YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Dilimiz milli kimliyimiz, əlifbamız milli-mənəviyyatımızdır”

Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatı və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş “Dilimiz milli kimliyimiz, əlifbamız milli-mənəviyyatımızdır” mövzusunda tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra iştirakçılara mövzuya həsr olunmuş videoçarx təqdim olunub.

Tədbiri giriş sözü ilə açan YAP Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün xalqımızın milli kimliyinin, dövlətçilik ənənələrinin və mənəvi dəyərlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, ana dili təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixini, mədəniyyətini, milli yaddaşını və mənəvi irsini yaşadan əsas amildir. Azərbaycan dilinin əsrlər boyu müxtəlif tarixi sınaqlardan keçərək öz zənginliyini və saflığını qoruduğunu vurğulayan Emil Tağıyev bildirib ki, müstəqil dövlətə malik olunmayan dövrlərdə belə ana dili milli varlığımızın qorunmasında həlledici rol oynayıb.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin dövlət dili kimi qorunması və inkişafı istiqamətində müstəsna xidmətlər göstərib. Vurğulanıb ki, onun təşəbbüsü ilə 1978-ci il Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması milli tariximizin mühüm hadisələrindən biri olub və sonrakı dövrdə həyata keçirilən dövlət dil siyasətinin əsasını təşkil edib.

Bildirilib ki, müstəqillik illərində qəbul edilən mühüm hüquqi sənədlər, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dilinin təsbit edilməsi, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman, Dövlət Dil Komissiyasının yaradılması, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman, eləcə də “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun ana dilimizin hüquqi əsaslarının daha da möhkəmləndirilməsinə xidmət edib.

Emil Tağıyev vurğulayıb ki, bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Dövlət dilinin saflığının qorunması, latın qrafikalı nəşrlərin genişləndirilməsi, Azərbaycan dilinin rəqəmsal mühitdə tətbiqinin artırılması və dilçiliyin inkişafına yönəlmiş dövlət proqramlarının həyata keçirilməsi ana dilimizin inkişafına göstərilən yüksək dövlət qayğısının təzahürüdür.

Tədbirdə YAP Xaçmaz rayon təşkilatının Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi üzrə ərazi partiya təşkilatının sədri, Heydər Əliyev Mərkəzinin direktoru Könül Əskərova, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin əməkdaşı Fərid Musayev, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Pakizə Mehdiyeva, şair Telman Təravət və Gənclər Kitabxanasının əməkdaşı Xəyalə Müslümova çıxış edərək Azərbaycan dilinin və əlifbasının inkişafında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən, ana dilinin qorunmasının və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən danışıblar.

DİGƏR Xəbərlər Arxiv