Xəbərlər
Münasibətlərimizin çox mühüm mərhələsindəyik
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə işgüzar səfəri bütün bu məqamlara işıq saldı. Bir daha təsdiqləndi ki, ölkəmiz Avropa İttifaqı üçün etibarlı tərəfdaş, regional sabitliyin əsas təminatçılarından biridir. Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatında bildirdi ki, Bakıya qayıtmaq xoşdur. Bu, möhtəşəm şəhərdir, burada zəngin və qədim irs cazibəli müasir memarlıqla qovuşur. Bu, bu gün gördüyümüz Azərbaycanın gələcəyə yönəlmiş planlarının təzahürüdür. Bu gün mən Avropa İttifaqı üçün olduqca əhəmiyyətli tərəfdaşlığı dərinləşdirmək məqsədilə buradayam. Bu tərəfdaşlıq Prezidentin indicə təsvir etdiyi kimi real təkana malikdir: “Lakin ilk növbədə, icazə verin, bu regionda bir neçə onilliklər baxımından baş vermiş ən mühüm hadisəyə istinad edim. Sülh. İcazə verin, Ermənistanla tarixi sülh müqaviləsini başlatmağınız münasibətilə Sizi təbrik edim. Siz regionda sülhün və əməkdaşlığın təşviq olunmasında şəxsi liderlik keyfiyyətlərini nümayiş etdirdiniz. Bu, sabitlik, etimad və ortaq rifah üçün yeni imkanlar yaradır. Avropa İttifaqı bu prosesi qəti şəkildə dəstəkləyir. Biz bunu davam etdirəcəyik. Biz kağız üzərində sülhü birlikdə real sülhə çevirə bilərik. Məhz buna görə biz bu gün burada birlikdə çalışırıq”.
Cari il ərzində Avropa İttifaqının rəhbərlərinin Azərbaycana ardıcıl səfərləri münasibətlərimizin hazırkı inkişaf səviyyəsinin göstəricilərindən biridir. Cənab İlham Əliyev mətbuata bəyanatında qeyd etdi ki, Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik. Bu ilin martında biz Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanı, sonra may ayında isə Avropa diplomatiyasının rəhbəri xanım Kallası qəbul etdik. Bu gün isə Avropa Komissiyasının Prezidenti bizimlədir. Əməkdaşlığımız müsbət mənada sürətlə inkişaf edir. Əməkdaşlığımızı genişləndirmək və tərəfdaşlığımızı gücləndirmək məqsədilə hər iki tərəfin qarşılıqlı iradəsini əks etdirən münasibətlərimizdə görünməmiş dinamika müşahidə olunur: “Biz Avropa Komissiyası ilə münasibətləri yüksək dəyərləndiririk. Bu gün xanım Prezident və nümayəndə heyətləri ilə birgə çox böyük təəssürat bağışlayan gündəliyi geniş şəkildə müzakirə etdik”.
Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Regionda ticarətin təxminən 70 faizi Azərbaycanla aparılır. Enerji sahəsində əməkdaşlığa diqqəti yönəldən cənab İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana dörd il əvvəlki səfərini xatırladaraq bildirdi ki, biz enerji sahəsində Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumunu imzaladıq və həmin vaxtdan etibarən Avropa İttifaqının üzv dövlətlərinə Azərbaycanın təbii qaz ixracı təxminən 65 faiz artmışdır. Bu gün qaz ixracımızın yarısı Avropa İttifaqının üzv dövlətlərinə gedir və bütövlükdə, Avropa İttifaqının 10 üzvü Azərbaycan qazını alır, bu coğrafiyanı genişləndirmək potensialı da mövcuddur.
Hazırda əməkdaşlıq yalnız enerji sektoru ilə məhdudlaşmır. Siyasi dialoq, ticarət, nəqliyyat-logistika, rəqəmsal transformasiya, yaşıl enerji, regional təhlükəsizlik və postmünaqişə dövründə əməkdaşlıq artıq tərəfdaşlığın əsas istiqamətlərinə çevrilib. Azərbaycan-Avropa İttifaqı münasibətlərinin sistemli və uzunmüddətli xarakter aldığını göstərir. Cənab İlham Əliyev mətbuata bəyanatında regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan addımlardan bəhs edərək bildirdi ki, sülhü təkcə kağız üzərində deyil, gündəlik həyatda hiss etdiyimizi nümayiş etdirmək üçün bir çox birtərəfli addımlar atdıq. Azərbaycan öz ərazisi ilə Ermənistana daşınan yüklərin tranzitinə bütün məhdudiyyətləri aradan qaldırıb. Həmin məhdudiyyətlər beynəlxalq səviyyədə tanınmış ərazilərimizin Ermənistan tərəfindən işğalı səbəbindən tətbiq edilmişdi. Biz, həmçinin çox mühüm yanacağı, xüsusən də benzin və dizeli Ermənistana təchiz etməyə başlamışıq. Bu günün geosiyasi vəziyyətinə gəldikdə, onun əhəmiyyəti heç zaman olmadığı qədər daha da artır. Sülh artıq reallıqdır. Lakin biz onu gücləndirmək, uzunmüddətli və əbədi etmək üçün ürəkdən çalışmalıyıq. Əlbəttə, Avropa Komissiyasının dəstəyini çox yüksək dəyərləndiririk.
