Xəbərlər
Milli mətbuatımız müasir çağırışlara tam cavab verir
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
22 İyul Milli Mətbuat Günüdür. 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub.
“Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb. Buna baxmayaraq, o dövrün görkəmli maarifçiləri “Əkinçi” qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər. 1875-ci ildən sonra çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir. “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Dəbistan”, “İrşad”, “Tazə həyat”, “Molla Nəsrəddin”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb”, “Açıq söz” kimi onlarla qəzet və jurnal ötən əsrin əvvəllərində anadilli mətbuatımızın sonrakı tarixini yaratdılar. 1896-cı ildən Həsən bəyin fəal iştirakı və kürəkəni Əlimərdan bəy Topçubaşovun redaktorluğu ilə nəşr olunan rusdilli “Kaspi” qəzeti də mövzu və məfkurə baxımından Zərdabi istəklərinin daşıyıcısına çevrildi.
Müstəqil, güclü, günümüzün tələblərinə cavab verən, xalqın maraqlarını rəhbər tutan mətbuatın inkişafı və onun sərbəst fəaliyyəti üçün zəruri şəraitin yaradılması hər zaman dövlətimizin qarşısında duran prioritet vəzifələrdən olmuşdur. Bu istiqamətdə daim sistemli iş aparılmış, ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını, media fəaliyyətinin potensialının və iqtisadi əsaslarının möhkəmləndirilməsini, rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını hədəfləyən normativ-hüquqi baza yaradılmış, informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə əsaslı islahatlar həyata keçirilmişdir. Belə ki, 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür. Ümummilli Lider ölkəmiz müharibə şəraitində yaşasa da böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi.
Göstərilən ali siyasi iradə nəticəsində ölkəmizdə mətbuat azadlığı prinsipləri bərqərar olmuş, habelə qəzet və jurnal bolluğu yaranmışdır. Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” hazırlanmış və qəbul olunmuşdur. Tarixi Zəfərimizin və suverenliyimizin tam bərpası ilə Azərbaycanın həyatında başlanan yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini zərurətə çevirdi. Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi idi. Bununla əlaqədar, Prezident İlham Əliyevin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. Dövlətimizin başçısı İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı. MEDİA Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir. 30 dekabr 2021-ci ildə qəbul olunmuş “Media haqqında” Qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır. “Media haqqında” Qanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləyir. Dövlətimizin başçısı İlham Əliyev ötən il Milli Mətbuatımızın 150 illiyi ilə əlaqədar təbrik məktubunda bu çağırışı xüsusi qeyd etmişdir ki, qarşıdan gələn dövrdə milli mətbuatımızın qlobal informasiya məkanında yerinin daha da möhkəmlənməsini təmin etmək məqsədilə media savadlılığının yüksəldilməsi, ən qabaqcıl kommunikasiya texnologiyalarının tətbiqi, effektiv və çevik kommunikasiyanın həyata keçirilməsi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellektin tətbiqi, dezinformasiya və saxta xəbərlərlə mübarizə kimi amillər aparıcı rol oynayacaqdır. Dünyada yeni media landşaftının bərqərar olduğu mürəkkəb rəqabət mühitində fəaliyyət göstərən milli mətbuatımızın üzərinə xüsusi məsuliyyət düşür. Belə ki, qlobal informasiya məkanının sürətlə transformasiya olunduğu, beynəlxalq təbliğat fəaliyyətinin ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərdiyi, süni intellektin imkanlarının genişləndiyi, hibrid təhdidlərin və “deepfake”lərin geniş vüsət aldığı müasir dövrdə bizim mediamız peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə əməl edərək, söz və məlumat azadlığından sui-istifadənin qarşısını qətiyyətlə almalı, Azərbaycanın milli maraqlarını və mənafeyini hər şeydən uca tutmalıdır.
