YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şirvan şəhər təşkilatının 33 illiyi qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Şirvan şəhər təşkilatının təsis olunmasının 33 illiyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Şirvan şəhərinin mərkəzi meydanında ucaldılmış abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb. Şirvan şəhər Şəhidlər xiyabanında Vətən uğrunda canlarından keçmiş şəhidlərin məzarları önünə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.

Sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin YAP Şirvan şəhər təşkilatının inzibati binasında yerləşən büstü önünə gül dəstələri düzərək əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Əli Axundov və YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsindən, uzaqgörən dövlətçilik siyasətindən və onun şah əsəri olan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan bəhs ediblər. Bildirilib ki, bu gün Ulu Öndərin siyasi kursu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan tarixinin ən qüdrətli inkişaf mərhələsini yaşayır.

Daha sonra şəhid anası Xuraman İsmayılova, partiya veteranı Yaqub Salmanov, ərazi partiya təşkilatının sədri Vüsalə Həsənova və gənc fəal Aişə Kərimova çıxış edərək Yeni Azərbaycan Partiyasının fəaliyyəti, şəhid ailələrinə göstərilən dövlət qayğısı, gənclərin ictimai-siyasi həyatda rolu barədə danışıblar.

Sonra partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib, ictimai-siyasi həyatda fəallığı ilə seçilən şəxslər fəxri fərman və təşəkkürnamələrlə təltif olunub.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

DİGƏR Xəbərlər Arxiv