Xəbərlər
Silahlı Qüvvələr Günü Göyçayda da qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Göyçay rayon təşkilatında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə “Zəfər yazan Ordunun şanlı yolu” adlı tədbir keçirilib.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov iştirakçıları 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edərək, bu əlamətdar günün Azərbaycan dövlətçiliyi və xalqımız üçün mühüm əhəmiyyət daşıdığını bildirib.
Sahib Şükürov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun sözlərinə görə, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilib, 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib.
Daha sonra çıxış edən partiya veteranı Eldəniz Məmmədov, Rayon Ağsaqqallar Şurasının sədri Nazir Əhmədov, Göyçay şəhər 1 nömrəli tam orta məktəbin çağırışaqədərki hazırlıq rəhbəri Zəfər Əliyev, Vətən müharibəsi iştirakçıları Bayram Vəliyev, Famil Nəsirov, Samir Süleymanov və digər natiqlər Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yolundan, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu strategiyasından və bu siyasətin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs ediblər.
Tədbirin sonunda Vətən müharibəsi iştirakçılarına, həmçinin “Şahin” hərbi-idman oyunlarının qalibi olan Göyçay şəhər Rəsul Rza adına 1 nömrəli tam orta məktəbin komandasının kapitanı Şahlar Məmmədova və onun müəllimi Zəfər Əliyevə fəxri fərmanlar və xatirə hədiyyələri təqdim edilib.
