Xəbərlər
Azərbaycan-Qırğızıstan münasibətləri dərin tarixi köklərə malikdir
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Dövlətimizin başçısı İlham Əliyev Qırğız Respublikasında dövlət səfərində oldu. Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər hazırda ən yüksək səviyyədədir. Azərbaycan-Qırğızıstan münasibətləri dərin tarixi köklərə malikdir, ortaq dil, mədəni və mənəvi dəyərlərə əsaslanır.
Səfər çərçivəsində dövlətimizin başçısı İlham Əliyev Qırğızıstan Prezidenti ilə təkbətək görüşdü, həmçinin Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi Məşvərət Görüşündə iştirak etdi. Azərbaycan ilə Qırğızıstan arasında münasibətləri ən yüksək müstəviyə qaldıracaq “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalandı. Bu sənədlə Azərbaycanla Qırğızıstan arasında strateji tərəfdaşlıq münasibətləri ən yüksək səviyyəyə - müttəfiqlik səviyyəsinə yüksəldi.
Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi “Müttəfiqlik münasibətləri böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq” fikir iki ölkənin gələcək əməkdaşlığının iqtisadi, təhlükəsizlik və humanitar layihələrlə möhkəmləndiriləcəyini təsdiqləyən mühüm mesaj kimi dəyərləndirildi. Çolpon-Atada əldə olunan razılaşmalar da təsdiqləyir ki, tərəflər münasibətləri uzunmüddətli strateji maraqlar üzərində qururlar. İmzalanan sənədlərin əhatə dairəsi iqtisadiyyat, investisiya, nəqliyyat, rəqəmsal inkişaf, təhsil, mədəniyyət və dövlət idarəçiliyi kimi müxtəlif istiqamətləri əhatə etməklə əməkdaşlığın sistemli xarakter aldığını göstərir. Azərbaycan və Qırğızıstan energetika, bərpaolunan enerji mənbələri, nəqliyyat və logistika, yüksək texnologiyalar, peyk texnologiyaları, rəqəmsal inkişaf, kənd təsərrüfatı, dağ-mədən sənayesi və turizm kimi müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verirlər. Bu istiqamətlərdə əməkdaşlıq iki ölkənin iqtisadi potensialından daha səmərəli istifadə etməyə, yeni investisiya imkanlarının yaradılmasına və biznes əlaqələrinin intensivləşdirilməsinə imkan yaradacaq.
Energetika və xüsusilə bərpaolunan enerji sahəsində əməkdaşlıq gələcək üçün perspektivli istiqamətlərdən biri hesab olunur. Dünyada yaşıl enerji keçidinin sürətləndiyi, enerji təhlükəsizliyinin milli və regional siyasətin əsas prioritetlərindən birinə çevrildiyi bir vaxtda Azərbaycanla Qırğızıstan arasında bu sahədə təcrübə və texnologiya mübadiləsinin genişləndirilməsi yeni imkanlar açır. Cənab İlham Əliyev mətbuata bəyanatında bu mühüm məqamlara xüsusi diqqət yönəldərək bildirdi ki, bu gün biz birgə Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə vəsaitinin iki dəfə - 200 milyon dollara qədər artırılması barədə razılıq əldə etdik. Əminəm ki, bu da son hədd deyil, çünki Fondun fəaliyyəti üzrə bizə nümayiş etdirilən təqdimat konkret məzmunla zənginləşir. Qırğızıstanda həyata keçirilən çoxlu layihə var və onlar birgə istehsal, yeni iş yerləri yaradır, qarşılıqlı fəaliyyətimizin iqtisadi potensialını möhkəmləndirir.
Onu da qeyd edək ki, İssık-Kul sahilində Azərbaycan investisiyası hesabına inşa olunan “Baku Resort & Spa” hoteli Azərbaycanın regionda iqtisadi tərəfdaş kimi artan rolunun simvoluna çevrilir. Bu layihə iqtisadi əməkdaşlığın real nəticələrinin nümayişi olmaqla yanaşı, Azərbaycan kapitalının Mərkəzi Asiyada etibarlı investisiya mənbəyi kimi qəbul edildiyini də göstərir.
Ağdamda “Manas” məktəbinin açılması, Bakıda Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi, qarşılıqlı Mədəniyyət Günlərinin təşkili və dostluq parklarının salınması iki xalq arasında münasibətlərin siyasi və iqtisadi maraqlarla məhdudlaşmadığını, ortaq tarixi və mədəni irs üzərində qurulduğunu nümayiş etdirir. Dövlətimizin başçısı İlham Əliyev qeyd etdi ki, biz, həmçinin Qarabağın bərpasına göstərilən kömək üçün daim minnətdarlığımızı ifadə edirik. Sizinlə birlikdə Ağdam rayonunda “Manas” adını daşıyan məktəbin açılışında iştirak etdik. Bu, Qırğız xalqının 30 il ərzində işğaldan zərər çəkən Qarabağın bərpası işinə böyük töhfəsi oldu. Bizi tarix, mədəniyyət, xalqlarımızın görkəmli nümayəndələrinə hörmət ilə bağlı çox şey birləşdirir: “Biz Sizinlə, həmçinin Bakıda Çingiz Aytmatovun abidəsini və onun adını daşıyan parkın açılışını etdik. Bu yerlər, həmçinin Çingiz Aytmatovun həyatı və fəaliyyəti ilə bağlıdır. Bu gün görüş keçirdiyimiz ev də onunla bağlıdır və divarlarda onun portreti var. Bütün bunlar bizim bir-birimizə yaxınlaşmaq səylərimizi nümayiş etdirir. Bir neçə il əvvəl Sizinlə birlikdə Bişkekdə Qırğızıstan-Azərbaycan dostluğu parkının açılışını da unutmayacağam. Bu park da birgə əməkdaşlığımızın paytaxtdakı kiçik guşəsidir. Bu gün bizim danışdığımız humanitar əlaqələr – Qırğızıstanda Azərbaycanın, Azərbaycanda isə Qırğızıstanın Mədəniyyət Günləri müsbət ab-hava yaradır, ortaq köklərə malik və bir neçə beynəlxalq strukturda birləşmiş xalqlarımızın necə yaxın olduğunu bir daha nümayiş etdirir”.
Səfər zamanı Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşünün keçirilməsi və yekun olaraq Çolpon-Ata Bəyannaməsinin imzalanması tərəflərin ortaq siyasi iradəsini əks etdirən, əməkdaşlığın prioritet istiqamətlərini müəyyənləşdirən və gələcək qarşılıqlı fəaliyyətin əsas prinsiplərini təsbit edən mühüm siyasi sənəd kimi qiymətləndirilir. Bəyannamədə, ilk növbədə, tərəflər arasında əsrlər boyu formalaşmış tarixi, mədəni və sivilizasiya əlaqələrinin xüsusi vurğulanması təsadüfi deyil. Bu müddəa göstərir ki, əməkdaşlıq yalnız siyasi və iqtisadi maraqlara deyil, ortaq tarixi köklərə, mədəni yaxınlığa və ümumi mənəvi dəyərlərə söykənir. Xüsusilə türk xalqları arasında mövcud olan ortaq dil, mədəniyyət və ənənələr bu münasibətlərin daha da dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır.
