Partiya xəbərləri
YAP Gənclər Birliyi tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü ilə əlaqədar hazırlanmış videoçarxın təqdimat mərasimi keçirilib
Bu gün Park-İNN otelində Yeni Azərbaycan Partiyası Gənclər Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin doğum günü ilə əlaqədar hazırlanmış videoçarxın təqdimat mərasimi keçirilib.
Mərasimdə çıxış edən YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov bildirib ki, Azərbaycanın müstəqil dövlət olaraq inamlı inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Onun sözlərinə görə, ölkəmizin inkişafında, gələcəyə əmin addımlarla irəliləməsində lider fenomeni müstəsna rol oynayır. Qeyd olunub ki, Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Və gənc dövlətin əsaslarının möhkəmliyi, həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub. Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir. Prezident İlham Əliyev öz fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı, innovasiyalara tez uyğunlaşmaq bacarığı, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin stabil milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə Özünün əsl siyasi lider olduğunu isbatlayıb.
Bildirilib ki, Azərbaycan Prezidentinin vurğuladığı kimi, həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. 2003-cü ildə Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində hər bir azərbaycanlının Prezidenti olacağını bəyan etmişdi. Təqdim olunan videoçarxın mahiyyətində də məhz cənab İlham Əliyevin hər bir azərbaycanlının Prezidenti kimi fəaliyyəti dayanır.
Daha sonra vidoçarx nümayiş olunub. Videoçarx tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və yüksək qiymətləndirilib.
YAP Gənclər Birliyi tərəfindən videoçarxın rejissoru Cəlal Kəngərliyə Fəxri fərman təqdim olunub.