Xəbərlər
Misilsiz inkişaf, sosial rifah və yeni hədəflər
Araz Xudadanov
YAP Sabunçu rayon təşkilatının sədri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri mühüm hadisələrlə və gələcəyə hesablanmış mesajlarla yadda qaldı. Dövlət başçısının səfəri çərçivəsində Naxçıvanın sosial-iqtisadi inkişafı, əhalinin rifahının yüksəldilməsi, müasir infrastrukturun yaradılması və regionun potensialından daha səmərəli istifadə məsələləri diqqət mərkəzində oldu. Naxçıvan Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatında xüsusi əhəmiyyət daşıyan bölgələrdən biridir. Son illərdə muxtar respublikada həyata keçirilən layihələr regionun hərtərəfli inkişafına, müasir şəhər və sosial infrastrukturun formalaşdırılmasına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına və iqtisadi imkanların genişləndirilməsinə xidmət edir. Prezident İlham Əliyevin Naxçıvana budəfəki səfəri də məhz bu inkişaf siyasətinin davamlı xarakter daşıdığını nümayiş etdirdi.
Prezident İlham Əliyevin Naxçıvan səfəri çərçivəsində diqqət çəkən mühüm hadisələrdən biri Naxçıvan Regional DOST Mərkəzinin açılışı oldu. Mərkəzin fəaliyyətə başlaması Naxçıvan sakinlərinə sosial xidmətlərin daha müasir, çevik və əlçatan formada təqdim edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. DOST konsepsiyasının əsas məqsədi vətəndaşların dövlət xidmətlərindən rahat və operativ şəkildə yararlanmasını təmin etməkdir. Naxçıvanda belə bir mərkəzin yaradılması sosial xidmətlər sahəsində müasir yanaşmaların muxtar respublikada da geniş tətbiq olunduğunu göstərir.
Səfərin ən mühüm məqamlarından biri Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına verdiyi geniş müsahibə oldu. Müsahibədə Naxçıvanın sosial-iqtisadi inkişafı xüsusi diqqət çəkən mövzulardan biri olub. Dövlət başçısının fikirləri göstərir ki, Naxçıvanın inkişafı yalnız cari məsələlərin həlli ilə məhdudlaşmır. Qarşıdakı dövrdə regionun iqtisadi potensialının artırılması, insanların rifahının yüksəldilməsi və Naxçıvanın ölkənin ümumi inkişaf proseslərinə daha fəal inteqrasiyası istiqamətində işlər davam etdiriləcək. Müsahibədə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər isə Naxçıvanın gələcəyinə dair aydın təsəvvür formalaşdırır. Dövlət başçısının mesajlarından görünür ki, əsas diqqət insanların rifahının yüksəldilməsinə, sosial xidmətlərin keyfiyyətinin artırılmasına, iqtisadi fəallığın genişləndirilməsinə və Naxçıvanın inkişaf potensialının tam reallaşdırılmasına yönələcək.
Azərbaycanın son illərdə həyata keçirdiyi regional inkişaf siyasətinin əsas xüsusiyyətlərindən biri bütün bölgələrin potensialından səmərəli istifadə edilməsidir. Naxçıvan da bu prosesdə özünəməxsus mövqeyə malikdir. Tarixi və coğrafi xüsusiyyətləri, iqtisadi potensialı, insan resursları və strateji mövqeyi muxtar respublikanın inkişafı üçün geniş imkanlar yaradır. Prezident İlham Əliyevin müxtəlif çıxışlarında Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə nəqliyyat əlaqələrinin daha da gücləndirilməsinin strateji əhəmiyyəti vurğulanıb. Bu istiqamətdə Zəngəzur dəhlizi ilə bağlı proseslər də Naxçıvanın gələcək nəqliyyat və iqtisadi imkanları baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin Naxçıvana səfəri həm görülən işlərin təqdimatı, həm yeni layihələrin reallaşdırılması, həm də qarşıdakı dövr üçün mühüm hədəflərin müəyyənləşdirilməsi baxımından əlamətdar oldu. Səfərin ardınca Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlərin müəyyənləşdirilməsi dövlətin bu regiona xüsusi diqqətinin daha bir göstəricisidir.
Naxçıvan bu gün Azərbaycanın ümumi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi yeni imkanlar mərhələsinə daxil olur. Dövlət siyasətinin ardıcıllığı, həyata keçirilən layihələr və yeni təşəbbüslər isə qarşıdakı illərdə Naxçıvanın sosial-iqtisadi inkişafında daha böyük nəticələrin əldə olunacağına əsas yaradır. Beləliklə, Prezident İlham Əliyevin Naxçıvan səfəri yalnız birgünlük səfər çərçivəsində həyata keçirilən tədbirlər toplusu deyil, həm də muxtar respublikanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
