Xəbərlər
“Heydər Əliyev irsi ədəbi düşüncələrdə”
Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatında Azərbaycan Yazıçılar Birliyinin Lənkəran regional bölməsinin üzvləri ilə Ulu Öndər Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin ildönümü münasibətilə “Heydər Əliyev irsi ədəbi düşüncələrdə” mövzusunda görüş keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev bildirib ki, 14 iyul 1969-cu il Azərbaycanın inkişaf tarixində yeni mərhələnin başlanğıcı olub. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan dilinin inkişafı, ədəbiyyat və mədəniyyətin dövlət qayğısı ilə əhatə olunması istiqamətində mühüm addımlar atılıb.
Azərbaycan Yazıçılar Birliyinin Lənkəran regional bölməsinin sədri Qafar Cəfərli, Yazıçılar Birliyinin üzvü Yədulla Ağazadə, şair Səyavuş Süleymanlı, yazıçı-publisist Hafiz Mirzə, şair Əhməd Haqsevər, şair Ziyafət Yəhya, şair Xatirə Xatun, şair Bəxtiyar Əliyar, yazıçı-publisist Bəxtiyar Hüseynov, dosent Leyla Məcidova, yazıçı-publisist Xudaverdi Cavad, şair Ofelya Nəzərova və digərləri Ümummilli Lider Heydər Əliyevin Azərbaycan ədəbiyyatının inkişafına, klassik irsin qorunmasına və yaradıcı ziyalılara göstərdiyi xüsusi diqqətdən bəhs ediblər.
Bildirilib ki, Ümummilli Liderin müəyyən etdiyi milli-mədəni inkişaf siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
