Xəbərlər
Qırğızıstan ilə Azərbaycan daim bir-birini dəstəkləyir
Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri
Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında siyasi dialoqun yüksək səviyyədə olması, qarşılıqlı səfərlərin və təmasların intensivləşməsi, iqtisadi və nəqliyyat layihələrinin genişlənməsi regionlar arasında daha sıx əməkdaşlıq üçün əlverişli imkanlar yaradır. Bu baxımdan Azərbaycanın və Qırğızıstanın müttəfiqlik münasibətlərini rəsmiləşdirilmələri yalnız iki dövlətin əlaqələrinin yeni mərhələyə yüksəldilməsi deyil, həm də Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında strateji əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm addım kimi dəyərləndirilir. Cənab İlham Əliyevin bu günlərdə Qırğızıstana dövlət səfəri həm iki ölkənin, həm də Azərbaycan-Mərkəzi Asiya ölkələrinin münasibətlərinin təqdimatında əhəmiyyətli rol oynayır. Prezidentlərin mətbuata bəyanatında Sadır Japarovun “Əminəm ki, bu səfər qardaş münasibətlərimizin möhkəmlənməsinə yeni impuls verəcək. Qırğızıstan ilə Azərbaycan bir-birini daim dəstəkləyir və qarşılıqlı maraq doğuran məsələlər üzrə mövqelərini uğurla əlaqələndirir. Məmnunluqla qeyd edirəm ki, Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq bu gün ən yüksək səviyyədədir. Müntəzəm təmaslar və qarşılıqlı etimad bu gün qurulan müttəfiqlik münasibətləri üçün möhkəm zəmin yaradır” fikirlərinin davamı olaraq cənab İlham Əliyev bildirdi ki, bu gün biz Sizinlə dövlətlərarası münasibətləri ən yüksək səviyyəyə qaldırdıq, qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinə birgə səyləri bir daha nümayiş etdirdik. Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə - həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik. Bu gün imzalanan sənədlər zərfi qarşılıqlı fəaliyyətimizin geniş sferasını nümayiş etdirir. Əminəm ki, səfərimin nəticələrinə görə əldə olunan razılaşmalar da əvvəlkilər kimi uğurla həyata keçiriləcək: “Bu gün biz birgə Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə vəsaitinin iki dəfə - 200 milyon dollara qədər artırılması barədə razılıq əldə etdik. Əminəm ki, bu da son hədd deyil, çünki Fondun fəaliyyəti üzrə bizə nümayiş etdirilən təqdimat konkret məzmunla zənginləşir. Qırğızıstanda həyata keçirilən çoxlu layihə var və onlar birgə istehsal, yeni iş yerləri yaradır, qarşılıqlı fəaliyyətimizin iqtisadi potensialını möhkəmləndirir. Həmçinin bu gün həmkarlarımızla bizim birgə qərarımız olan “Bakı” hotelinin açılışında da iştirak edəcəyik. Biz çox sevinirik və fəxr edirik ki, İssık-Kulun sahilində ilk beşulduzlu hotel Azərbaycan dövlətinin vəsaiti ilə inşa edilib və “Bakı” adını daşıyır”.
Bu mühüm məqam da xüsusi vurğulandı ki, Qarabağın bərpasına göstərilən kömək üçün daim minnətdarlığımızı ifadə edirik. Ağdam rayonunda “Manas” adını daşıyan məktəbin açılışı oldu. Bu, Qırğız xalqının 30 il ərzində işğaldan zərər çəkən Qarabağın bərpası işinə böyük töhfəsidir.
Səfər zamanı Prezidentlərin təltif olunması mərasimi də xüsusi diqqətdə oldu. Qırğızıstan Prezidenti Sadır Japarovun söylədiyi “Müasir Azərbaycan regional və beynəlxalq proseslərdə mühüm rol oynayan güclü və nüfuzlu dövlətdir. Sizin Azərbaycana rəhbərlik etdiyiniz illərdə dövlətçiliyin möhkəmlənməsi, iqtisadiyyatın inkişafı və irimiqyaslı layihələrin həyata keçirilməsi üzrə böyük nailiyyətlər əldə olunub” fikirləri Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə qazandığı nailiyyətlərə verilən ən yüksək qiymət idi. Dövlətimizin başçısına təqdim olunan Qırğız Respublikasının ali dövlət mükafatı – “Manas” ordeni isə cənab İlham Əliyevin ölkələrimiz arasında dostluğun möhkəmləndirilməsinə sadiqliyinin Qırğız xalqı tərəfindən yüksək qiymətləndirilməsinin bariz nümunəsi oldu.
İyulun 31-də Çolpon-Ata şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası, həmçinin Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirildi. Hər iki görüş həm iki ölkənin, həm də Azərbaycan-Mərkəzi Asiya ölkələri münasibətlərinin hazırkı inkişaf səviyyəsinin nümayişi kimi dəyərləndirildi. Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə cənab İlham Əliyev bildirdi ki, Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir. Sadəcə qarşılıqlı səfərlərin dinamikasını söyləmək kifayət edər. Mən 2023-cü ilin əvvəlindən bu günə qədər Mərkəzi Asiyanın qardaş ölkələrinə ümumilikdə 16 dəfə səfər etmişəm, həmin ölkələrdən həmkarlarım isə 26 dəfə Azərbaycanda səfərdə olublar. Yəni statistika münasibətlərin dinamikası və yaxınlığından daha yaxşı xəbər verir, həm də göstərir ki, bu gün Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilib: “Həmçinin qeyd etmək istərdim ki, mən bu formatın tamhüquqlu üzvü qismində məşvərət görüşündə ilk dəfədir iştirak edirəm. Mərkəzi Asiyanın bütün dövlət başçılarına Azərbaycanın bu qrupun tamformatlı tərkibinə daxil edilməsinə dair keçən il Özbəkistanda qəbul edilmiş tarixi qərara görə bir daha minnətdarlığımı bildirmək istərdim. Bu görüşə qədər mən fəxri qonaq qismində qatılırdım, indi isə komandanın tamhüquqlu üzvü kimi iştirak edirəm. Bütün həmkarlarıma bir daha təşəkkürümü bildirirəm. Sizi əmin etmək istəyirəm ki, Azərbaycan məşvərət formatının fəal üzvü olacaq və öz tərəfindən əməkdaşlığı daha da inkişaf etdirmək, ölkələrimizi və xalqlarımızı daha sıx yaxınlaşdırmaq üçün bütün səylərini göstərəcək”.
Qısa təhlil bu qənaətə əsas verir ki, strateji tərəfdaşlıqdan müttəfiqliyə yüksələn Azərbaycan-Qırğızıstan münasibətlərinin fonunda Azərbaycan-Mərkəzi Asiya ölkələri əlaqələrinin yüksələn xətlə inkişafı üçün bütün imkanların mövcudluğu aydın şəkildə görünür.
