Xəbərlər
Mətbuatımızın Zəfər salnaməsi
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Azərbaycan mətbuatı özünün yeni inkişaf dövrünü yaşayır. Azərbaycan mətbuatının müstəqilliyi cəmiyyətimizin inkişafının başlıca şərtlərindən biridir. Müstəqil, güclü, günümüzün tələblərinə cavab verən, xalqın maraqlarını rəhbər tutan mətbuatın inkişafı və onun sərbəst fəaliyyəti üçün zəruri şəraitin yaradılması hər zaman dövlətimizin qarşısında duran prioritet vəzifələrdən olmuşdur. Bu istiqamətdə daim sistemli iş aparılmış, ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını, media fəaliyyətinin potensialının və iqtisadi əsaslarının möhkəmləndirilməsini, rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını hədəfləyən normativ-hüquqi baza yaradılmış, informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə əsaslı islahatlar həyata keçirilmişdir. Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, əlbəttə, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm.
Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaranıb. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür. Ulu Öndər ölkəmiz müharibə şəraitində yaşasa da böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi.
Mətbuatımızın qabaqcıl və mütərəqqi ənənələrə əsaslanaraq inkişaf etməsinin vacibliyini bildirən Prezident İlham Əliyev söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti kimi dəyərləndirir. Bildirir ki, Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur.
Azərbaycan mediası 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı dövründə hadisələrin operativ işıqlandırılmasını təmin etmək üçün həm ön, həm də arxa cəbhədə fədakarlıqla və əzmlə çalışmışdır. Ölkəmiz və xalqımız üçün bu tarixi və taleyüklü mərhələdə Azərbaycan mediası cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında, kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında böyük rol oynamış, haqq səsimizin və mövqeyimizin beynəlxalq ictimaiyyətə çatdırılmasında yüksək peşəkarlıq, əsl vətənpərvərlik və həmrəylik nümayiş etdirmişdir. Heç şübhəsiz ki, informasiya məkanında qazandığımız zəfər döyüş meydanında qazandığımız şanlı Zəfərimizin ayrılmaz parçasıdır.
Torpaqlarımızın işğalı zamanı cəbhə bölgəsində və postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərimizdə vəzifə borcunu yerinə yetirərkən şəhid olmuş media nümayəndələrimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik. Onların şücaəti və qəhrəmanlığı heç zaman unudulmayacaq.
Tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinin reallıqları dövlət başçısı İlham Əliyevin bütün çıxışlarının mahiyyətində dayanır. Tarixi Zəfərimizdən sonra ənənəvi keçirilən Şuşa Qlobal Media Forumları da bu reallıqların beynəlxalq ictimaiyyətətə çatdırılmasında əhəmiyyətli rol oynayır. Belə ki, Şuşada 2023-cü il 21-23 iyul tarixlərində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda birinci, 2024-cü il 20-22 iyul tarixlərində “Yalan Məlumatların İfşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda II, 2025-ci il 19-21 iyul tarixlərində “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Qlobal Media Forumu keçirilmişdir. 2026-cı il 13-14 iyul tarixlərində isə “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilmiş IV Şuşa Qlobal Media Forumu çərçivəsində medianın sülh quruculuğundakı rolu, sərhədlərarası media dialoqu və ictimai etimadın bərpası, dezinformasiya ilə mübarizədə beynəlxalq əməkdaşlıq, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması, süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika kimi aktual mövzular ətrafında panel müzakirələri, təkbətək görüşlər və interaktiv sessiyalar təşkil edilmişdir. Azərbaycan hər bir sahədə əməkdaşlığa böyük önəm verir və bunu real addımları ilə təsdiqləyir.
