Xəbərlər
Azərbaycan dilinin saflığının qorunması hər bir vətəndaşın işi olmalıdır
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
“Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir” söyləyən Ulu Öndər Heydər Əliyev bildirirdi ki, xalqımızın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan onun dilidir. Ulu Öndər onu da bildirirdi ki, mən hər bir dilə öz hörmət və ehtiramımı bildirirəm. Amma hesab edirəm ki, öz dilimizlə, Azərbaycan dili ilə hər birimiz fəxr edə bilərik. Çünki bu, zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın adı da tanınıb, respublikamızın adı da tanınıb, dilimizin adı da tanınıb.
Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra imzaladığı Fərman və sərəncamlara diqqət yetirsək, onların böyük bir qisminin məhz Azərbaycan dilinin qorunmasına və inkişaf etdirilməsinə xidmət etdiyini görərik. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və “Azərbaycan Respublikasında dövlət dili haqqında Qanununun tətbiq edilməsi barədə” Fərmanları imzalamaqla ədəbi dilimizin fəaliyyət imkanlarını daha da genişləndirmiş, dil mədəniyətimizin qarşısında yeni üfüqlər açılmışdır. Qanuna müvafiq olaraq dövlət dilinin təhsildə, mətbuatda, xüsusi adlarda, xidmət sahələrində, vətəndaşların şəxsiyyətini təsdiq edən rəsmi və vahid nümunəli sənədlərdə, reklamlarda işlənməsi qaydaları, qanun pozulmasına görə məsuliyyət müəyyənləşdirildi. “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanın imzalanması əhəmiyyəti ilə diqqəti çəkdi. Fərmanda qeyd olunduğu kimi, latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci il avqust ayında bütünlükdə təmin edildiyi və yeni əlifbadan istifadənin özünü doğrultduğu nəzərə alınaraq hər il 1 avqust tarixinin ölkədə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması zəruri hesab olundu.
“Dil siyasətində sərhəd məhdudiyyəti yoxdur” çağırışını edən Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının, ana dilinin mənşəyinin öyrənilməsinə, formalaşmasına, inkişafına xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Dahi şəxsiyyət bu çağırışı da edirdi ki, xalqları dil qədər, milli-mənəvi ənənələr, dəyərlər qədər birləşdirən başqa vasitə yoxdur.
Ümummilli Liderin hakimiyyətinin birinci dövründə də dil məsələsinə xüsusi diqqət göstərilib. 70-ci illərin ortalarından başlayaraq keçmiş İttifaq respublikalarının ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycan dilinin təkmilləşdirilməsi, saflığının qorunması istiqamətində atdığı addımlar davamlılığı ilə diqqət çəkir. Dövlət başçısı İlham Əliyevin 2018-ci il 1 noyabr tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin 2025-ci il iyulun 31-də imzaladığı Fərmanla müvafiq sahədə Azərbaycan dilinin tətbiqinə, Azərbaycan dili haqqında normativ hüquqi aktlara, o cümlədən Azərbaycan dilinin normalarına əməl olunmasına nəzarəti həyata keçirmək, həmçinin Azərbaycan dilinin inkişafını təmin etmək səlahiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə aid edilib.
Cənab İlham Əliyevin çağırışlarında bu məqamlar xüsusi qeyd edilir ki, Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər. Biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər: “Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağam, izləyəcəyəm, lazımi tədbirlər görəcəyəm. Azərbaycan alimlərindən də bax, bu məsələyə də öz münasibətini və dəstəyini göstərmək çağırışını edirəm”.
