YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya miqyasında etimadın möhkəmləndirilməsinə mühüm töhfə

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Azərbaycan son illərdə beynəlxalq siyasi, iqtisadi və humanitar tədbirlərə ev sahibliyi etməklə qlobal dialoq məkanına çevrilib. Bu baxımdan Şuşa şəhərində keçirilən IV Şuşa Qlobal Media Forumu təkcə media nümayəndələrinin görüş platforması deyil, həm də beynəlxalq ictimaiyyətin diqqətini regionda baş verən proseslərə, sülh gündəliyinə və müasir informasiya mühitinin çağırışlarına yönəldən mühüm tədbirlərdən biridir.

İyulun 13-də işinə başlayan IV Şuşa Qlobal Media Forumu bu il "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunub. Forumun mövzusu təsadüfi seçilməyib. Müasir dünyada informasiya müharibələrinin geniş vüsət aldığı, dezinformasiyanın dövlətlərarası münasibətlərə və cəmiyyətlərin sabitliyinə təsir göstərdiyi bir dövrdə medianın üzərinə daha böyük məsuliyyət düşür. Həqiqətin obyektiv şəkildə çatdırılması, ictimai etimadın qorunması və sülhə xidmət edən informasiya siyasətinin formalaşdırılması qlobal gündəliyin əsas məsələlərindən birinə çevrilib. Forumun miqyası onun beynəlxalq nüfuzunu aydın şəkildə nümayiş etdirir. Dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsinin, 30-a yaxın beynəlxalq informasiya agentliyinin və 60-dan çox aparıcı media qurumunun iştirakı tədbirin beynəlxalq informasiya platforması kimi əhəmiyyətini artırır. Müxtəlif ölkələrdən gələn jurnalistlər, ekspertlər, media rəhbərləri və kommunikasiya sahəsində fəaliyyət göstərən mütəxəssislər informasiya təhlükəsizliyi, süni intellektin media sektoruna təsiri, rəqəmsal transformasiya, dezinformasiyaya qarşı mübarizə və beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində fikir mübadiləsi aparırlar. Şuşanın forumun keçirildiyi məkan kimi seçilməsi xüsusi rəmzi məna daşıyır. Azərbaycan mədəniyyətinin beşiyi hesab olunan Şuşa bu gün təkcə tarixi və mədəni irsin deyil, həm də beynəlxalq dialoqun, sülhün və əməkdaşlığın simvollarından birinə çevrilib. Şəhərdə keçirilən beynəlxalq tədbirlər Qarabağ bölgəsində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərini dünya ictimaiyyətinə nümayiş etdirməklə yanaşı, regionda yaranmış yeni reallıqları da beynəlxalq auditoriyaya çatdırır.

IV Şuşa Qlobal Media Forumunun diqqətçəkən məqamlarından biri də forumun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin xarici media nümayəndələri ilə keçirdiyi ənənəvi açıq dialoq oldu. Prezident müxtəlif ölkələrdən gəlmiş jurnalistlərin dünya və regionda baş verən siyasi proseslər, Cənubi Qafqazda sülh gündəliyi, Azərbaycanın xarici siyasəti, regional əməkdaşlıq, iqtisadi inkişaf, enerji təhlükəsizliyi və beynəlxalq münasibətlərə dair çoxsaylı suallarını ətraflı cavablandırdı. Açıq və səmimi müzakirə formatında keçirilən bu görüş xarici media nümayəndələrinə Azərbaycan rəhbərliyinin mövqeyini birbaşa mənbədən öyrənmək imkanı yaratdı. Prezident İlham Əliyev çıxışında bölgədə davamlı sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayaraq, Cənubi Qafqazın əməkdaşlıq və inkişaf məkanına çevrilməsinin bütün region dövlətlərinin maraqlarına uyğun olduğunu qeyd etdi. O, Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə əsaslanan mövqeyini diqqətə çatdıraraq, qarşılıqlı etimada söykənən dialoqun və konstruktiv əməkdaşlığın əhəmiyyətini xüsusi vurğuladı.

Prezident İlham Əliyevin forum çərçivəsində jurnalistlərlə keçirdiyi bu görüş artıq Şuşa Qlobal Media Forumunun mühüm ənənələrindən birinə çevrilib. Belə bir dialoq beynəlxalq media ilə qarşılıqlı etimadın möhkəmləndirilməsinə, Azərbaycanın mövqeyinin geniş auditoriyaya çatdırılmasına və qlobal informasiya məkanında obyektiv məlumat mübadiləsinin təşviqinə mühüm töhfə verir.

IV Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, Şuşanın qlobal dialoq mərkəzinə çevrilməsinin və medianın sülh quruculuğundakı rolunun ön plana çıxarılmasının bariz nümunəsidir. Forumun nəticələri gələcəkdə beynəlxalq media əməkdaşlığının genişlənməsinə, dezinformasiyaya qarşı mübarizənin gücləndirilməsinə, informasiya təhlükəsizliyinin təmin edilməsinə və dünya miqyasında etimadın möhkəmləndirilməsinə mühüm töhfə verəcək.