YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

“Avropa Komissiyası ilə münasibətlərimizin kifayət dərəcədə yeni hissəsi bərpaolunan enerji ilə bağlıdır. Biz xanım Prezidentlə, həmçinin Azərbaycanın Günəş, külək və su elektrik enerji potensialını, o cümlədən artıq mövcud ötürmə xətlərini və tikiləcək yeni xətləri geniş şəkildə müzakirə etdik. Bu baxımdan biz, həmçinin strateji tərəfdaş ola bilərik.” Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə ölkəmizdə işgüzar səfərdə olan  Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə mətbuata bəyanatında Azərbaycan Avropa İttifaqı münasibətlərində yeni mərhələnin başlandığını əsaslı şəkildə diqqətə çatdırdı. Bildirdi ki, bu gün hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir. Azərbaycan böyük dərəcədə siyasi səylər qoymuş, diplomatik fəaliyyət aparmış və həmçinin neftimizin, qazımızın nəqli üçün infrastrukturun qurulmasına maliyyə sərmayələri yatırmışdır. Cənub Qaz Dəhlizi ümumi fəaliyyətimizin gözəl nümunəsidir. Bu gün 3500 kilometrlik vahid boru kəməri sistemləri təbii qazın Azərbaycandan Avropaya nəqlində əsas arteriya hesab edilir. Bu məqam da xüsusi qeyd edildi ki, bağlantı birmənalı olaraq müzakirələrimizin mühüm hissələrindən biridir. Azərbaycan regional daşımalar layihələrinin bir çox hallarda fəal iştirakçısı və təşəbbüskarıdır. Şərq-Qərb və Şimal-Cənub daşımalar dəhlizləri Azərbaycandan keçir və qonşularımızla, həmçinin qonşularımızın qonşuları ilə yaxşı münasibətləri bizə bütün iştirakçılara fayda gətirən çox geniş əməkdaşlıq formatını qurmağa imkan yaratdı.

Bu gün Azərbaycandan keçən yüklərin həcmi bütün istiqamətlərdə artır. Cənab İlham Əliyev vurğuladı ki, biz Azərbaycanda və qonşuluqda daşımalar infrastrukturuna böyük sərmayələr yatırdıq və bunu davam etdiririk. Yeni geosiyasi vəziyyətə gəldikdə isə görürük ki, ticarət üçün dəniz limanlarımızın, dəmir yolu infrastrukturunun imkanlarının genişləndirilməsinə ehtiyac duyulur. Bütün bunları biz cədvələ və öz maliyyə imkanlarımıza uyğun edirik.

Regional təhlükəsizlik məsələləri xüsusilə diqqətdə oldu. Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi geniş şəkildə müzakirə edildi. Prezident İlham Əliyev diqqəti ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Prezident Donald Trampın iştirakı ilə Ermənistan və Azərbaycan Birgə Bəyannaməsinin imzalanmasına yönəldərək bildirdi ki, ABŞ  Prezidenti, həmçinin şahid kimi imzaladı və əlavə olaraq Ermənistan ilə Azərbaycan sülh sazişinin mətnini parafladılar. Beləliklə, de-fakto sülh qurulub və biz faydasını görürük. Sülhü təkcə kağız üzərində deyil, gündəlik həyatda hiss etdiyimizi nümayiş etdirmək üçün bir çox birtərəfli addımlar atdıq. Azərbaycan öz ərazisi ilə Ermənistana daşınan yüklərin tranzitinə bütün məhdudiyyətləri aradan qaldırıb. Həmin məhdudiyyətlər beynəlxalq səviyyədə tanınmış ərazilərimizin Ermənistan tərəfindən işğalı səbəbindən tətbiq edilmişdi. Biz, həmçinin çox mühüm yanacağı, xüsusən də benzin və dizeli Ermənistana təchiz etməyə başlamışıq. Bu günün geosiyasi vəziyyətinə gəldikdə, onun əhəmiyyəti heç zaman olmadığı qədər daha da artır. Beləliklə, biz göstəririk ki, sülh bizim üçün artıq hiss olunan məfhumdur, onu hiss edə bilirik və sülh şəraitində yaşamağı öyrənirik. Torpaqlarımız 30 il ərzində işğal altında qalmışdı. Biz suverenliyimizi, ərazi bütövlüyümüzü güc və siyasi vasitələrlə bərpa etdik. Biz Ermənistana sülh təklif etmişik. Bir sözlə, sülh artıq reallıqdır. Lakin biz onu gücləndirmək, uzunmüddətli və əbədi etmək üçün ürəkdən çalışmalıyıq. Əlbəttə, biz Avropa Komissiyasının dəstəyini çox yüksək dəyərləndiririk.

Regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsi yeni əməkdaşlıq formatlarının yaradılmasında, eyni zamanda, mövcud əlaqələrin yeni prioritetlər üzrə inkişaf etdirilməsində əhəmiyyətli rol oynayır. Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatında vurğuladı ki, Bakıya qayıtmaq xoşdur. Bu, möhtəşəm şəhərdir, burada zəngin və qədim irs cazibəli müasir memarlıqla qovuşur. Bu, bu gün gördüyümüz Azərbaycanın gələcəyə yönəlmiş planlarının təzahürüdür. Bu gün mən Avropa İttifaqı üçün olduqca əhəmiyyətli tərəfdaşlığı dərinləşdirmək məqsədilə buradayam. Bu tərəfdaşlıq Prezidentin indicə təsvir etdiyi kimi real təkana malikdir: “Lakin ilk növbədə, icazə verin, bu regionda bir neçə onilliklər baxımından baş vermiş ən mühüm hadisəyə istinad edim. Sülh. İcazə verin, Ermənistanla tarixi sülh müqaviləsini başlatmağınız münasibətilə Sizi təbrik edim. Siz regionda sülhün və əməkdaşlığın təşviq olunmasında şəxsi liderlik keyfiyyətlərini nümayiş etdirdiniz. Bu, sabitlik, etimad və ortaq rifah üçün yeni imkanlar yaradır. Avropa İttifaqı bu prosesi qəti şəkildə dəstəkləyir. Biz bunu davam etdirəcəyik. Biz kağız üzərində sülhü birlikdə real sülhə çevirə bilərik. Məhz buna görə biz bu gün burada birlikdə çalışırıq”.