YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Əsrlərin sınağından keçən ana dilimiz

İlkin Əliyev

YAP Zərdab rayon təşkilatının sədri

Dil hər bir xalqın mənəvi varlığı, milli kimliyi və tarixini nəsildən-nəsilə ötürən müqəddəs bir xəzinədir. Məhz bu əvəzsiz dəyərin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılır. Azərbaycan xalqının həyatında xüsusi əhəmiyyət kəsb edən  1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü dövlətimizin milli və mənəvi dəyərlərə, öz doğma dilinə verdiyi yüksək qiymətin və diqqətin təcəssümüdür. Azərbaycan dilinin tarixi inkişaf yoluna, onun ictimai-siyasi və mədəni mövqeyinin möhkəmlənməsinə nəzər yetirərkən Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri bütün aydınlığı ilə nəzərə çarpır. Sovetlər dönəmində müttəfiq respublikalarda milli dillərin sıxışdırıldığı bir şəraitdə Ulu Öndər Heydər Əliyevin böyük siyasi iradə və qətiyyət nümayiş etdirərək 1978-ci ildə Azərbaycan SSR Konstitusiyası qəbul edilərkən Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit edilməsinə nail olması həmin dövr üçün təkcə hüquqi norma deyil, həm də milli kimliyin, milli-mənəvi dəyərlərin və xalqın milli qürurunun qətiyyətlə müdafiəsinin parlaq təzahürü idi. 1993-cü ildə xalqımızın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi ilə yanaşı, ana dilimizin qorunması, inkişaf etdirilməsi və dövlət dilinin nüfuzunun yüksəldilməsi istiqamətində yeni və parlaq bir mərhələnin başlanğıcını qoydu. Ulu Öndərin məqsədyönlü dil siyasəti nəticəsində Azərbaycan dilinin tətbiq dairəsi daha da genişləndirildi, onun dövlət idarəçiliyində, təhsil sistemində, elm və mədəniyyət sahələrində mövqeyi əhəmiyyətli dərəcədə möhkəmləndirildi. Ana dilinin saflığının qorunması, zənginləşdirilməsi və gələcək nəsillərə milli-mənəvi sərvət kimi ötürülməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının 21-ci maddəsində "Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir" müddəasının öz əksini tapması ana dilimizin hüquqi statusunun ən yüksək səviyyədə təsbit olunmasının bariz ifadəsi oldu. Bununla da Azərbaycan dili dövlət müstəqilliyinin əsas rəmzlərindən biri kimi Konstitusiya təminatı qazandı, onun qorunması, inkişaf etdirilməsi və bütün dövlət idarəçiliyi sahələrində tətbiqi üçün möhkəm hüquqi baza formalaşdırıldı.  Doğma dilimizin qorunması, zənginləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində atılan addımlar, xüsusi ilə  Ümummilli Lider Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasında latın qrafikalı əlifbaya tam keçidin təmin edilməsi, 9 avqust 2001-ci il tarixli Sərəncamı ilə hər il 1 Avqust tarixinin Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunması Azərbaycan dilinə dövlət qayğısının bariz ifadəsinə çevrildi, cəmiyyət həyatının bütün sahələrində mövqeyinin daha da güclənməsinə etibarlı zəmin yaratdı. Bu uğurlu siyasəti qətiyyətlə və müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dilinin tətbiq dairəsinin genişləndirilməsi, ədəbi dil normalarının qorunması, informasiya məkanında mövqeyinin gücləndirilməsi və gələcək nəsillərə saf şəkildə çatdırılması istiqamətində qəbul edilən qərarlar, ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilən tədbirlər dövlət dilimizin inkişafında yeni mərhələnin əsasını qoymuş, onun müasir dövrün çağırışlarına uyğun şəkildə qorunmasına və  zənginləşdirilməsinə mühüm töhfə vermişdir. Dövlət başçısının təşəbbüsü ilə latın qrafikalı əlifba ilə kütləvi nəşrlərin həyata keçirilməsi, Azərbaycan Milli Ensiklopediyasının hazırlanaraq nəşr olunması, eləcə də klassik Azərbaycan və dünya ədəbiyyatı nümunələrinin latın qrafikası ilə yenidən çap edilməsi ana dilimizin zəngin irsinin geniş oxucu kütlələrinə çatdırılmasını təmin etmişdir. Bu mühüm addımlar xalqımızın əsrlər boyu formalaşmış ədəbi-mədəni irsinin qorunmasında, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində, Azərbaycan dilinin zəngin söz ehtiyatının və ədəbi ənənələrinin yaşadılmasında əhəmiyyətli rol oynamışdır. Bununla yanaşı cənab Prezidentin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” 2007-ci il 30 dekabr tarixli, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi barədə 2013-cü il 9 aprel tarixli və “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamları dövlət dilinin qorunması və inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü siyasətin ardıcıl və sistemli xarakter daşıdığını bir daha nümayiş etdirmişdir. Beləliklə davam etdirilən tədbirlər bir daha göstərir ki, Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə saf şəkildə çatdırılması dövlətimizin milli siyasətinin prioritet istiqamətlərindən biridir. 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü isə hər bir vətəndaşa doğma dilimizi sevməyi, onu qorumağı və zəngin irsini yaşatmağı bir daha xatırladan əlamətdar tarix olmaqla yanaşı, Azərbaycan dövlətinin ana dilinə göstərdiyi yüksək ehtiramın və qayğının parlaq ifadəsidir.

DİGƏR Xəbərlər Arxiv