YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşa Qlobal Media Forumu əməkdaşlığın coğrafiyasını genişləndirir

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Şuşa qlobal əməkdaşlıq məkanı kimi dünyanın diqqətindədir. Bu günlərdə keçirilən IV Şuşa Qlobal Media Forumu açılış mərasimində  Prezident İlham Əliyev  çıxışında və tədbir iştirakçılarının  suallarını cavablandırarkən ilk olaraq tədbirin keçirilmə məqsədinə diqqəti yönəltdi. “Əvvəlcə, burada, Azərbaycanda, Qarabağda, Şuşada bu cür mötəbər auditoriyanı qəbul etmək böyük şərəfdir” bildirən cənab İlham Əliyev vurğuladı ki, Forumun ideyası maraq doğuran məsələləri, qarşılıqlı surətdə narahatlıq doğuran sualları müzakirə etmək, həmçinin Qarabağ və Şuşa ilə tanış olmaq məqsədilə dünyanın müxtəlif guşələrindən media nümayəndələri üçün mühit yaratmaqdan ibarətdir. Əminəm ki, vaxt keçdikcə dövri olaraq buraya gələn qonaqlarımızın bir çoxu Qarabağın inkişafını, yenidənqurmanı görürlər. Onlar ilk dəfə gəldikləri zaman, bəlkə də yalnız dağıntıları gördülər, lakin indi şəhərləri görürlər. Onlar yeni mənzillərdə və evlərdə yaşayan insanları görürlər. Bir sözlə, bu, müxtəlif meyarların kombinasiyasıdır. Birincisi, hər dəfə, hər il Forumun mövzusu sadəcə cari çağırışları əks etdirir. İkincisi, mühit çox mehriban, çox müsbətdir və müxtəlif mediadan olan bir çox insanlar, əminəm ki, Şuşada görüşlərdən sonra yaxın dostlara çevrilirlər. Əlbəttə ki, bizim üçün mühüm meyar qərarların qəbul edilməsi prosesinə təsir göstərən, öz ölkələrində və onun hüdudlarından kənarda ictimai rəyi formalaşdıran insanlardan ibarət böyük qrupu toplamaqdır və Qarabağın öz köklərinə qayıtmasını, bu torpaqların yiyələrinin qayıtmasını, real inkişafı göstərməkdir.

Prezident İlham Əliyev bu gün Azərbaycanın regionda, dünya siyasətində rolundan, tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının yaratdığı reallıqlardan, xarici siyasət uğurlarımızdan, enerji və sülh təcrübəmizdən geniş bəhs etdi, Şuşadan mesajlarını çatdırdı. Dövlətimizin  başçısının hər bir çıxışı özündə bu gün və gələcəklə bağlı mühüm çağırışları ehtiva edir. İki saat yarım davam edən Forumda cənab İlham Əliyevin iştirakçıları düşündürən bütün sualları ətraflı şəkildə cavablandırması sözügedən tədbirin əhəmiyyətini artıran mühüm amillərdən biridir. Bu, dövlətimizin başçısı ilə beynəlxalq media arasında birbaşa dialoq üçün mühüm platforma yaradır. Açıq sual-cavab formatı informasiyanın vasitəçilər olmadan çatdırılmasına, jurnalistlərin hadisələr barədə ilkin mənbədən dolğun məlumat əldə etməsinə imkan yaradır. Bu isə Azərbaycanla bağlı obyektiv informasiyanın beynəlxalq auditoriyaya çatdırılmasına, ölkənin mövqeyinin daha geniş şəkildə təqdim edilməsinə xidmət göstərir. Forum çərçivəsində səsləndirilən fikirlər sonradan dünyanın aparıcı media qurumlarında geniş işıqlandırılır, beynəlxalq ekspert dairələrində müzakirə olunur və qlobal informasiya məkanında böyük rezonans doğurur.

Prezident İlham Əliyevin “Bu gün Azərbaycan orta güc və Cənubi Qafqazın lideri kimi geniş şəkildə tanınır. Fikrinizcə, cənab Prezident, kiçik dövlət və orta güc arasında bugünkü dünyada əsas fərq nədədir” sualını cavablandırarkən səsləndirdiyi fikirlər də tədbirlərin əhəmiyyini təsdiqləyir. Belə ki, cənab İlham Əliyev bildirdi ki, bəli, mən bəzi analitik yazıları oxuyuram və həmçinin Azərbaycanın artıq orta gücə çevrilməsi ilə əlaqədar ekspertlərin müəyyən rəyi ilə tanışam. Bununla belə, düşünürəm ki, bu cür toplantı ölkənin orta güc olmasına dair hansı meyarların dəqiq müəyyənləşdirilməsinə kömək edə bilər. Burada müxtəlif meyarlar ola bilər, çünki vahid bir meyar hələ ki, müəyyən edilməyib: “Mənim fikrimcə, bu terminologiya ölkənin potensialının, böyük güclərin necə düşündüyü və ya etdiyindən asılı olmayaraq, onun öz milli maraqlarını müdafiə etmək bacarığının, əgər kimsə sizə zərər vurmaq istəyirsə, bütün potensialınızla müqavimət göstərmək qabiliyyətinin etiraf olunmasını nəzərdə tutur”.

