Xəbərlər
“Narkomaniya ilə mübarizə sağlam gələcəyin təminatıdır”
26 İyun - Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatı tərəfindən “Narkomaniya ilə mübarizə sağlam gələcəyin təminatıdır” mövzusunda tədbir keçirilib.
Əvvəlcə narkomaniyanın fəsadları və onun insan sağlamlığına zərərli təsirləri barədə videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev bildirib ki, ölkəmizdə insan amilinin dövlət siyasətinin əsasını təşkil etməsi və vətəndaşların sağlamlığının qorunmasının prioritet vəzifələrdən biri kimi müəyyənləşdirilməsi narkomaniya ilə mübarizə sahəsində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsini zəruri edib. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 26 avqust 1996-cı il tarixində imzaladığı “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” Fərman bu istiqamətdə aparılan fəaliyyətin hüquqi və institusional əsaslarını daha da möhkəmləndirib, narkomaniya ilə mübarizədə yeni mərhələnin başlanmasına zəmin yaradıb.
İlkin Əliyev vurğulayıb ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi, profilaktik tədbirlərin genişləndirilməsi və əhalinin, xüsusilə gənclərin maarifləndirilməsi istiqamətində mühüm dövlət proqramları və normativ-hüquqi sənədlər qəbul olunur. Bu tədbirlər aidiyyəti qurumlar arasında əməkdaşlığın möhkəmləndirilməsinə, narkomaniyanın yayılmasının qarşısının alınmasına və sağlam cəmiyyətin formalaşmasına mühüm töhfə verir.
Tədbirdə Zərdab Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Sevinc Məmmədova, Zərdab Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun baş əməliyyat müvəkkili, polis baş leytenantı Kamran Ağabalazadə və Zərdab Gənclər Evinin direktoru İlqar İsayev çıxış edərək narkomaniyanın yaratdığı ağır sosial və mənəvi fəsadlardan, insan sağlamlığına, psixoloji durumuna və həyat keyfiyyətinə mənfi təsirlərindən ətraflı bəhs ediblər.
Çıxışlarda qeyd olunub ki, narkotik vasitələrdən istifadə insanların fiziki və mənəvi sağlamlığını ciddi təhlükə altına salmaqla yanaşı, ailə münasibətlərinin pozulmasına, cinayətkarlığın artmasına və cəmiyyətin sosial rifahına mənfi təsir göstərir. Natiqlər xüsusilə gənclərin bu təhlükəli vərdişdən qorunmasının vacibliyini vurğulayaraq, narkomaniyaya qarşı mübarizədə maarifləndirmə tədbirlərinin genişləndirilməsinin, sağlam həyat tərzinin təbliğinin və ictimai həmrəyliyin əhəmiyyətini diqqətə çatdırıblar.
Tədbir çərçivəsində mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunan şəxslərə üzvlük vəsiqələri təqdim edilib, bir qrup partiya fəalına hədiyyələr verilib.
