Xəbərlər
Ağdaşda Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatında 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, onun əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov bildirib ki, Azərbaycanda peşəkar və nizami ordu quruculuğunun möhkəm təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. O qeyd edib ki, Ulu Öndər hələ sovet dövründə milli hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirərək Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasına nail olub. Bu mühüm addım gələcək müstəqil Azərbaycanın peşəkar hərbi kadr potensialının formalaşmasında əhəmiyyətli rol oynayıb.
Əlişah Rəcəbov vurğulayıb ki, müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi qeyri-sabitlik və xaos şəraitində hakimiyyətə qayıdan Heydər Əliyev qısa müddətdə vahid komandanlığa əsaslanan nizami ordu quruculuğunu təmin edib. Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, hərbi qulluqçuların peşəkarlığının artırılması və döyüş hazırlığının yüksəldilməsi dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib.
Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Novruzova qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Onun sözlərinə görə, ölkənin iqtisadi imkanlarının artması müdafiə və təhlükəsizlik sahəsinin daha da gücləndirilməsinə şərait yaradıb, ordunun maddi-texniki bazası müasir silah və texnologiyalar hesabına əhəmiyyətli dərəcədə möhkəmləndirilib.
Tədbirdə çıxış edən müharibə veteranları İsmayıl Xuduyev, İlham Beydullayev və Şahin Məmmədov Azərbaycan Ordusunun döyüş qabiliyyəti, qəhrəmanlığı və qazandığı tarixi zəfərlərdən danışıblar. Çıxışlarda bildirilib ki, Vətən müharibəsində nümayiş etdirilən yüksək peşəkarlıq və uğurlu hərbi əməliyyatlar beynəlxalq hərbi ekspertlərin diqqət mərkəzindədir. Xüsusilə Şuşa əməliyyatı müasir hərb tarixinin ən uğurlu nümunələrindən biri kimi qiymətləndirilir.
Qeyd olunub ki, işğaldan azad edilmiş torpaqlarımızda, o cümlədən Şuşa və Xankəndidə dalğalanan üçrəngli Dövlət Bayrağı Azərbaycan Ordusunun qüdrətinin, xalqımızın birliyinin və dövlətimizin gücünün parlaq təcəssümüdür.
