Xəbərlər
Azərbaycan mediası: peşəkarlıq və şəffaflıq
Seyfəddin Əliyev
YAP Masallı rayon təşkilatının sədri
Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür. “Əkinçi" qəzetinin ilk nömrəsinin işıq üzü gördüyü gün - 22 iyul ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd olunur.Azərbaycan xalqının milli dirçəliş dövrünə qədəm qoyması, dövlət və dövlətçilik dəyərlərinin formalaşması, milli şüurun oyanışı və özünüdərk prosesində milli mətbuatın rolu böyük və əvəzolunmazdır.
Əsası "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulan milli mətbuatımızın keçdiyi çətin və şərəfli yol xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb və milli oyanışında yeni səhifə açıb.
XIX əsrin sonlarına yaxın bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri təbiətşünas-alim Həsən bəy Zərdabi idi. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olub.
1877-ci ilin 29 sentyabr tarixinə qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr edilib. Bu müddət ərzində qəzetin 56 nömrəsi işıq üzü görüb. Bu qəzetin Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb. Azərbaycan milli mətbuatının təməlini qoyan bu qəzet, ikiillik ömür yaşasa da, o dövrün görkəmli maarifçiləri "Əkinçi" qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər. “Əkinçi” fəaliyyətini dayandırandan sonra da Zərdabi bu yöndə fəaliyyətini davam etdirirdi və 1901-ci ildə ilk dəfə “Türk nəğmələri məcmuəsi”ni nəşr etdirərək bu zəngin mənəvi xəzinəmizin qorunub saxlanmasına töhfəsini verdi. “Əkinçi”dən sonra onun yolunu milli mətbuatın yeni səhifələrini açan “Ziya”, “Kəşkül”, “Kaspi” və digər qəzetlər davam etdirdi.
O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb.
Ümummilli Lider Heydər Əliyev bütün sahələrdə olduğu kimi, Azərbaycan milli mətbuatının inkişafında da misilsiz xidmətlər göstərib. Onun 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın tarixində də yeni mərhələ açdı. 1998-ci ildə senzuranın ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu da təbii olaraq, mətbuatın inkişafına ciddi təkan verdi.
Ulu Öndərin mətbuata və jurnalistlərə göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam bərqərar olub. Təsadüfi deyil ki, hazırda respublikada çoxsaylı qəzet və jurnallar nəşr olunur, İnformasiya agentliklərinin, televiziya və radioların geniş şəbəkəsi fəaliyyət göstərir, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı və davamlı islahatlar nəticəsində Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevrilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martında imzaladığı Sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyi idi.
Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli Sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası kimi mühüm bir sənədin təsdiqindən sonra milli mətbuatın müstəqilliyinin dəstəklənməsi, redaksiyalara yardım mexanizminin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi, cəmiyyət və mətbuat arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, sosial təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlərə başlanılmışdır.
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazandığımız qalibiyyət medianın inkişafına impuls vermis, yeni mərhələnin başlanmasını şərtləndirmişdir. Vətən müharibəsindən az sonra Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı özündə köklü dəyişiklikləri əks etdirməklə qarşımıza yeni və daha məsuliyyətli vəzifələr qoymuşdur.
Fərmandan irəli gələn yeniliklər Azərbaycan mediasının şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırmış, modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi kimi qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinin, innovativ yanaşmaların tətbiqinə təkan vermişdir.
Azərbaycan həqiqətlərinin təbliği missiyasını hər zaman yorulmadan yerinə yetirən mətbuatımız 44 günlük Vətən müharibəsinin gedişində düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfə verdiyi kimi, postmüharibə dövründə də bu işi uğurla davam etdirməkdədir. Azərbaycan mediası Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin səsləndirdiyi bəyanatların, işğaldan azad edilmiş ərazilərimizdə aparılan geniş miqyaslı bərpa-quruculuq işləri barədə informasiyaların ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.
Müasir dövrümüzdə fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqlənirlər. Həmişə olduğu kimi bu gün də Azərbaycan jurnalistləri iş başındadır və haqq işimiz uğrunda mübarizəni qətiyyətlə davam etdirirlər. Əminik ki, Azərbaycan jurnalisatləri bundan sonra da yorulmadan çalışacaq, çətin və şərəfli vəzifələrini uğurla icra edəcəklər.
