Xəbərlər
Dayanıqlı inkişafın yeni modeli
Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın avqustin 11-də Naxçıvan Muxtar Respublikasına reallaşan səfəri, qədim diyarın sosial-iqtisadi, energetika, nəqliyyat və hərbi infrastrukturasının gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm tarixi hadisəyə çevrildi. Dövlət başçısının Muxtar Respublikaya sayca 17-ci səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi geniş müsahibə, yalnız Naxçıvanın deyil, bütövlükdə Cənubi Qafqazın nəqliyyat-energetika xəritəsini dəyişdirəcək strateji hədəfləri və baxışları nümayiş etdirdi.
Cənab İlham Əliyev müsahibəsində xüsusi vurğulanan əsas məsələlərdən biri Naxçıvanın tam enerji müstəqilliyinə nail olunması və gələcəkdə regionun əsas enerji ixracatçısına çevrilməsi strategiyasıdır. Azərbaycanda ümumi qazlaşdırma səviyyəsi 96 faiz olduğu halda, Naxçıvanda bu göstərici artıq 100 faizə çatdırılıb. Prezident bildirib ki, Naxçıvan Günəş enerjisi istehsalı üçün ölkənin ən əlverişli məkanıdır. “Şəms 1” və “Qərbi Üfüq” stansiyaları, eləcə də digər layihələrlə bölgədə Günəş enerjisi istehsalının minimum 500 meqavatdan 1000 meqavata (1 QVt) qədər çatdırılması planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzur kimi Naxçıvan da "Yaşıl Enerji Zonası" elan edilib. Ordubad Su Elektrik Stansiyasının və digər modul su stansiyalarının inkişafı da bu çərçivədə sürətlə devam etdirilir.
Dövlət başçısı Naxçıvanın regional nəqliyyat qovşağına çevrilməsi və Zəngəzur dəhlizinin strateji əhəmiyyətini ətraflı şəkildə diqqətə çatdırdı: "Zəngəzur dəhlizi yalnız dəmir yolu və ya avtomobil yolu deyil. Buradan fiber-optik kabellər, elektrik xətləri və gələcəkdə ehtiyac olarsa, neft-qaz kəmərləri keçə bilər."
Naxçıvan dəmir yolu seqmentinin bərpası işləri davam etdirilir və gələn il dəmir yolunun Azərbaycan hissəsinin Ermənistan sərhədinə qədər çatdırılması planlaşdırılır. Cəbrayıl rayonunda tikilən böyük çevirici yarımstansiya vasitəsilə Naxçıvana və oradan xaricə böyük həcmdə elektrik enerjisinin ötürülməsi təmin olunacaq. Bununla yanaşı, Zəngəzur dəhlizi vasitəsilə Culfa qovşağından İrana və Fars körfəzinə uzanan ikinci dəmir yolu xətti imkanları da qiymətləndirilir.
Naxçıvanın inkişafı təkcə lokal çərçivədə deyil, Azərbaycanın digər inkişaf edən bölgələri ilə vahid sinerjidə nəzərdə tutulur. Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən müasir idarəetmə sisteminin üstünlükləri artıq Naxçıvanda da uğurla tətbiq olunur. Səfər zamanı Prezident Naxçıvan şəhərinin 2044-cü ilədək İnkişafına dair Baş Planı ilə tanış olub. Təməli qoyulan Naxçıvan Sənaye Parkı yeni iş yerlərinin açılmasına və işsizliyin aradan qaldırılmasına xidmət edəcək. Şəhər nəqliyyatının yenilənməsi üçün müasir, ekoloji cəhətdən təmiz elektrik avtobusları istifadəyə verilir. Sosial sahədə isə yeni Sosial Evlər Kompleksinin təməli qoyulub, DOST Mərkəzi və uşaq bağçalarının şəbəkəsi genişləndirilir.
Dövlətimizin başçısı müsahibəsində vurğulanan digər önəmli istiqamət milli ruhun və təhlükəsizlik amilinin qorunması oldu. Möminə xatun türbəsində aparılan bərpa işləri və memar Əcəmi Naxçıvaninin şərəfinə ucaldılan abidə milli kimliyimizin qorunmasının göstəricisi kimi dəyərləndirilib. Hərbi sahədə isə Əlahiddə Ümumqoşun Ordunun yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının təqdim olunması Azərbaycan Silahlı Qüvvələrinin bölgədə əsas söz sahibi olduğunu bir daha sübut etdi.
Prezident İlham Əliyevin 11 avqust tarixli Naxçıvan səfəri və AzTV-yə müsahibəsi göstərdi ki, Naxçıvan mühasirə şəraitindən çıxaraq regional tərəqqinin, "yaşıl enerji" ixracının və mühüm nəqliyyat qovşağının mərkəzinə çevrilir. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın vahid inkişaf konsepsiyası əsasında yüksəlişi Azərbaycanın iqtisadi və strateji gücünü daha da möhkəmləndirir.
