YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Türkmənistan münasibətləri: sabitlik, təhlükəsizlik və dayanıqlı inkişaf

Anar Məmmədov

Milli Məclisin deputatı

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri və dövlətimizin başçısı İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi fikirlər iki qardaş ölkə arasındakı münasibətlərin sadəcə diplomatik əlaqələrdən ibarət olmadığını, dərin mənəvi, tarixi və strateji təməllərə söykəndiyini növbəti dəfə bütün dünyaya nümayiş etdirdi. Bu bəyanat Azərbaycan və Türkmənistanın həm regional liderlər, həm də qlobal miqyasda mühüm geoiqtisadi aktora çevrildiyinin rəsmi təsdiqidir.

Türkmənistanın Ümummilli Lideri, Arkadağ Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində məscidin tikintisinə başlanılması sadəcə bir infrastruktur layihəsi deyil. Bu, qardaş türkmən xalqının Azərbaycanın haqq işinə, onun mədəni-dini irsinin bərpasına verdiyi səmimi və dostcasına dəstəyin ən ali rəmzidir. Bakı və Aşqabad, Arkadağ və Füzuli şəhərlərinin qardaşlaşması bu birliyin inzibati və mənəvi çərçivəsini tamamlayır. Cari ayda həm Aşqabadda, həm də Arkadağda keçirilən Azərbaycan Mədəniyyəti Günləri xalqlarımızın mənəvi olaraq bir-birinə nə qədər yaxın olduğunu yenidən sübut etdi.

Türkmənistanın fəal dəstəyi ilə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsi regionun geosiyasi arxitekturasını dəyişən tarixi bir hadisədir. Coğrafi baxımdan bu bölgəyə aid olmasaq da, Azərbaycan mənəvi, tarixi və ən əsası nəqliyyat-logistika imkanları ilə Mərkəzi Asiyanın ayrılmaz bir parçasına çevrilib. Bu gün Bakı və Aşqabad böyük Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi bölgə kimi qəbul edilməsi üçün real ilkin şərtlər və yeni reallıqlar yaradır.

​Dünyada təhlükəsiz və etibarlı tranzit marşrutlarına ehtiyacın pik həddə çatdığı bir dövrdə, Azərbaycan və Türkmənistanın formalaşdırdığı nəqliyyat dəhlizləri geniş bir coğrafiya üçün strateji əhəmiyyət kəsb edir. Cənab Prezidentin də qeyd etdiyi kimi, “Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi”. İki ölkə rəhbərliyinin güclü siyasi iradəsi sayəsində Xəzər dənizi üzərindən keçən yük axınlarının artırılması və üçüncü ölkələrin bu marşrutlara cəlb edilməsi istiqamətində əldə olunan razılıq hər iki dövlətin qlobal logistika xəritəsindəki mövqeyini sarsılmaz edir. Gələn ay keçiriləcək Hökumətlərarası Komissiyanın iclası bu tapşırıqların icrası üçün konkret fəaliyyət planı olacaqdır.

Zəngin faydalı qazıntılara və karbohidrogen ehtiyatlarına malik olan Azərbaycan və Türkmənistan enerji sahəsində rəqib deyil, tərəfdaş kimi çıxış edirlər. Səylərin birləşdirilməsi hər iki ölkənin iqtisadi suverenliyini gücləndirir. Eyni zamanda, Azərbaycan Türkmənistanın dünyada geniş ictimai dəstək qazanmış neytrallıq siyasətini hər zaman yüksək qiymətləndirir və dəstəkləyir.

​Beləliklə, Prezident İlham Əliyevin bəyanatı bir daha göstərdi ki, Azərbaycan-Türkmənistan münasibətləri qızıl dövrünü yaşayır. Bu tərəfdaşlıq təkcə iki ölkənin rifahına deyil, bütövlükdə Avrasiya məkanında sabitliyə, təhlükəsizliyə və dayanıqlı iqtisadi inkişafa xidmət edir.

DİGƏR Xəbərlər Arxiv