YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncə Memorial Kompleksinə ziyarət təşkil olunub

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı tərəfindən 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Gəncə Memorial Kompleksinə ziyarət təşkil olunub.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Daha sonra iştirakçılar Memorial Kompleksin önünə gül dəstələri düzərək şəhidlərin xatirəsinə hörmətlərini ifadə ediblər.

Ziyarət zamanı iştirakçılara Ermənistan silahlı qüvvələrinin 2020-ci ilin oktyabr ayında Gəncə şəhərinə raket hücumları nəticəsində dinc əhali arasında törətdiyi ağır faciələr barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Gəncə Memorial Kompleksi həmin hücumlar nəticəsində həlak olmuş günahsız insanların xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılıb.

İştirakçılar Kompleksin tərkibində fəaliyyət göstərən muzeyi də ziyarət ediblər. Muzeyin “XX əsrin əvvəli”, “Deportasiya və məcburi köçkünlük”, “Soyqırımı və kütləvi qırğınlar”, “Atəşkəs və Vətən müharibəsi dövrü”, “İtkin düşənlər, kütləvi məzarlıqlar, mina terroru” və “İşıqlı gələcəyə doğru” mövzularına həsr olunmuş ekspozisiya zalları ilə tanış olublar. Burada nümayiş etdirilən arxiv materialları, tarixi sənədlər və dağıdılmış mədəni irs nümunələri haqqında geniş məlumat təqdim edilib.

Bildirilib ki, muzeyin ayrıca bölməsi atəşkəs dövründə, Vətən müharibəsi zamanı və sonrakı mərhələdə mülki əhalinin məqsədli şəkildə hədəfə alınması faktlarını əks etdirir. Ziyarətçilər 44 günlük Vətən müharibəsi dövründə cəbhə bölgəsindən uzaqda yaşayan sakinlərin, o cümlədən uşaqların üzləşdiyi faciələr, verilən itkilər, eləcə də dövlət-xalq-ordu birliyinin gücü barədə məlumatlandırılıblar.

Ekspozisiyanın son hissəsində isə uzun illər davam edən haqsızlıqlara baxmayaraq mübarizə əzmini qoruyub saxlayan Azərbaycan xalqının qələbə ruhu, milli həmrəyliyi və gələcəyə inamı əks etdirilib.

Çıxış edənlər vurğulayıblar ki, Gəncə Memorial Kompleksi xalqımızın yaddaşında silinməz iz qoymuş hadisələrin gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayan tarixi məkanlardan biridir. Qeyd olunub ki, Azərbaycanın şanlı Zəfər salnaməsi Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində yazılıb.

DİGƏR Xəbərlər Arxiv