Şavkat Mirziyoyevin ölkəmizə səfəri çərçivəsində imzalanmış mühüm sənədlər münasibətlərin hüquqi-siyasi bazasını yeni mərhələyə yüksəldib. Dövlətimizin başçısı qeyd edib: “Bu ikitərəfli səfərlər zamanı imzalanan çoxsaylı sənədlər, xüsusən “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki müstəqil, güclü və suveren dövlətimiz arasında təbii müttəfiqliyi rəsmi olaraq möhkəmləndirdi. Bu sənədlər ölkələrimiz arasında əlaqələrin hüquqi və siyasi əsaslarını daha da gücləndirdi və əməkdaşlığımızın gələcək inkişafı üçün yeni imkanlar açdı”.

Ali Dövlətlərarası Şura Azərbaycan–Özbəkistan əlaqələrinin inkişafında mühüm mexanizmə çevrilib. Bu format iki ölkənin rəhbərlərinə strateji prioritetləri müzakirə etmək, yeni təşəbbüsləri müəyyənləşdirmək və mövcud layihələrin icrasını qiymətləndirmək imkanı verir. Şuranın artıq 3 iclasının keçirilməsi siyasi dialoqun ardıcıllığını nümayiş etdirir. Əslində bu qurum münasibətlərin şəxsi təmaslardan institusional və davamlı əməkdaşlıq modelinə keçidini təmin edən əsas mexanizmlərdən biridir. Belə mexanizmlərin mövcudluğu Azərbaycan–Özbəkistan münasibətlərinin uzunmüddətli xarakter daşıdığını təsdiqləyir.

İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyəsi iqtisadi əlaqələrin də sürətlə inkişaf etməsinə şərait yaradıb. 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin 795 milyon dollara çataraq əvvəlki illə müqayisədə üç dəfədən çox artması diqqətəlayiq göstəricidir. 2026-cı ilin ilk beş ayında isə ticarət dövriyyəsinin 33 faiz artması iqtisadi münasibətlərdə müsbət dinamikanın davam etdiyini nümayiş etdirir. İki ölkənin istehsal imkanları, coğrafi mövqeyi, təbii resursları və insan kapitalı bir-birini tamamlayan xüsusiyyətlərə malikdir. Bu baxımdan qarşılıqlı investisiyaların genişləndirilməsi əsas prioritetlərdən biridir.

Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin 500 milyon ABŞ dolları ümumi kapitalla yaradılması iki ölkənin iqtisadi münasibətlərinə verilən strateji əhəmiyyəti göstərir. Şirkətin fəaliyyəti birgə layihələrin maliyyələşdirilməsi, yeni istehsal sahələrinin yaradılması və investisiya əməkdaşlığının genişləndirilməsi baxımından mühüm imkanlar yaradır. Azərbaycanın Özbəkistanda, Özbəkistanın isə ölkəmizdə daha fəal investisiya fəaliyyəti göstərməsi gələcəkdə ikitərəfli iqtisadi münasibətləri qarşılıqlı investisiya və istehsal kooperasiyası modelinə keçirəcəkdir. Prezident İlham Əliyev vurğulayıb: “Bu gün siyasi münasibətlərimiz iqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət və humanitar sahələrdə genişmiqyaslı əməkdaşlıq tədbirləri ilə daha da zənginləşir. Həyata keçirilən layihələr ölkələrimizin iqtisadi potensialını birləşdirməklə yanaşı, xalqlarımız arasında dostluq və qardaşlıq bağlarını daha da möhkəmləndirir”.

İki ölkə arasında enerji sahəsində əməkdaşlığın tarixi artıq bir neçə il əvvələ gedib çıxır. Neft-qaz sahəsində birgə müəssisələrin fəaliyyəti bu əlaqələrin ənənəvi enerji sektorundakı əsas istiqamətlərindən biridir. Lakin münasibətlərin yeni mərhələsində “yaşıl enerji” gündəliyi getdikcə daha çox ön plana çıxır. Azərbaycan, Qazaxıstan və Özbəkistanın yaratdığı “Yaşıl Dəhliz Birliyi” bu baxımdan strateji əhəmiyyət daşıyır. Bərpaolunan enerjinin istehsalı, ötürülməsi və ixracı ilə bağlı layihələr Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında enerji bağlantısının yeni modelini formalaşdıracaqdır. Xəzər dənizinin dibi ilə yaşıl enerjinin ötürülməsi ideyası isə bu əməkdaşlığın coğrafiyasını daha da genişləndirir.

Azərbaycan və Özbəkistanın coğrafi mövqeyi onların nəqliyyat və logistika sahəsində əməkdaşlığını xüsusi əhəmiyyətli edir. Azərbaycan Cənubi Qafqazın, Özbəkistan isə Mərkəzi Asiyanın mühüm nəqliyyat qovşaqlarından birinə çevrilmək imkanına malikdir. Bu iki coğrafiyanın bir-biri ilə daha sıx bağlanması Orta Dəhlizin potensialını artırır. 2025-ci ildə iki ölkə arasında tranzit daşımalarının 1,4 milyon tona çatması, 2026-cı ilin ilk yarısında isə daha 12,2 faizlik artımın qeydə alınması bu istiqamətdə real dinamikanın mövcud olduğunu göstərir.

Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatının ən fəal üzvləri sırasında yer alır. TDT çərçivəsində siyasi, iqtisadi, nəqliyyat, enerji, təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi iki ölkənin ortaq maraqlarına cavab verir. Azərbaycan və Özbəkistan üçün Türk dünyasının inteqrasiyası həm də iqtisadi əlaqələrin, nəqliyyat bağlantılarının və siyasi əməkdaşlığın gücləndirilməsi üçün yeni imkanlar yaradır.

İki ölkənin strateji mövqeyi onların qarşılıqlı əməkdaşlığını daha böyük geoiqtisadi proseslərin bir hissəsinə çevirir. Azərbaycanın Qərbə çıxış imkanları ilə Özbəkistanın Mərkəzi Asiyanın dərinliklərindəki mövqeyinin birləşməsi yeni ticarət və logistika marşrutlarının inkişafı üçün imkan yaradır. Bu baxımdan Orta Dəhliz, yaşıl enerji layihələri və yeni dəmir yolu bağlantıları iki ölkənin əməkdaşlığının yalnız ikitərəfli deyil, qitələrarası xarakter qazanmasına səbəb olacaqdır. Azərbaycan-Özbəkistan tandemi Şərqlə Qərb, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni əlaqələndirici həlqələrdən birinə çevriləcəkdir.

Azərbaycan–Özbəkistan əməkdaşlığı Cənubi Qafqaz ilə Mərkəzi Asiyanın yaxınlaşmasına, Türk dünyasının inteqrasiyasına, yeni nəqliyyat və enerji marşrutlarının formalaşmasına, regionlararası iqtisadi əlaqələrin genişlənməsinə xidmət edir. Bakı–Daşkənd tandemi bu gün qardaşlığın siyasi müttəfiqliyə, iqtisadi əməkdaşlığın isə daha geniş regional inteqrasiyaya çevrildiyi nümunədir.