Ölkə Prezidenti bu məqamı da qeyd etdi ki, müdafiə qabiliyyəti, özü də təkcə hərbi paradda deyil, döyüş meydanında göstərilmiş həmin qabiliyyət vacibdir. Əlbəttə, fikrimcə, mühüm meyarlardan biri hüdudlarınızdan kənarda baş verən hadisələrə təkcə bir sözünüzlə və ya bəyanatınızla təsir göstərmək qabiliyyəti də olmalıdır. Azərbaycan bunu dəfələrlə nümayiş etdirib. Eyni zamanda, bu terminologiyaya aid edilə biləcək meyarlardan biri də məsuliyyətdir. Ölkənizin daxilində və müəyyən dərəcədə bütöv regionda baş verənlərə görə olan məsuliyyətdir: “Fikrimcə, sonradan heyət də bu meyara əlavələr edə biləcək. Lakin düşünürəm ki, bütün bu dediklərimi Azərbaycana aid etmək olar. Ola bilsin bu səbəbdən bir sıra ekspertlər bizi orta güc adlandırır və səmimi desəm, mən buna etiraz etmirəm”.

Cənab İlham Əliyev Forumda Azərbaycanın enerji diplomatiyasının uğurlarından geniş bəhs etdi. Təbii ki, ölkələr arasında əlaqələrin inkişafında iqtisadi amil prioritetdir. Həmçinin Azərbaycanın iqtisadi imkanları bütün sahələrdə uğurlu addımların atılmasına geniş imkanlar yaradır. İqtisadi müstəqilliyimiz siyasi mövqeyimizi daha da möhkəmləndirir. Azərbaycan bu gün yalnız ənənəvi deyil, bərpaolunan enerji sahəsində də mövcud imkanları ilə diqqətdədir. Cənab İlham Əliyev Forumda bu imkanların fonunda yaradılan yeni əməkdaşlıq formatlarından bəhs etdi. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycanın hazırda qaz, elektrik enerjisi ixracatçısı kimi möhkəmlənən mövqeyindən, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin artan rolundan, ən əsası   Azərbaycanın 2024-cü ildə  ev sahibliyi etdiyi COP29 tədbirindən geniş bəhs edən cənab İlham Əliyev, həmçinin diqqəti bağlantılara yönəltdi. Bildirdi ki, qonşularla qarşılıqlı əlaqələr olmadan, heç zaman tranzit ölkəyə çevrilmək mümkün deyil.Biz kifayət qədər uzun müddət ərzində bağlantılar üzərində işləmişik. Biz bəlkə də 10 ildən artıqdır çalışdıq, coğrafi mövqeyimizin üstünlüklərindən istifadə edərək, onları çoxtərəfli əməkdaşlıq üçün real platformaya çevirək: “Müxtəlif meyarlar var idi ki, bizə beynəlxalq daşımalar məkanına çevrilmək imkanını yaradırdı və ya buna mane olurdular. İlk olaraq, bu, çatışmayan fiziki infrastrukturla bağlı idi və biz onu yaratmalı idik və yaratdıq… İndi isə biz yalnız onun genişləndirilməsi yolları üzərində çalışırıq, çünki biz gözləmirdik ki, coğrafiyamız son vaxtlar bu qədər lazımlı olacaq. Şərq və Qərbdəki qonşularla - istər Mərkəzi Asiya ölkələri, istərsə də Gürcüstan, Türkiyə və Avropa kimi yaxın qonşularımızla qarşılıqlı fəaliyyət çox yaxşıdır. Əlbəttə, bütün bunları bir araya gətirmək üçün bizə dəhlizi səmərəli edə biləcək bir çox addımları atmaq vacib idi. Bütün meyarlar Azərbaycanın əhəmiyyətini birmənalı şəkildə artırır”.

Göründüyü kimi, Şuşa Qlobal Media Forumunun ənənəvi keçirilməsi hər bir sahədə mövcud imkanlarımızın təqdimatı fonunda əməkdaşlığın coğrafiyasının genişləndirilməsinə öz töhfəsini verir.