Xəbərlər
Müzəffər ordu: dövlət quruculuğunun tarixi nailiyyəti
Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi 1918-ci il iyunun 26-na təsadüf edir. Həmin gün Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk milli hərbi hissə Əlahiddə Azərbaycan Korpusu yaradılmışdır. Bu hadisə milli ordunun formalaşmasının başlanğıcı kimi tarixə düşmüşdür. Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində mövcud olsa da, milli dövlətçilik ənənələrinin və peşəkar ordu quruculuğunun əsasını qoymuşdur. Sonrakı dövrlərdə ölkənin Sovet İttifaqının tərkibinə daxil olması səbəbindən milli ordu quruculuğu prosesi dayansa da, müstəqilliyin bərpasından sonra bu istiqamətdə mühüm addımlar atılmışdır.1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə milli ordunun yenidən formalaşdırılmasına başlanıldı. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordu quruculuğu dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrildi.Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə imzalanmış sərəncama əsasən, 26 iyun tarixi rəsmi olaraq Silahlı Qüvvələr Günü elan edildi.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verib, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaradıb. Hələ 1971-ci ildə Ulu Öndər Heydər Əliyevin böyük zəhmətləri hesabına Azərbaycanda hərbi kadrlar hazırlayan və görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi lisey yaradılıb. Ümummilli Lider azərbaycanlı zabit kadrların hazırlanması və gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması və hətta SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması üçün əlindən gələni edib. Dövlət müstəqilliyinin ilk illərindəki mürəkkəb geosiyasi və daxili vəziyyət fonunda nizami ordu quruculuğu zəruri və təxirəsalınmaz vəzifə kimi qarşıda dururdu. Məhz Heydər Əliyevin qətiyyətli siyasi iradəsi, strateji baxışları və praktiki tədbirləri nəticəsində Azərbaycanın Silahlı Qüvvələrinin inkişafında dönüş yaranıb.
Müstəqilliyin ilk illərində Azərbaycan Ordusu bir sıra çətinliklərlə üzləşmişdi. Hərbi kadr çatışmazlığı, texniki təminatın zəifliyi və ölkədəki siyasi qeyri-sabitlik ordunun formalaşmasına mənfi təsir göstərirdi. Lakin həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində Silahlı Qüvvələr qısa müddətdə güclü və peşəkar bir quruma çevrildi. Son illərdə Azərbaycan Ordusunun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, müasir silah və hərbi texnika ilə təmin olunmuşdur. Hərbi təhsil sistemi inkişaf etdirilmiş, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində mühüm addımlar atılmışdır. Müxtəlif ölkələrlə hərbi əməkdaşlıq əlaqələrinin genişlənməsi də ordunun peşəkarlığının artırılmasına töhfə vermişdir.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin müasir mərhələdə inkişafı və gücləndirilməsi istiqamətində görülən işlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi strategiya həlledici rol oynayıb. Ordu quruculuğu, hərbi-texniki modernləşmə, beynəlxalq hərbi əməkdaşlıq, milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi və regionda hərbi üstünlüyün təmin olunması istiqamətində atılan addımlar ölkənin strateji maraqlarına cavab verib və milli müdafiə qabiliyyətinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini təmin edib.2020-ci ilin sentyabr ayında başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri yüksək peşəkarlıq, müasir hərbi taktika və böyük döyüş ruhu nümayiş etdirərək tarixi Zəfərə imza atdı. İşğal altında olan bir çox şəhər və rayonlar azad edildi, ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm nailiyyətlər əldə olundu. Bu qələbə Azərbaycan əsgərinin və zabitinin fədakarlığının, xalq-ordu birliyinin və dövlətin həyata keçirdiyi uğurlu ordu quruculuğu siyasətinin nəticəsi idi.
26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycan xalqının qürurla qeyd etdiyi əlamətdar bayramlardan biridir. Bu gün milli ordumuzun keçdiyi şərəfli yolu, qazandığı uğurları və ölkəmizin təhlükəsizliyinin təmin olunmasındakı mühüm rolunu xatırladır. Güclü ordu müstəqil dövlətin əsas dayağıdır və Azərbaycan Silahlı Qüvvələri bu gün regionun ən qüdrətli ordularından biri kimi ölkəmizin müdafiəsini layiqincə təmin edir.Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbi qulluqçularımıza, veteranlarımıza və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramımızı bildiririk.
