YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Helsinki Komissiyasının sənədini tam qərəzli hesab edirik

"Helsinki Komissiyasının Konqresə təqdim etdiyi qanun layihəsində Azərbaycanda dini sahə ilə bağlı irəli sürülən əsassız fikirləri təkzib edən sübutlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən ABŞ-ın Azərbaycandakı səfirliyi vasitəsi ilə ABŞ Konqresinə çatdırılacaq”.

Bunu bu gün jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

M.Qurbanlı deyib ki, Helsinki Komissiyasının Konqresə təqdim etdiyi qanun layihəsində gülməli məqamlar var: “Guya Azərbaycanda babtistlərə, protestantlara qarşı hansısa ayrı-seçkilik var, məhdudlaşdırma həyata keçirilib. Bu absurd və gülünc fikirlərdir. Bu barədə fikirlərimizi iki gün əvvəl bizimlə görüşdə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutaya da çatdırdım və müvafiq sənədləri də təqdim etdim. Göstərdik ki, Azərbaycanda babtistlərin, protestantların, lüterantların ayrıca icmaları var. Bütövlükdə xristian dininə aid bütün cərəyanların, təriqətlərin icmaları Azərbaycanda azad şəkildə fəaliyyət göstərir. Yalnız o icmalara icazə vermirik ki, radikal xarakterlidirlər və provaslav və katolik kilsələri öz ölkələrində onlara icazə vermirlər".

Komitə sədri qeyd edib ki, layihədə Yeqova şahidlərinin də adı çəkilir: "Yeqova şahidlərinin Azərbaycanda icması da, fəaliyyəti də var. Xristian icmaları içərisində Azərbaycana ən çox kitab idxal edən də bu icmadır. O kitabların yayılmasını qadağan etmişik ki, onlar bütövlükdə xristian dünyasında qadağan edilib. Bildirdim ki, bu kitabları Fransada, İtaliyada, Almaniyada, Böyük Britaniyada yayılmağa qoymurlarsa, Azərbaycan da bunu edir. Ona görə də Helsinki Komissiyasının sənədini tam qərəzli hesab edirik".

M.Qurbanlı sonra deyib ki, Helsinki Komissiyasının layihəsinin indiki şəraitdə ortaya çıxması təxribat xarakterlidir və Konqresdə dəstəklənəcəyinə inanmıram: "İnanmıram ki, konqresmenlər belə bir qərəzli sənədə səs vermiş olsunlar, ABŞ hökuməti də bu sənədin həyata keçməsinə şərait yaratsın. Sadəcə, belə bir sənədin ortada olması və müzakirəyə çıxarılması təxribat xarakterli bir hərəkətdir. Helsinki Komissiyasında Kristofer Smit adlı ermənipərəst konqresmenin fəallığı ilə bu sənəd ortaya çıxıb. Biz bu layihənin əsassız və qərəzli olduğunu ABŞ ictimaiyyətinə çatdırmalıyıq. Bizim sahə üzrə məsələləri biz faktiki olaraq ABŞ səfirliyi vasitəsi ilə Konqresə çatdırmışıq və bundan sonra da müəyyən sənədləri göndərərək dinlə bağlı göstərilən məqamların doğru olmadığını bildirəcəyik”.

 

DİGƏR Xəbərlər Arxiv