YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Silahlı Qüvvələrimiz - Milli Qürurumuz”

Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatı tərəfindən 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş “Silahlı Qüvvələrimiz - Milli Qürurumuz” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov çıxış edərək bildirib ki, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində ordu quruculuğu hər zaman xüsusi əhəmiyyət daşıyıb. O qeyd edib ki, 26 İyun - Silahlı Qüvvələr Günü təkcə hərbi sistemin deyil, bütövlükdə dövlət müstəqilliyinin, suverenliyin, xalqın təhlükəsizliyinin və milli birliyinin rəmzidir.

Ayaz Cəbrayılov vurğulayıb ki, müasir Azərbaycan Ordusunun inkişaf tarixi Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Onun 1969-cu ildə respublika rəhbərliyinə gəlişindən sonra ölkədə hərbi quruculuq sahəsində mühüm irəliləyişlər əldə olunub, azərbaycanlı gənclərin SSRİ-nin nüfuzlu ali hərbi məktəblərində təhsil almasına geniş imkanlar yaradılıb. Bu siyasətin davamı olaraq, 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Lisey təsis edilib.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu yeni inkişaf mərhələsinə qədəm qoyub. 1994-cü ildə Ermənistanla atəşkəsin əldə olunması ilə paralel olaraq, peşəkar və nizami ordunun formalaşdırılması istiqamətində mühüm addımlar atılıb.

Bildirilib ki, bu gün Ümummilli Liderin müəyyən etdiyi strateji kurs Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi, hərbi qulluqçuların peşəkarlığının artırılması və ordunun müasir silahlarla təchiz olunması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər nəticəsində Azərbaycan Ordusu dünyanın güclü orduları sırasında yer alıb. Məhz bu qüdrət sayəsində torpaqlarımızın 30 ilə yaxın davam edən işğalına 44 günlük Vətən müharibəsində son qoyulub.

Tədbirdə N saylı hərbi hissənin zabiti, kapitan Hüseyn Oruczadə, şəhid anaları Simuzər Bağıyeva, Kifayət Məmmədova və Yeganə Ədilova, ərazi partiya təşkilatının sədri, ehtiyatda olan mayor Əli Abdurahmanov, həmçinin ehtiyatda olan zabit Azad Cəfərov çıxış edərək Azərbaycan Ordusunun peşəkarlığı, yüksək döyüş hazırlığı və müasir imkanları ilə ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün etibarlı təminatçısı olduğunu vurğulayıblar. Bildirilib ki, ordumuzun qazandığı qələbələr hər bir Azərbaycan vətəndaşında qürur hissi yaradır. Minlərlə şəhidimizin qisasını döyüş meydanında alan, Vətənimizin müdafiəsini təmin edən və xalqımıza qalibiyyət sevincini yaşadan Azərbaycan Ordusu bu gün hər bir vətəndaşın fəxarət mənbəyidir.