YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin bir parçasıdır

“Azərbaycan mətbuatının yaranmasından 151 il keçir. 1875-ci il iyulun 22-də böyük maarifçi, naşir Həsən bəy Zərdabi tərəfindən qabaqcıl ideyaların carçısı, dövrün, ictimai-siyasi həyatın güzgüsü – "Əkinçi" qəzetinin nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyuldu. Bu mühüm tarixi hadisə Azərbaycan maarifçilik hərəkatının inkişafına, milli oyanışa, milli özünüdərkin və düşüncə azadlığının formalaşmasına təkan vermiş, mütərəqqi jurnalist, publisist və ziyalı nəslin yetişməsində əhəmiyyətli rol oynamışdır. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Mətbuat bütün dövrlərdə cəmiyyəti düşündürən problemləri, qabaqcıl ideyaları və mütərəqqi fikirləri əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində, Azərbaycan ədəbi dilinin inkişafında müstəsna xidmətlər göstərmiş, azadlıq və müstəqillik kimi xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini vermişdir. Müstəqillik tariximizdə mətbuatın inkişafından bəhs edərkən Ümummilli Lider Heydər Əliyevin xidmətləri sayəsində yaradılan möhkəm təməlin davamlı uğurlara yol açdığını böyük əminliklə qeyd edirik. Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində digər sahələrdə olduğu kimi, mətbuatda da mövcud vəziyyət hər kəsə  məlumdur. Həmin dövrdə söz, fikir azadlığından söhbət gedə bilməzdi. Jurnalistlər fiziki və mənəvi təzyiqlərə məruz qalırdılar. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, milli mətbuatın inkişafında da əsaslı dönüş yarandı.  Həmin dövrdə media sahəsində həyata keçirilmiş köklü islahatların nəticəsi kimi medianın fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırıldı. Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına stimul verdi. Ümummilli Lider Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ölkədə demokratiyanın inkişafını sürətləndirən mühüm tədbirlərdən biri oldu.  Bütün bunlar Azərbaycan mediasının sürətli inkişafını və yeni mərhələyə qədəm qoymasını təmin etdi”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurlu davam etdirən cənab İlham Əliyev ilk gündən azad mətbuatın inkişafını prioritet məsələ kimi öndə saxladı: “Onun bilavasitə rəhbərliyi ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” hazırlandı və qəbul olundu. Ümumilikdə Azərbaycan mətbuatının müstəqilliyi cəmiyyətimizin inkişafının başlıca şərtlərindən biri kimi dəyərləndirilir. Dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışı edir ki, müasir dünyada azad medianın inkişafı hər bir ölkənin inkişaf səviyyəsini göstərir. Bu yanaşma medianın fəaliyyətinə verilən yüksək dəyərin və  qayğının təzahürüdür. Ümummilli Lider Heydər Əliyevin, Onun siyasi kursunun layiqli davamçısı  Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə milli mətbuatımızın 125, 130, 135, 140, 145 və 150 illik yubileyləri ölkə miqyasında geniş qeyd olundu. Bu yubileylər milli jurnalistikamızın tarixinə ədalətli qiymət verilməsini və nəsillərin varisliyini qəbul etməklə, mediamızın sabahkı hüdudlarına aydın baxışı təmin etdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2025-ci il 3 fevral tarixində “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı təsis olundu. Azərbaycan Prezidentlərinə təqdim olunan “Jurnalistlərin dostu” mükafatları Azərbaycan iqtidarının mətbuata açıq olmasının, eləcə də sahənin inkişafına ayrılan yüksək diqqətin təcəssümü deməkdir. Həm Ulu Öndər Heydər Əliyev və həm də Prezident İlham Əliyev bütün dövrlərdə mətbuatın inkişafına prinsipial diqqət ayırmışlar və mətbuat işçiləri ilə mütəmadi təşkil olunan görüşlər mətbuatın davamlı inkişafına səbəb olmuşdur. Milli mətbuatın inkişafına göstərilən dəstəyə görə Ulu Öndər Heydər Əliyev 2002-ci ildə, Prezident İlham Əliyev 2010, 2013, 2017 və 2018-ci illərdə “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşlər”.

Malik Həsənov vurğulayıb ki, tarixi Zəfərimizin və  suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar mətbuatda da təkmilləşməni bir zərurətə çevirdi: “Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi idi. Bununla əlaqədar, Prezident İlham Əliyevin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. Dövlətimizin başçısı İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı. MEDİA Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir. 2021-ci ildə yeni “Media haqqında” Qanun qəbul edildi. Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır. Həmçinin “Dövlət qulluğu haqqında” və “Media haqqında” Qanunlara müvafiq dəyişikliklərin edilməsi barədə qanun layihəsi 2026-cı ilin 14 iyul tarixində qəbul olundu. Qanun layihəsində müasir dövrdə milli informasiya təhlükəsizliyini və medianın iqtisadi müstəqilliyini təmin etmək üçün Azərbaycanda media sahəsinə münasibətdə daha çevik  mexanizmə keçid zərurətinin yarandığı vurğulanır. Bu isə çap, onlayn və audiovizual media arasındakı sərhədlərin silinməsi, informasiya sisteminin əsas sütunu olan mediaya vahid yanaşmanı şərtləndirir. Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında vahid qurumun – Media və Yayım Şurasının yaradılması nəzərdə tutulur. Atılan bu kimi addımlar Azərbaycan mediasının dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirməsinə hədəflənir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib”.

Millət vəkili bu mühüm məqamı da xüsusi bildirib ki, bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqlənirlər: “Jurnalistlər 44 günlük Vətən müharibəsində cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlara cəlb olundular. Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər arasında jurnalistlərin də olması ölkəmizdə bu sahədə çalışanlara göstərilən böyük etimadın və diqqətin təzahürüdür. Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini, qlobal informasiya məkanında təsir imkanlarını genişləndirir, rəqabət qabiliyyətini artırır. Artıq ənənə halını alan Şuşa Qlobal Media Forumları qlobal informasiya mühitində media dayanıqlılığının gücləndirilməsi, dezinformasiyaya qarşı mübarizə və beynəlxalq əməkdaşlığın inkişafı üçün əvəzolunmaz və ənənəvi beynəlxalq platformaya çevrilib. Dövlətimizin başçısı İlham Əliyev ötən il milli mətbuatımızın 150 illiyi ilə əlaqədar təbrikində bu əminliyi ifadə etdi ki, Azərbaycan mediası bundan sonra da cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması, müasir cəmiyyət quruculuğu, milli həmrəyliyin möhkəmləndirilməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir”.